Əlaqə Arxiv
news Image
2014.10.24
13:00
| A A A
İsrafçılıq edən toyxanaları cəza gözləyir
Abbas Əliyev: “Restoranlarda istehlakçıların hüquqlarını pozanlara qarşı ilk növbədə xəbərdarlıq, daha sonra isə cərimə də nəzərdə tutulub” Musa Quliyev: “Şadlıq evində toy edən insan qonağını hansı təama qonaq edəcəyini özü müəyyənləşdirməlidir”

Son günlər toylarda israfçılıqla mübarizə ilə bağlı kampaniyalar başladılıb. El şənliklərində şadlıq evləri  sahiblərinin müştərilərin hüquqlarını pozması,  toy sahibinə öz menyusunu diktə etməsi halları ilə mübarizəyə artıq rəsmi dövlət qurumlarından da dəstək gəlib. Dünən İqtisadiyyat və Sənaye Nazirliyi müxtəlif məclislər, toy və ad günü mərasimləri keçirənlərə xəbərdarlıq edib. Xəbərdarlıqda bildirilir ki, məclislərin təşkili zamanı hüquqlarınızı pozan, o cümlədən istehlakçını əlavə çeşiddə mal və ya xidmət almağa məcbur etməyə cəhd edən şadlıq evləri barədə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (ASİHMDX) edilən müraciətlə bağlı tədbirlər görüləcək. Movqe.az sözügedən tədbirlərin nədən ibarət olacağını araşdırıb. İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev  bildirib ki, ASİHMDX cəzalar baş verən qanun pozuntusu ilə əlaqədar dəyişir. A. Əliyevin sözlərinə görə, qanun pozuntusundan asılı olaraq vəzifəli şəxsləri 1000-2000, hüquqi şəxsləri isə 4000-5000 manat arası cərimə gözləyə bilər. A. Əliyev deyib ki, restoranlarda istehlakçıların hüquqlarını pozanlara qarşı ilk növbədə xəbərdarlıq, daha sonra isə cərimə də nəzərdə tutulub: "Amma bu barədə  istehlakçılar ASİHMDX-ə müraciət etməlidirlər ki, qanunu pozan restoran sahiblərinə qarşı qanunvericiliyə müvafiq tədbir görülsün. Şadlıq evinin sahibi heç bir halda müştərini onun təqdim etdiyi menyu ilə razılaşmağa məcbur edə bilməz. Yaxud da müştərinin menyudan hansısa qəlyanaltını çıxartmasına etiraz edə bilməz. Belə hala istehlakçı ASİHMDX-ə müraciət edərsə, bu barədə sahibkara əvvəlcə xəbərdarlıq, məhəl qoymazsa cərimə tətbiq ediləcək".

Elə millət vəkili, Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev də bu cür hallarla mübarizə aparmağın vacib olduğunu söyləyir. Onun sözlərinə görə, yas və toy məclislərini qanunla tənzimləmək mümkün olmasa da, bu məclislərdə istehlakçıların hüquqlarının qorunması vacibdir. Şadlıq evində toy edən insan qonağını hansı təama qonaq edəcəyini özü müəyyənləşdirməlidir. Restoran sahibi sadəcə menyuda nələrin olduğunu müştəriyə təqdim edə bilər. Müştərinin o menyuda dəyişiklik etmək öz hüququdur".

Millət vəkilləri deyir ki, ona görə də, müştərilə öz hüquqlarını bilməli, qanunla bunu təəb etməlidirlər. Çünki, restoranların təqdim etdiyi menyu israfçılıqla nəticələnir.   

Qeyd edək ki, Nazirliyin yaydığı məlumatda da bildirilir ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, istehlakçıların malları və xidmətləri sərbəst seçmək, keyfiyyətli və təhlükəsiz mallar və xidmətlər almaq, almaq istədiyi mallar və xidmətlər barədə dolğun və düzgün məlumat əldə etmək və s. hüquqları var. Qanuna əsasən, istehlakçını keyfiyyətsiz və ya ona lazım olmayan çeşidli mal almağa və xidmət göstərilməsinə məcbur etmək qadağandır. İstehlakçıya hər hansı bir mal və xidmətin satışı digər mal və xidmətin alınması ilə şərtləndirilə bilməz. İstehlakçı satıcının süni surətdə yaratdığı dəstdən ona lazım olan malı almaq hüququna malikdir. Şənlik məclisi təşkil etmək istəyənlərə hüquqlarının qorunması üçün aşağıda qeyd olunanlara diqqət yetirmələri tövsiyə olunur: 

 Məclislərin keçirilməsi üçün şadlıq evinə sifariş verilməzdən əvvəl obyektin vəzifəli şəxsi tərəfindən təsdiq edilmiş və göstərilən xidmətlərin adları, xassələri, qiymətləri və digər şərtləri əks olunmuş qiymət cədvəllərinin (menyunun) təqdim olunmasına;

- qonaqlara təqdim etmək istədiyiniz yeməklərin, alkoqollu və sərinləşdirici içkilərin, desertlərin və s. siyahısına yalnız müəyyən etdiyiniz malların daxil edilməsinə;

- Məclisdə səsləndirmək istədiyiniz musiqi, əyləncəli proqramlar, rəqs nömrələri, kəbin kəsilməsi və s. xidmətlərin siyahısının yalnız müəyyən etdiyiniz xidmətlərdən ibarət olmasına;

- Məclisdə qonaqlara təqdim etmək istədiyiniz yeməklərin, alkoqollu və sərinləşdirici içkilərin, desertlərin və göstəriləcək xidmətlərin və s. konkret adı, miqdarı, qiyməti və s. əks olunmuş müqavilə bağlanılmasına;

 

- göstərilmiş xidmət müqabilində ödədiyiniz məbləği təsdiq edən ödəniş sənədlərinin (kassa çeki, qəbz) ödəniş edildikdən dərhal sonra təqdim olunmasına.

 

Məclislərin təşkili zamanı hüquqlarınızı pozan, o cümlədən sizi əlavə çeşiddə mal və ya xidmət almağa məcbur etməyə cəhd edən şadlıq evləri barədə 498-15-01 və ya 498-15-04 saylı telefonlarla İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və ya 195-2 telefon nömrəsi ilə Nazirliyin Telefon Məlumat Mərkəzinə müraciət etmək məsləhət görülür. 

 

Zülfiyyə QULUYEVA

Sizin Reklam Yeriniz