Əlaqə Arxiv
news Image
2014.10.24
13:30
| A A A
Banklara kredit borcuna görə görə canına qıyanlar...
Samir Əliyev: “Banklar kredit ayırarkən müştərinin ödəmə qabiliyyətini düzgün qiymətləndirməli, eyni zamanda kreditlərin faiz dərəcələrini aşağı salmalıdırlar ki, kredit borcuna görə, özünəqəsd halları baş verməsin” Dəyanət Rzayev: “Kredit borcuna görə canına qıyanlar əsasən mənliyi təhqiri qəbul etməyən insanlardır”

Azərbaycanda problemli kreditlərin həcminin artması bank kreditlərinə görə yaranan məhkəmə çəkişmələrinin sayını da artırır. Hətta banka kredit borcunu ödəyə bilmədiyinə görə, özünə qəsd edənlər də var. Belə bir hadisə bir neçə gün öncə Bərdə rayonunda qeydə alınıb. Banka kredit borcunu ödəyə bilməyən rayon sakini çıxış yolunu canına qıymaqda görüb.Movqe.az-a danışan mütəxəssislər də bu cür hadisələrin baş verməsinin banklara xəbərdarlıq siqnalı olmalı, xüsusilə istehlak kreditləri verərkən diqqətli olmalarını tələb etdiklərini syləyiblər. Elə iqtisadçı ekspert Samir Əliyev də  bankların müştərilərə kredit ayırarkən ödəmə qabiliyyətini düzgün qiymətləndirməli olduqlarını deyri: "İnsanlar banklardan krediti müxtəlif məqsədlərlə götürürlər. Dünyada insanlar kredit götürmələrinə görə, qruplara ayrılır. Biznes krediti götürənlər, ipoteka krediti götürənlər və sair. Azərbaycanda isə əhalinin əksəriyyəti banklara daha çox istehlak kreditləri üçün müraciət edir. Qeyd edim ki, istehlak krediti əsasən həyat səviyyəsini daha yaxşılaşdırmaq üçün götürülən kredit hesab olunur. Çox təəssüf ki, bizdə insanlar istehlak kreditini həyat səviyyələrini daha da yaxşılaşdırmaq üçün deyil, yaranmış borclarını ödəmək, hər hansı problemdən yaxa qurtarmaq üçün götürülər. Bu da nəticədə insanları bataqlıqdan çıxmaq istəyərkən uçuruma yuvarlayır. Yəni, bankdan pul götürüb digər banka borcunu ödəmək istəyərkən, daha da artıq borc altına girir. Bu halın ortaya çıxmasında təbii ki, bankların rolu böyükdür. Çünki, banklar müştərini düzgün qiymətləndirməyə çox vaxt meyilli olmurlar. Xarici ölkələrdə banka istehlak krediti üçün müraciət edən müştərinin gəlirləri dəqiq yoxlanılır. Bizdə isə banklar daha çox krediti ayırdıqdan sonra müştərinin yaxasına çöküb pulu tələb edirlər. Bu gün Azərbaycanda bankların çox yüksək faizlə kredit təklif etməsi isə yaranmış vəziyyəti daha da çətinləşdirir. Çarəsiz insanlar əliyandımda bankdan kredit götürüb bir problemini həll edərkən daha böyük problemə özlərini salırlar. Xüsusilə istehlak kreditlərinin faiz dərəcələri çox yüksək həddədir. Bu isə təbii olaraq problemli kredit həcminin artmasına səbəb olur. Ona görə də, banklar kredit ayırarkən müştərinin ödəmə qabiliyyətini düzgün qiymətləndirməli, eyni zamanda kreditlərin faiz dərəcələrini aşağı salmalıdırlar ki, kredit borcuna görə, özünəqəsd halları baş verməsin".

S. Əliyev deyir ki, yaranmış problemdən başqa çıxış yolu, bankların müştəridən aldıqları komisyon haqların bir hissəsini sığortaya yönəltməsindədir: "Bu gün banklar müştəridən tutduğu komisyon haqqın hamısını gəlir kimi özünə saxlayır. Ola bilər ki, bank əldə etdiyi komisyon haqqın bir hissəsini sığortaya ödəsin. Gələcəkdə kreditin ödənməsində problem olduqda, sığorta şirkəti həmin müştərinin kredit borcunun ödənilməsinə kömək etsin".

Psixoloq Dəyanət Rzayev isə banka kredit borcuna görə, canına qıyanların olmasını psixi gərginliklə əlaqələndirir. Psixoloq deyir ki, banka kredit borcunun müştərini ölüm həddinə çatdırmasında əsas günah bankların boynuna düşsə də, müştərilərin də səhvi bu məsələdə rol oynayır: "Azərbaycanda kredit faizləri çox yüksəkdir. Kreditlə  avtomobil alan insan bəzən iki avtomobilin pulunu ödəyir banka. Bankların gəlirini düzgün qiymətləndirməmiş müştərilərə kredit ayırması da bu cür problemlərə səbəb olur. Ən böyük problemləri isə istehlak kreditləri yaradır. İnsanlar maşın, ev təmiri, mebel almaq adı ilə bankdan kredit götürürlər. Bəzən bu krediti təyinatı üzrə deyil, müxtəlif cərrahi əməliyyatlara, borcların paylanılmasına sərf olunur. Sonra krediti ödəməyə maddi durumu imkan verməyən müştəri bankların təyziqi ilə üz-üzə qalır. Hər gün banklardan gələn təhqir dolu zənglərə cavab verməkdən xilas olmaq istəyənlər bu tənələrdən təşvişə düşüb intihara əl atırlar. Kredit borcuna görə canına qıyanlar əsasən mənliyi təhqiri qəbul etməyən insanlardır. Onlar çarəsizliyin yolunu özünəqəsd etməkdə görürlər".

Psixoloqun sözlərinə görə, kredit borclarına görə intiharların olmasında insanların "ayağını yorğanına görə uzatmaması" da rol oynayır. Onun sözlərinə görə, bəzən çox aşağı həddə maaşı olan insanın kreditlə bahalı mobil telefon, evi olmayan insanın belə bahalı avtomobil alması halları qeydə alınır ki, bu da nəticədə kredit borcuna görə intiharlara yol açır.

 

Sizin Reklam Yeriniz