Əlaqə Arxiv
news Image
2014.10.30
12:55
| A A A
Azərbaycanda sonsuzluğun sayını artıran cinsi yollardakı infeksiya
Leyla Məmmədova: Bu qanun layihəsinin qəbulunu gecikdirmək sonsuz ailələrin sayının günü-gündən artmasına gətirib çıxardır”

Ötən gün millət vəkili Qənirə Paşayeva Parlamentdə sonsuzluqladan əziyyət çəkən ailələrin problemlərini qaldırıb. Deputat bu ailələrin xahiş və təkliflərini səsləndirərək, həmin ailələrə övlad sahibi ola bilmələri üçün dövlət dəstəyinin göstərilməsinin vacibliyini deyib. Millət vəkili nikaha daxil olan şəxslər arasında sonsuzluq probleminin 10%-i artıq keçidiyini vurğulayaraq, parlamentdə təcili olaraq bu cür ailələrə dəstəyi nəzərdə tutan reproduktiv sağlamlıq haqqında qanun layihəsinin müzakirə və qəbuluna çağırıb.

Elə Elmi-Tədqiqat, Mamalıq və Ginekologiya İnstitutunun həkimi Leyla Məmmədova da, Movqe.az-a açıqlamasında bu qanun layihəsinin qəbulunu gecikdirməyin sonsuz ailələrin sayının günü-gündən artmasına gətirib çıxardığını söyləyib. "Movqe" qəzetinə danışan ginekoloq bildirib ki, qanunun qəbulu ilk növbədə yeni nəsildə sonsuzluq probleminin xeyli qarşısını alacaq: "Bu qanunun qəbulu olduqca zəruridir. Çünki, qanun layihəsində təkcə süni mayalanma nəzərdə tutulmayıb. Bu qanun layihəsində yeniyetmə dövrdə əhalinin həkim müayinəsindən keçirilərək sonsuzluğa səbəb olacaq xəstəliklərin erkən aşkarlanması kimi vacib məqam var. Hansı ki, yeniyetmə dövrdə əhalinin həkim müayinəsindən keçirilməsi gələcəkdə sonsuzluq təhlükəsi ilə qarşılaşan ailələrin sayını azalda bilər. Digər həssas məqam qanunun layihəsində ailə planlamasının, eləcə də maarifləndirmənin aparılmasıdır ki, bu məsələlər çox önəmlidir".

L. Məmmədova deyir ki, hazırda qaydaya əsasən ailə qurduqdan sonra bir il müddətində uşaq gözləməyən ailəyə sonsuzluq diaqnozu qoyulur: "Təbii ki, ailəni bu problemdən daha tez qurtarmağın yolu süni mayalanmadır. Amma süni mayalanma qərarı da dərhal verilmir. Müəyyən müalicə prosedurları effekt vermədikdə süni mayalanmaya üstünlük verilir. Çox təəssüf ki, Azərbaycanda uşaq dünyaya gəlməsi prosesi ləngiyən ailələr əsasən qadının müalicə və müayinə prosesinə cəlb olunmasına üstünlük verirlər. Halbuki Azərbaycanda kişi sonsuzluğunun statistikası qadın sonsuzluğunun statistikasından az deyil. Bu gün qadın sonsuzluğu 45 faiz təşkil edirsə, kişi sonsuzluğu 40 faizdir. Ailələrdə birgə sonsuzluq statistikası 15 faizdir".

Həmsöhbətimiz deyir ki, bu gün Azərbaycanda sonsuzluğunn ümumi səbəbləri arasında  əsasən cinsi yolların infeksiyası xəstəlikləri durur. Bu xəstəliklərin sırasına xlamidiya infeksiyası başçılıq edir. L. Məmmədova son illər Azərbaycanda sonsuzluğun cavanlaşmasının səbəbini isə erkən nikahlarla bağlayır. Onun sözlərinə görə, 15-16 yaşında qurulan ailələrdə qadınlar 18-19 yaşadək ana ola bilmədikdə sonsuzluğun statustikası cavanlaşır. Odur ki, L. Məmmədova reproduktiv sağlamlıq haqqında qanun layihəsinin vaxtında qəbul olunmasının sonsuzluqdan əziyyət çəkən ailələrin sayını azaldacağını bildirir.

Sizin Reklam Yeriniz