Əlaqə Arxiv
news Image
2014.10.31
12:00
| A A A
Dağlıq ərazilərdə yaşayış məntəqələrinin sakinləri təhlükə ilə üz-üz

Son günlər vəhşi heyanların, xüsusilə də canavarların yaşayış evlərinə hücumu hallarına tez-tez rast gəlinir. Ötən gün Ağdamın Mirəşelli kəndində canavar yaşayış evinə hücum edib.Kənd sakinlərindən biri yolda qarşısına çıxan yırtıcını avtomobillə vurmaq istəyib. Amma vəhşi heyvan yaxınlıqdakı həyətlərdən birinə soxulub. Bu zaman həyətə çıxan ev sahibi canavarın tövləyə girmək istədiyini görüb. Vəhşi heyvanın hücumuna məruz qalan Şükran Əliyev qonşuların köməyi ilə canavarı yaralayaraq tutub. Qeyd edək ki, analoji hadisə bir neçə gün əvvəl Cəlilabadda baş vermişdi. Həyətə soxulan canavar bir ailədən dörd nəfəri yaralamışdı. Bu faktlar bir dağlıq və meşəlik ərazilərə yaxın olan yaşayış məntəqələrinin sakinlərinin təhlükə ilə qarşı-qarşıya olduğunu göstərir. Bəs görəsən bu təhlükənin qarşısını hansı formada almaq mümkündür?

Qeyd edək ki, əvvəllər vəhşi heyvanların sayını tənzimləmək üçün müvafiq ov kvotası ayrılmışdı. Amma hazırki qanunvericiliklə vəhşi heyvanların, canavar və caqqalların belə ovlanması qadağandır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev Movqe.az-a açıqlamasında bildirib ki, qanunvericilik vəhşi heyvanların, eləcə də canavarların kortəbii ovlanmasını yasaqlayır: "Mümkün deyil ki, yaşayış məntəqələrinə yaxın yerlərdə canavarlar kütləvi şəkildə ovlansın. Unutmayaq ki, canavarlar təbiətin sanitarı sayılır. Ona görə də, mövcud şəraitdə ancaq çıxış yolu nazirliyin yerli ekologiya idarələrinə müraciətlərin edilməsindədir. Əgər təhlükə varsa, həmin idarələr tərəfindən həvəskar ovçular qrupu yaradılaraq canavarın ovlanması göstərişi verilir. Həmin heyvanın quduz olub-olmamasını müəyyən etmək üçün qrupa rayondan baytar həkim də daxil edilir".

Nazirlik səlahiyyətlisi deyir ki, bununla bağlı icra nümayəndəlikləri, bələdiyyələr də müraciət edə bilərlər: "Əsas odur ki, rəsmi müraciət olsun. Yalnız bundan sonra bizim tabeliyimizdə olan yerli ekologiya idarələri qruplar yaradaraq canavarların ovlanması üçün tədbirlər görə bilər".

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli isə deyir ki, canavarlarn ovlanması baytarlıq idarələrinin səlahiyyətində deyil: "Müraciət olduqda vəhşi heyvanlardan quduzluğa qarşı nümunələr götürülərək yoxlanılır".

Sizin Reklam Yeriniz