Əlaqə Arxiv
news Image
2014.11.04
07:22
| A A A
Avtomobillərə “ölüm açarları” quraşdırılacaq?!
Natiq Cəfərli: “Ən yaxşı üsul kredit dərəcələrinin aşağı salınmasıdır və buna imkan var” Azər Allahverənov: “Nəqliyyat vasitəsinin krediti ödənilmirsə, bank həmin nəqliyyat vasitəsi üzərində həbs qərarını tətbiq etmək imkanına malikdir”

ABŞ-da kreditlə aldığı avtomobilin aylıq ödənişini vaxtında ödəməmək sürücülərə indi daha baha başa gəlir. Belə ki, kredditə götürülən avtomobillər "ölüm açarları" ilə təchiz olunublar. "Ölüm açarları" mühafizə sistemlərində istifadə olunan bloklanma sistemini xatırladır. Borclanan şəxs kredit borcunu ödəmədiyi təqdirdə banklar bu cihaz vasitəsilə məsafədən avtomobillərin mühərrikini bloka salırlar. Məlumatlara görə, hazırda ABŞ-da kreditlə alınan 2 milyondan artıq avtomobilə "ölüm açarı" quraşdırılıb. Lakin banklar bu yola ən sonda əl atırlar. Belə ki, ödəniş ilk dəfə gecikdiriləndə bu sistem işıq və səs siqnalları vasitəsilə avtomobil sahiblərinə borcu ödəməli olduqları barədə xəbərdarlıq edir. Reaksiya gəlmədikdə isə, kreditor uzaq məsafədən mühərriki söndürə bilər.

Blokiratorlar istehsal edən IMETRIK şirkəti onların hazırladıqları cihazların yalnız avtomobil işlək vəziyyətdə olmadıqda işə düşüdüyünü qeyd edir. Cihaz təqribən 100 ABŞ dolları civarındadır. Təkcə ötən il şirkət 800 min belə cihaz satıb.

Problem ölkəmiz üçün də xarakterik olduğundan ilkin baxışda oxşar praktikanın bizdə də tətbiq edilməsi maraq kəsb edə bilər. Ancaq mütəxəssislər Azərbaycanda bu cür üsulun tətbiq edilməsinə fərqli yanaşır. Məsələn, iqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, belə radikal üsullardan istifadə etməkdənsə, illərlə oturuşmuş praktikadan istifadə daha yaxşıdır: "Yəni, ödənişi vaxtında həyata keçirməyən şəxsə xəbərdarlıq olunur. Xəbədarlıqdan sonra bank həmin şəxsi məhkəməyə verir. Ancaq məhkəmə qərarı olduqdan sonra kreditlə götürlmüş əşyanın, əmlakın hüququ yenidən banka qayıdaraq vətəndaşın əlindən alınır. Düzdür, "ölüm açarı" ideyası cəlbedici görünə bilər.

Lakin Azərbaycanda da belə radikal tədbirlərin həyata keçirilməsinə ehtiyac yoxdur. Bu, həm də bank üçün əlavə xərc deməkdir. Çünki, maşında həmin avadanlığın quraşdırılması bank tərəfindən həyata keçiriləcək. Ona görə də Azərbaycanda belə bir praktika haqqında heç müzakirə belə ola bilməz. Azərbaycanda bu problemin qarşısını almaq üçün daha başqa alətlər var. Bunun ən yaxşı üsulu kredit dərəcələrinin aşağı salınmasıdır və buna imkan var. Kredit dərəcələri aşağı salınarsa, vətəndaşların krediti ödəmə qabiliyyəti də yüksələcək. O zaman problemli kreditlərin həcmi azalacaq".

Nəqliyyat məsələləri üzrə ekspet Azər Allahverənov də eyni qənaətdədir: "Bu üsulu məqbul saymıram. Çünki, Azərbaycanda artıq Mərkəzi Bank banklara nəqliyyat vasitələrinin kreditlə satışının dayandırılmasını tövsiyə edib. Əksər banklar artıq nəqliyyat vasitələrinin kreditlə satışını dayandırıb. Bu da maşın satışına öz təsirini göstərdi. Digər tərəfdən, lizinq məsələsi ortaya çıxdı. Əslində, lizinqdə də bank öz mülkiyyətini sığortalamış olur. Nəticə etibarı ilə hər iki hadisə Azərbaycanda maşın sektorunda kreditlə idarə olunan nəqliyyat vasitələrinin təhlükə dərəclərini aşağı salıb. Bu gün nəqliyyat vasitəsinin krediti ödənilmirsə, bank həmin nəqliyyat vasitəsi üzərində həbs qərarını tətbiq etmək imkanına malikdir. Azərbaycanda bu mexanizm kifayət qədər təkmildir. Yəni, krediti ödənilməyən nəqliyyat vasitələrinin böyük əksəriyyəti həmin həbslə üzləşir. Onların istismarı qadağan edilir. Əgər Azərbaycanda kreditlə satılan nəqliyyat vasitələri daha geniş vüsət alsa, banklar tərəfindən nəqliyyat vasitələrinin istismar olunmaması ilə bağlı sərəncamda müəyyən problemlər yaşanarsa, məhkəmələrin imkanları məhdud olarsa, qətnamələrin icrası ilə bağlı mexanizlərdə problemlər yaranarsa, "ölüm açarı" elementi işə düşə bilər. Ancaq Azərbaycanda günü-gündən yol infrastrukturu inkişaf edir.

Əgər "ölüm açarı" elementi işə düşərsə, yolda belə bir hadisə yaşanarsa, bu, xoşagəlməz hallara gətirə bilər. Ən mühüm məsələ odur ki, Azərbaycanda kreditlə satış nisbətən dayandırılıb. Lizinqlə satış zamanı isə avtomobil bankın mülkiyyətində olur. Digər tərəfdən də ölkəmizdə məhkəmə sisteminin normal işləməsi həmin riskləri minimuma endirib. Ona görə Azərbaycanda bu gün "ölüm açarı"na ehtiyac yoxdur".

Sizin Reklam Yeriniz