Əlaqə Arxiv
news Image
2014.11.05
10:06
| A A A
Regionlarda ucuz enerjinin daha bir vacib mənbəyi tapıldı
Fəridə Hüseynova: “Tullantılardan bioqaz yanacağının alınması daha əlverişli yoldur” Fikrət Cəfərov: “Bir neçə rayon üzrə müasir avandanlıqla təmin olunan poliqonların yaradılması nəzərdə tutulur”

Bilindiyi kimi, Abşeronda zibil tullantılarının bir hissəsi Balaxanı zavodunda yandırılır. Bununla da ərazidə atmosferon ekoloji tarazlığının pozulmasının qarşısı müəyyən dərəcədə alınır. Ancaq regionlarda tullantıların təkrar emalı, yandırılması hələlik reallaşmır. Nəticədə də toplanan zibil qalıqları bu yerlərdə ciddi problem mənbəyinə çevrilir. Halbuki, zibil yandırılmasından enerji hasilatı çox sərfəli sayılır. Məsələn, danimarkalı zibil yandıranlar Britaniyadan idxal olunmuş minlərlə ton zibili yandıraraq evləri isitmək üçün enerji yaradır. Şimaldakı Frederikshavn şəhərində AVO şirkətinin idarə etdiyi zibil yandırma fabriki Britaniyadan idxal olunan zibilin həcmini son bir il ərzində ikiqat artırıb.Ölkənin ətraf mühitin mühafizəsi agentliyinə əsasən 2013-cü ildə Danimarka Britaniyadan 200 min ton zibil idxal edib. Şirkətin direktoru Tore Vedelsdal deyir ki, zibil yandırma vasitəsilə hasil edilmiş istilik təbii qazdan ucuzdur: "Bu, britaniyalılara sərf edir, çünki onların zibil yandıranları azdır və onlar zibil meydançalarına görə böyük vergilər ödəyir. Beləliklə onlar zibili basdırmalı olmurlar, biz isə təbii qazdan istifadə etməli olmuruq". İsveçdə isə Birləşmiş Krallıqdan və digər Avropa ölkələrindən alınan zibil 950 000 evi qızdırır və 260 000 evi işıqla təmin edir.

Azərbaycanda da bu təcrübədən yararlanmaq zəruri sayılır. Yaşıllar Hərəkatının sədri Fəridə Hüseynovanın fikrincə, tullantılardan bioqaz alımması ekoloji baxımdan daha əlverişli yoldur: "Regionlarda saf iqlimə malik olmaq imkanları daha çoxdur. Bu iqlimdən onları məhrum etməyə çalışmamalıyıq. Regionlarda məişət tullantılarının çoxunu əhali özü yandırır. Regionlarda bu mənada bioqaz alınması üçün məişət tullantılarından istifadə sərfəlidir. Bu addımı da dövlət səviyyəsində etmək lazımdır. Tullantıların yığılması üçün qapalı poliqonlar yaradılmalı və çürümə nəticəsində yaranan bioqaz yanacaq mənbəyi kimi əhaliyə paylanmalıdır. Bu daha əlverişli yoldur".

Davamlı İnkişaf Cəmiyyətinin sədri Fikrət Cəfərov bildirdi ki, ölkəmiz üçün ən vacibi tullantıların təkrar emalı məsələsidir: "Azərbaycanda bərk məişət və təhlükəli tullantıların idarə edilməsi üzrə İqtisadi və Sənaye Nazirliyi tərkibində qrup yaranıb. Bu istiqamətdə müəyyən təkliflər də hazırlanıb. Bu təkliflər əsasında bütün regionlarda tullantılarla bağlı konkret işlər görüləcək. Hər şəhər və kənddə tullantı poliqonu yaratmaq yox, bir neçə rayonlar üzrə müasir avandanlıqla təmin olunan poliqonların yaradılması nəzərdə tutulur. Avropada da tullantıları yandırmaq qadağandır. Ancaq bütün tullantıları da yandırmaq mümkün deyil. Əsas odur ki, onların utilizasiyası üçün konkret üsullardan istifadə ediləcək. Hazırda Azərbaycan üçün ən vacib istiqamət tullantıların təkrar emalıdır. Azərbaycanda ancaq kağızla politelen təkrar emala gedir. Şüşə, plastmas qablar isə təkrar emala getmir. Məlumatıma görə, qarşıya qoyulan strategiyada həmin bu məsələlər həllini tapıb. İki il öncə Balaxanı poliqonunun yanından keçmək mümkün deyildi. Bu gün isə orada nə iy, nə də çirkli toz var. Azərbaycanın alternativ və bərpa olunan enerji almaq istiqamətində böyük potensialı var. Tullantılar təkrar emala yönəldiləndə, onun 70 faizi konkret mala çevrilir. Ona görə də, onu nəyə görə yandırmalıyıq ki?"

Sizin Reklam Yeriniz