Əlaqə Arxiv
news Image
2014.11.19
09:06
| A A A
Şadlıq evlərində menyu dəyişsə də, qiymətlər enməyəcək
Ekspert: "Hətta müştəri menyuda nəzərdə tutulan yeməklərin sayını 2-3 dəfə azaltsa da bu o demək deyil ki, şadlıq evləri qiymətləri elə o qədər azaldacaq"

Toy və yas məclislərində israfçılığın qarşısının alınması üçün başladılan kampaniyanın hələ də istənilən nəticəni verdiyini iddia etmək mümkün deyil. Məsələnin maraqlı tərəfi həm də ondan ibarətdir ki, bu isrfaçılıq hallarının aradan qaldırılması cəmiyyətdə bir tələb kimi çıxış etsə də, istənilən nəticə yoxdur. Belə vəziyyətdən isə ən çox yararlanan şadlıq evlərinin sahibləridir. Çünki, israfçılıq nə qədər çox olarsa, onların da qazancı buna müvafiq olaraq artır.

Daha bir problem isə müştərilərə təqdim olunan menyu ilə bağlıdır. Əksər, şadlıq evləri tərəfindən hələ də müştərilərə standart menyu paketləri təqdim edilir. Müştərilər bu menyulara dəyişiklik edə bilmədiklərinə görə, istəmədikləri qida məhsullarını da sifariş etməli olurlar. Nəticədə, toy və şənlikərdə qida məhsullarının istifadəsində böyük israfçılıq baş verir, eləcə də şadlıq evlərinin xidmət haqları yüksək olur. Düzdür, bir müddət öncə İqtisadiyyat və Sənaye Nazirliyi bu xüsusda sərt xəbərdarlıq edib. Burada qeyd olunur ki, istehlakçıların malları və xidmətləri sərbəst seçmək, keyfiyyətli və təhlükəsiz mallar və xidmətlər almaq, almaq istədiyi mallar və xidmətlər barədə dolğun və düzgün məlumat əldə etmək və s. hüquqları var. Qanuna əsasən, istehlakçını keyfiyyətsiz və ya ona lazım olmayan çeşidli mal almağa və xidmət göstərilməsinə məcbur etmək qadağandır. İstehlakçıya hər hansı bir mal və xidmətin satışı digər mal və xidmətin alınması ilə şərtləndirilə bilməz. Şənlik məclisi təşkil etmək istəyənlər isə qonaqlara təqdim etmək istədiyi yeməklərin, alkoqollu və sərinləşdirici içkilərin, desertlərin və s. siyahısına yalnız müəyyən etdiyi malların daxil etmək hüququna malikdir. Lakin bu qaydalara riayət edən şadlıq evi tapmaq hələlik müşkül məsələdir. Düzdür, hazırda məhərrəmlik ayı ilə bağlı olaraq toylar səngiyib. Lakin sözügedən ay başa çatdıqdan sonra keçriləcək toy mərasimlərində vəziyyətin yaxşılaşacağına da hansısa təminat yoxdur. Bunu nazirliyin müvafiq xəbərdarlığından sonra keçrilən toy mərasimlərində yaşanan hallar da isbata yetirdi. Mütəxəssislər hesab edir ki, müştərilər öz seçimlərində sərbəst olsalar, şadlıq evlərində təklif edilən menyunu 2-3 dəfə qısaldarlar. Azərbaycan Turizm İnstitutunun kafedra müdiri Novruz Quliyev "fins" portalına bildirib ki, şadlıq evlərində təklif edilən menyular nə əhalinin iqtisadi imkanlarına, nə də fiziki ehtiyaclarına uyğun gəlir: "Şadlıq evlərində əhalinin sosial vəziyyətini nəzərə almayaraq hamıya eyni menyu və eyni qiymətlər təklif edirlər". Onun sözlərinə görə, hazırda şadlıq evlərindəki standart menyularda 40-a yaxın yemək, salat və digər qidalar yer alır ki, bu da həddən artıq çoxdur: "Məncə, adi insanın yemək tələbatını hesablasaq, məclisdə masaya 5-10 yemək verilməsi kifayət edər". Başqa sözlə, menyu 2-3 dəfə qısalmalıdır.

Amma mütəxəssisin sözünə görə, menyunun azalması qiymətlərin enməsinə səbəb olmayacaq: "Hətta müştəri menyuda nəzərdə tutulan yeməklərin sayını 2-3 dəfə azaltsa da bu o demək deyil ki, şadlıq evləri qiymətləri elə o qədər azaldacaq". N.Quliyev bildirir ki, qanunla sahibkarın öz xidmətlərinə qiymət təyin etmək hüququ var: "Onlar isə ya əvvəlki qiyməti cüzi dəyişəcəklər, ya da ümumiyyətlə dəyişməyəcəklər. Nəticədə müştərilər əvvəlki qiyməti ödəməli olacaqlar". N.Quliyevin sözlərinə görə, şadlıq evlərində qiymətlərin aşağı salınmasının ən yaxşı yolu, məclis sahiblərinin daha aşağı qiymət təklif edən obyektlərə üz tutmasıdır: "Bunu görən "bahalı" şadlıq evləri də müştərilərini itirməmək üçün qiymətlərini aşağı salmalı olacaqlar". Qeyd edək ki, hazırda Bakının şadlıq evlərində toy şənlikləri üçün qiymətlər adambaşına 25-300 manat arasında dəyişir. Əksər şadlıq evlərində qiymətlər adambaşına 40-80 manat arasındadır.

Hələlik isə yas mərasimlərində ehsan könüllü şəkildə verildiyi halda, toylarda restoranlarda məcburi menyu təqdim edilir. Vəziyyətdən digər çıxış yolu kimi təklfi olunur ki, toylarda konkret menyu sistemi təklif edilməlidir.

Sizin Reklam Yeriniz