Əlaqə Arxiv
news Image
2014.11.20
09:29
| A A A
Sənədsiz evlərin qeydiyyatı hələ də uzanır
Ekspertlərə görə, bu evlərin sənədləşdirilməsi və onlara hüquqi sənədlərin verilməsi çox vacibdir

Sənədsiz evlərin qeydiyyat məsələsinin hələ də tam həllini tapmaması ilə bğalı məsələ aktuallığını saxlamaqdadır. Qeyd edək ki, 2011-ci ildən bu prosesə başlınılması üçün müvafiq göstərişlər verilib. Artıq həmin vaxtdan 3 ildən də çox zaman keçir. Lakin sənədsiz evlərlə bağlı məsələ hələ də tam həll olunmamış qalır.

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev sözügedən məsələnin uzanmasını prosesin mürəkkəb olması ilə əlaqələndirdi: "Sənədsiz evlərlə bağlı məsələnin araşdırılması üçün komissiya da yaradılıb. Amma prosesi tam araşdırıb məcrasına qoymaq çox mürəkkəb və gərgin işdir. Onun üçün də kifayət qədər zaman və resurslar lazımdır. Çünki, bir neçə istiqamət üzrə sənədsiz evlər var. Bir tərəfdən ayrı-ayrı kooperativlər, məhdud məsuliyyətli cəmiyyətlər tərəfindən tikilən evlərdir ki, onlar sənədsiz sayılır. O mənada ki, tikintinin razılığı alınıb, tikilib, amma hələ təhvil verilməyib. Bu baxımdan istismara verilmədiyindən sənədsiz ev statusuna malik evlərdir. İkinci bir tərfədən, şəhərdə müxtəlif yerlərdə özbaşına tikililər, yaxud da sənədlərin qismən verilməsi nəticəsində tikilən evlər var. Üçüncüsü isə, bütün ölkə üzrə yeni tikilən evlərdir ki, onların da qeydiyyatdan keçməsi vacib məsələdir. Ona görə də, bütün bunları müəyyənləşdirmək vaxt tələb edir. Bu tip bəzi tikililər də var ki, kommunikasiya xətlərinin üzərində qurulub. Hansı ki, əslində, burada tikinti aparılmamalı idi. Bu, artıq başqa bir yanaşmadır. Onlar sökülməlidir və belə tikililərə yanaşma başqa olmalıdır. Yəni, proses genişhəcmli, müxtəlif istiqamətli olduğundan, fərqli yanaşmalar tələb etdiyindən ona vaxt lazımdır. Amma bütövlükdə bu evlərin sənədləşdirilməsi və onlara hüquqi sənədlərin verilməsi çox vacibdir. Bu, eyni zamanda ölkədə daşınmaz əmlakın tam olaraq əhatə olunmasına gətirib çıxara biləcək. Eyni zamanda, əmlak vergisinə görə, dövlət büdcəsinə vəsaitlərin daxil olmasına rəvac verəcək. Prosesin həll həmçinin, daşınmaz əmlak bazarının daha da təkmilləşməsinə təkan verəcək. Ən başlıcası odur ki, vətəndaşların mülkiyyət hüququnun tanınması prosesi baş verəcək.

Düzdür, kommunikasiya xətləri üzərində tikilən evlərin sökülməsi baş verə bilər. Lakin bu zaman dəqiq hədlərin müəyyənləşməsi baş verəcək. Bu, çox əhəmiyyətlidir və onu sürətləndirmək lazımdır. Belə vəziyyət yaranan müəyyən narahatlıqların da aradan qaldırılmasına gətirib çıxarar. Bununla bağlı aydın sərhədlər olar ki, bundan sonra da vətəndaşlarımız həm yenidən qanunsuz tikililərin həyata keçirilməsinə yol verməyəcək, həm də proses müvafiq icra orqanlarını məsələyə daha məsuliyyətli yanaşmağa sövq edəcək. Vaxtilə onlar bəzən bilərəkdən, müxtəlif sövdələşmələrə getməklə, belə tikililərin tikilməsinə imkan yaratmışdılar. O baxımdan da hesab edirəm ki, məsələnin sürətli həlli vacibdir. Bu istiqamətdə fəaliyyət göstərən komissiya da işini daha yaxşı, səmərəli qurmağa çalışmalıdır ki, problem həll olunsun. Hesab edirəm ki, prosesdə təkcə dövlət orqanları iştirak etməklə kifayətlənməməlidir, prosesin özü də şəffaf şəkildə həyata keçməlidir. Bununla bağlı hesabatlılıq olmalıdır. Həmçinin, vətəndaş cəmiyyəti nümayəndələri də prosesə qoşulmalıdır ki, onun daha şəffaf və rasional həyata keçirilməsinəö dəstək olsunlar. Eləcə də, medianın da prosesdə iştirakı məlumatlılıq baxımdan mühüm əhəmiyyət kəsb edər, yarana biləcək narahatlıqların aradan qaldırılmasına kömək edər".

Ekspert Mehman Əliyev isə prosesin uzanmasını paytaxtın İnkişaf Proqramının hələ təsdiq olunmaması ilə əlaqələndirdi: "Hazırda bir sıra sənədsiz evlər var ki, Dövlət Neft Şirkətinin ərazisinə düşüb. Bir çox evlər dəmiryolu qatarlarının getdiyi ərazilərə çox yaxın məsafədə tikilib. Prosesin həll olunmasının uzanmasının nədən qaynaqlandığını demək çətindir. İş ondadır ki, Bakı şəhərinin İnkişaf Proqramı var. Gözlənilir ki, bu proqram gələn ilin yanvarında təsdiq olunacaq. Bu layihə təxminən birinci mərhələ üçün 15 illik bir layihədir və prosesə 150 milyon manata qədər vəsait ayrılacağı gözlənilir".

Sizin Reklam Yeriniz