Əlaqə Arxiv
news Image
2014.11.22
08:27
| A A A
Təhsil sistemində Himayədarlar Şurası olacaq?!
Əjdər Ağayev: “İdeya yaxşıdır və tətbiqi arzuolunandır” Məhərrəm Zülfüqarlı: “Vətənini ürəkdən sevən milli sahibkarlar bu prosesdə aktiv olacaqlar”

Milli Məclisdə dövlət büdcəsinin müzakirəsi zamanı Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov maraqlı bir təkliflə çıxış edib. Rektor qeyd edib ki, təhsil sahəsində Himayədarlar Şurası yaradılmalıdır. Onun sözlərinə görə, bəzi xarici dövlətlərdə belə bir təcrübə var: "Bunlar sahibkarları cəlb edirlər ki, universitetlərə kömək etsinlər".

Qeyd edək ki, belə şuralar ABŞ və Avropanın ali məktəblərində geniş yayılıb. Bu şuralar vasitəsilə sahibkarlar, iş adamları ali məktəblərə maddi baxımdan böyük yardımlar edirlər ki, bunun da nəticəsində təhsil ocaqları müəyyən problemlərinin həllinə nail olurlar. Analoji təcrübənin Azərbaycanda da tətbiqi məqbul sayılır.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayevin fikrincə, bu ideya ancaq yerli xüsusiyyətlər nəzərə alınmaq şərtilə ölkəmizdə də tətbiq oluna bilər: "Xaricdə tətbiq olunan hər bir təcrübənin ölkəmizdə istifadə edilməmişdən öncə, mövcud sosial şəraiti, cəmiyyətdəki müəyyən münasibətləri, mənəviyyat durumunu nəzərə almaq lazımdır. Xarici ölkələrdə ali məktəblərə qəyyumluqla bağlı gözəl təcrübələr var. Amma görək ölkəmizdəki münasibətlər, buradakı əksər iş adamlarının formalaşma imkanları və onların mənəviyyat baxımından humanizmə meylliliyi xaricdə olan qədərdirmi? Yaxud da xaricdə universitetlərin ehtiyacını nə meydana çıxarır? Ölkəmizdə həmin ehtiyacları meydana çıxaran səbəblər varmı? Bu mənada ideya yaxşıdır və tətbiqi arzuolunandır. Amma xaricdə hansısa təcrübə tətbiq olunub deyə, kor-koranə onu bura gətirib tətbiq etməyin əleyhinəyəm. Lakin hər bir xarici təcrübənin tətbiq edilib-edilməməsi Azərbaycanın öz tələb və şəraitindən asılıdır. Qəyyumluqla bağlı məsələdə eksperment olaraq öncə bir neçə təhsil ocağında onun tətbiq etmək olar. Onsuz da ölkəmizdə ARDNŞ qəyyumluqla məşğuldur. Təhsildə ali məktəblər, xarici dildə məktəblər də açıb. Bunun özü də qəyyumluq və işin icraçılığıdır. Yəni, demək istəyirəm ki, ölkəmizdə şəraitə uyğun olaraq təcrübə bir qədər də artıqdır. Himayədarlıq Şurası yaradılarkən ölkələrin cəhətləri nəzərə alınmalı, sonra onun tətbiqinə başlanılmalıdır. Bu istiqamətdə imkanların nə dərəcədə olduğu haqda da düşünmək lazımdır".

Təhsil eksperti Məhərrəm Zülfüqarlı isə birmənalı olaraq bildirdi ki, Himayədarlar Şurası ölkəmizdə də yaradılmalıdır. Onun olması təhsil sahəsində hökm sürən bir sıra problemlərin həllinə yardımçı olar: "Ölkəmizdə də təhsil sahəsində Himayədarlar Şurasının yaradılması yaxşı ideyadır. Amma bunun üçün əsas odur ki, sahibkarlar üçün yaşıl işıq yandırılmalıdır. XIX-XX əsrin əvvəllərində olduğu kimi indi də milli burjaziya formalaşmalıdır ki, onlar da Hacı Zeynalabdin Tağıyev kimi millətin inkişafına kömək etsinlər. Yəni, xalqımızın bu istiqamətdə təcrübəsi var. Belə bir mühit yaradılarsa, düşünürəm ki, Vətənini ürəkdən sevən milli sahibkarlar bu prosesdə aktiv olacaqlar. Bu mühiti yaratmalıyıq ki, həmin insanlar yetişsin. Azərbaycan təhsilində bazis və üst qurum var. Himayədarlıq Şurasının yaradılması ilə təhsilin maddi-texniki bazasının gücləndirilməsi fonunda tələbələrə daha yüksək səviyyədə dərslərin verilməsi onlara əlavə qayğı olar. Ölkəmizdə hazırda elə tələbələr var ki, təhsil haqqını verə bilmir, amma yüksək savada malikdir. Himayədarlar Şurasının yaradılması belə tələbələrə hərtərəfli köməklik ola bilər. Həmin köməkdən sonra gələcəkdə tələbə hansısa müəssisədə işləməklə bunun əvəzini də ödəyə bilər. Amma ölkəmizdə hələlik bu sahədə yeniliklər yoxdur. Lakin məlumatıma görə, hökumətin özü də bu sahədəki problemlərin həllində maraqlı olduğundan, növbəti illərdən tələbələrə kreditlərin verilməsi və s. məsələlərin həllinə yaxındırlar. Bütün hallarda dövlət maraqlıdır ki, normal təhsil mühiti yaradılmaqla tələbələr təhsillərini yüksək səviyyədə davam etdirsinlər. Humayədarlar Şurasının yaradılması da bu mənada həmin prosesin inkişafına əlavə kömək baxımından mühüm yardımçı ola bilər".

Sizin Reklam Yeriniz