Əlaqə Arxiv
news Image
2014.11.25
07:31
| A A A
Azərbaycana böyük miqrant axını başlanır
Vüqar Bayramov: “Azərbaycana gələn miqrantların sayının buradan gedənlərə nisbətən dəfələrlə çox olması, ölkəmizdə iqtisadiyyatın inkişafından irəli gəlir” Azər Allahverənov: “Bu, onu göstərir ki, Azərbaycan kifayət qədər sabit inkişaf yolundadır”

Artıq müəyyən müddətdir ki, Azərbaycana müxtəlif xarici ölkələrdən gələn miqrantların sayı artan xətt üzrə inkişaf edir. Son dövrlərdə isə ölkəmizə gələn miqrantlaırn sayı gedənlərin sayını bir neçə üstələyir. Eyni zamanda Azərbaycandan miqrasiya edənlərin sayında ciddi azalma qeydə alınır. Son aylarda isə Azərbaycana gələnlərin sayı gedənlərlə müqayisədə 3 dəfə çox olub.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, Azərbaycana gələn miqrantların sayının buradan gedənlərə nisbətən dəfələrlə çox olması, ölkəmizdə iqtisadiyyatın inkişafından irəli gəlir: "Son illər bir sıra ölkələrdən Azərbaycana gələn miqrantların sayında kəskin artımlar müşahidə olunur. Həmin miqrantlar arasında da Asiyadan gələnlər çoxluq təşkil edir. Bildiyiniz kimi, Azərbaycan iqtisadiyyatı inkişaf edir. İqtisadiyyat inkişaf etdikcə də daha çox işçi qüvvəsinə ehtiyac yaranır. Hindistan, Pakistan, Çin kimi ölkələrdə orta əmək haqqının aşağı olduğunu nəzərə alsaq, bu dövlətlərdən gələn miqrantlar xüsusən də Azərbaycanın inşaat sektorunda işləmək üçün gəlirlər. Bu baxımdan Azərbaycanda cərəyan edən proseslər birmənalı şəkildə əmək miqrantlarına tələbatı artırır. Həmin tendensiyanın əksinə olaraq, Azərbaycandan kənara gedən əmək miqrantların sayında kəskin azalmalar var. Hansı ki, həmin əmək miqrantlarının böyük qismi də əsasən Rusiyaya üz tuturdu. Amma son illər Azərbaycandan Rusiyaya gedənlərin sayı da azalıb. Rusiyaya getmək niyyətində olan Azərbaycan vətəndaşlarının əhəmiyyətli hissəsi ölkə daxilində işlə təmin olunduqları üçün, artıq onlar miqrant olaraq xaricə üz tutmurlar. Xaricdən ölkəmizə əmək miqrantların gəlməsi əslində, təbii haldır. Eyni zamanda, Azərbaycana gələn miqrantların sayının buradan gedən miqrantların sayından çox olmasında qorxulu heç nə yoxdur. Düzdür, bu hal yerli vətəndaşların işlə təmin olunmasında müəyyən çətinliklər yarada bilər. Amma nəzərə alaq ki, ölkəyə gələn əmək miqrantların böyük qismi daha çox inşaat və ağır əmək tələb edən sektorlarda çalışır, bu, bötüvlükdə məşğulluğun təmin olunmasına hər hansı ciddi mənfi təsir etmir. Əksinə, gələn miqrantların çox olması bir sıra sahələrin işçi qüvvəsilə təmin olunmasına imkan yaradır".

Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov bildirdi ki, miqrantlar məsələsində müsbət saldonun əldə olunması Azərbaycana marağın artmasının nəticəsidir: "Azərbaycana gələn miqrantların sayının ölkəmizdən xaricə üz tutan miqrantlarla müqayisədə çox olması tendensiyası özünü artıq bir neçə ildir ki, göstərməyə başlayıb. Miqrasiya saldosu deyilən bir alət var. Burada gələnlərlə gedənlərin müqayisəsi aparılır. 2008-ci ilə qədər isə həmişə miqrasiya saldosu mənfi olub. Həmin dövrə qədər ölkədən gedənlərin sayı çox idi, nəinki gələnlərin. Amma 2008-ci ildən saldo müsbətə doğru dəyişdi və ildən-ilə bu müsbət saldonun həcmi artır. Bu, bir tərəfdən onu göstərir ki, Azərbaycan kifayət qədər sabit inkişaf yolundadır. Harada ki, iqtisadi və siyasi cəhətdən sabitlik müşahidə olunur, investisiyalar üçün də əlverişli mühit yaranır. Nəticədə belə ölkələrdə əmək fəaliyyəti üçün də geniş imkanlar açılır. Belə ölkələr miqrantlar üçün həmişə cəlbedici olub. Azərbaycanda bu mənada miqrantları özünə cəlb edən ölkələr sırasında yer alıb. MDB məkanında miqrasiya saldosu artan ikinci ölkə məhz Azərbaycandır. Bu gün ölkəmizdə 200 mindən artıq miqrantın olduğu bildirilir. Onlar arasında müəyyən miqdarda qeyri-qanuni əmək miqrantları da var. Bununla belə, qanuni miqrantların sayının çox olması yaxşı göstəricidir. Lakin önəmli məsələ həmin qanuni əsasla yaşayan insanların qanuni əsaslarla əmək fəaliyyətilə məşğul olmalarıdır. Dövlətə verginin ödənilməsi baxımından bu, mühüm əhəmiyyət kəsb edir. Gələnlərin sayının gedənlərlə müqayisədə çox olması həm də o deməkdir ki, vaxtilə Rusiyaya gedənlərin geri dönüşü baş verib. Düşünürəm ki, müsbət saldo istiqamətində rəqəmlər getdikcə artacaq. Yaxın 10-15 ilə bu tendensiyanın artacağını proqnozlaşdırmaq mümkündür. Bu tendensiya əlavə əmək resurslarının axını deməkdir. Bu mənada hökumət gələn miqrantların qanuni əsaslarla əmək fəaliyyətilə məşğul olmalarını təmin etməlidir. Lakin bütün hallarda bu tendensiya əmək bazarında gərginliyə səbəb olmağa gətirib çıxarmamalıdır. Vəziyyətin intensiv xarakter aldığını təxmin edərək, müəyyən amortizasiya işləri də həyata keçirilməlidir. Yəni, yumşaldıcı tədbirlərə ehtiyac vardır və məsələ kompleks şəkildə həllini tapmalıdır".

Sizin Reklam Yeriniz