Əlaqə Arxiv
news Image
2014.11.28
08:58
| A A A
İdarəçilikdə qadınların sayı artırılır
Mehriban Zeynalova: “Burada süni kvotalardansa, bacarıq və qabiliyyətin daha çox qabardılması lazımdır” Rəna Mirzəzadə: “Bugünkü Azərbaycan reallığında da gender sahəsində mühüm nailiyyətlər əldə edilib”

İdarəçiliyində vəzifədə qadınla təmsil olunan Almaniya şirkətlərin rəhbərliyində də qadınların sayını artırır. Belə ki, 2016-cı ildən Almaniyanın böyük şirkətlərinin idarə heyətinin azı 30 faizi qadın olmalıdır. Bununla bağlı alman hökuməti müvafiq qanun hazırlayıb. Burada hesab edilir ki, belə hal gender bərabərliyi baxımından vacib əhəmiyyət kəsb edir.

Bəzi alman biznes sahibləri isə yeni qanuna etirazlarını bildirsələr də, federal kansler Angelv Merkel kvota ilə bağlı yeni qanunu dekabrın 11-də təsdqi etməyə hazırlaşır. Angela Merkel parlamentdə çıxışı zamanı bildirib ki, bu qanun bərabərlik uğrunda çox mühüm bir addımdır: "Bu, iş yerlərində mədəni dəyişikliyi həyata keçirəcək. Artıq qərar verilib və bu baş verir. Biz, qadınlar olmadan bacarmarıq".

Bildirək ki, bənzər qaydalar Norveç, İtaliya və Niderland kimi digər Avropa dövlətlərində də tətbiq edilir. Elə ölkəmizdə də artıq bir neçə ildir gender bərabərliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülməkdədir. Xüsusi ilə 2014-cü ildə dövlət hakimiyyəti orqanlarında zərif cinslərin sayı artırılıb.

"Təmiz Dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirir ki, Azərbaycan da gender balansının təmin olunması istiqamətində səylər göstərir: "Bu ilin əvvəlindən Prezident Administrasiyanın həyata keçirdiyi tədbirlərdən biri də o idi ki, icra nümayəndələrinin qadın müavinlərinin sayı artırıldı. Artıq müəyyən nailiyyətlər əldə edilib. Amma mövcud streotiplər, qadınların hansısa asılılığı, qadınların iqtisadi cəhətdən güclü olmaması, qərar qəbuletmədə iştirakda cürətli olmaması və müəyyən ənənələrdən asılı olması ona gətirib çıxardıb ki, qadınlar bu məsələlərə qoşulmaqda kifayət qədər aktiv deyillər. Qanun buna imkan verir. Amma praktikada qadının qərar qəbuletmədə iştirakında kişilər tərəfindən müqavimət var. Həmçinin, şəxsin bacarıq və qabiliyyətini ortaya qoyması üçün müəyyən əngəlləyici davranış qaydaları var. Ailəli olması, cəmiyyətin rəyi, ictimai şüur qadının irəli getməsinə maneçilik törədir. Ən çox da maneçilik əxlaq məsələləri ilə bağlıdır. Yaxud da qadın ana olaraq öz övladlarına kifayət qədər diqqət göstərə bilməməsi ilə ittiham olunur. Eyni zamanda qadının iştirakı ictimai müzakirəyə səbəb olur".

Mehriban Zeynalovanın fikrincə, burada süni kvotalardansa, bacarıq və qabiliyyətin daha çox qabardılması lazımdır: "Düzdü, müəyyən siyasətin həyata keçirilməsi üçün ictimai şüur öyrəşənə qədər həmin kvotaların əhəmiyyəti var. "Polisdə qadın işləyə bilməz" kimi streotipi dağıtmaq üçün müəyyən kvotalarla stimullaşdırıcı tədbirlər həyata keçirilə bilər. Amma istənilən iştirakçılıqda bacarıq və qabiliyyət daha çox önəmlidir. Məsələn, bu gün bələdiyyələrdə kifayət sayda qadınlar var. Onların hamısı qərar qəbuletmədə iştirak edirmi?".

Gender və İnsan Hüquqları Araşdırma Birliyinin sədri Rəna Mirzəzadə qeyd edir ki, Almaniyada bu məsələlər yalnız cinslərlə xarakterizə olunmur: "Burada istedad və həmin sahə üzrə mütəşəkkil fəaliyyət əsas götürülür. Bugünkü Azərbaycan reallığında da gender sahəsində mühüm nailiyyətlər əldə edilib. Belə ki, dövlət və digər sahələrdə təmsilçilik cinslər arasında harmonik şəkildə paylaşılıb. Məsəəlyə əsasən, qadının öz istəyi, öz bacarığı, iradəsi yönümdən baxılmalıdır. Əgər bir qadının iradəsi, bacarığı yoxdursa, gender balansına nail olmaq üçün onu haradasa işlətmək olmaz. Azərbaycanda qadınların idarəetmədə pay nisbəti günü-gündən çoxalır. Prezidentin fərmanları, sərəncamlarında da bunları görmək çətin deyil".

Ancaq xanım Mirzəzadənin fikrincə, hər sahədə bunu yaxşı nümunə kimi dəyərləndirmək olmaz: "Məsələn, təhsil, səhiyyədə qadınlar həddindən artıq çoxluq təşkil edir. Bu balans yaxşı nümunə deyil. Təhsildə hər iki tərəfin harmonik şəkildə təmsilçiliyinə ehtiyac var. Bundan başqa, elə işlər var ki, orada qadınların, yaxud da kişilərin iştirakı özünün istəyinə görə çox azdır. Ona görə də bu məsələlər dövlətin qərarları ilə yanaşı, şəxsi seçimə də bağlanmalıdır".

Sizin Reklam Yeriniz