Tanrıverdi Mustafayev: "Sayğacın vətəndaşa satılması MTK-ya aid olan məsələdir"
İbrahim Kərbəlayev: "Sayğacların sakinə pul ilə satması abonentlə MTK arasında olan məsələdir"
Bəzi mənzil-tikinti kooperativlərinin (MTK) müxtəlif cür fırıldaqlarından dəfərlərlə deyilib, yazılıb. Amma onlar belə əməllərə tam şəkildə də son qoymur Onların növbəti "pul yemək" vasitəsi sayğaclardır. Belə ki, MTK-lar yeni binalarda mənzillərə qoyulacaq qaz, su və elektrik sayğacları üçün abonentlərdən pul tələb edirlər. Hansı ki, bu xidmət köhnə tikililərdə vətəndaşlara pulsuz həyata keçirilir. Eyni zamanda qanunvercilik də bu halda vətəndaşdan pul tələb edilməsini düzgün saymır. Problemlə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Mövqe"yə bildirir: "Ölkə Prezidenti 2009-cu ildə fiziki şəxslərə sayğacların pulsuz paylanması barədə ayrıca sərəncam verdi. Bu, vətəndaşlar tərəfindən çox yüksək qarşılandı.
Bəzi MTK-lar isə hüquqi şəxs olmalarından istifadə edərək, özləri sayğacları müvafiq qurumlardan alır və sonra onu daha baha qiymətə vətəndaaş satır. Hətta 3 sayğaca 800 manat verən insanlar var. Bunlar birbaşa istehlakçı hüquqlarının pozulmasıdır. Qanunların müxtəlif yollarla pozulması dövlətin insanların sosial müdafiəsinə yönəlmiş siyasətinə əngəl törədir. Amma burada vətəndaşların da üzərinə iş düşür. Vətəndaşlar pul verməməlidirlər. Ümumiyyətlə, ölkədə ən ciddi istehlakçı problemi MKT-larda yaşanır". Eyyub Hüseynov vurğuladı ki, istehlakçı məhkəmə iddiası qaldırarsa, müəyyən yerlərə şikayət edərsə, sayğacı pulsuz ala bilər. Məsələ ilə bağlı hər üç kommunal xidmət sahəsinin fikirlərini öyrəndik.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, MTK-lar tikintidən əvvəlcə "Azərsu" ASC-dən texniki şərt almalıdırlar: "Texniki şərtdə göstərilir ki, MTK abonenetlərin sayına uyğun olaraq hansısa ölçülü boru ilə magistral su xətti çəkməlidir. Eyni zamanda həmin MKT-nın ərazisində əhalinin sayına uyğun olaraq anbar kompleksi olmalıdır. Həmçinin, daxili şəbəkəni çəkməli, sayğacı quraşdırılmalıdır. Ondan sonra MTK-a texniki şərt verilir. Dövlət Komissiyası "Azərsu" ASC-nin də rəyini nəzər alır. Ona görə də əgər MTK həmin sayğacları quraşdırmasa, texniki şərtin tələblərinə uyğun olaraq Dövlət Komissiyasında rəy vermirik. Biz sayğacın quraşdırılmasını şərt kimi qoymuşuq. Ancaq onların sayğaca görə vətəndaşdan pul almasının bizə aidiyyatı yoxdur. Yəni, "Azərsu" nə sayğac quraşdırır, nə də sayğac pulu yığır. MTK-lar sayğacı bizdən almırlar. Sayğacın alınmasında onlar müstəqildirlər. Sadəcə olaraq "Azərsu" ASC-nin tələbləri çərçivəsində quraşdırmalıdırlar".
"Bakıelektrikşəbəkə" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də bildirdi ki, MTK-lar bizə müraciət edib texniki şərt alırlar: "Sayğacın quraşdırılması həmin texniki şərt daxilində icra olunur. Sayğacları biz yox, MTK-ların özləri quraşdırırlar. Bizdən sadəcə olaraq, sayğac alırlar. Yeni tikilən binalar üçün texniki şərt daxilində sayğac ödənişlidir. Fazasında asılı olaraq onların qiyməti fərqlidir. Ancaq onun vətəndaşa satılması MTK-ya aid olan məsələdir".
"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi əvəzi İbrahim Kərbəlayev də bildirdi ki, abonenetlərə məişət-qaz sayğacı "Azəriqaz" İB-nin hesabına verilir: "Ancaq biz MTK-lara da sayğac satmırıq. Onlar sayğacları özləri alırlar. Sonradan da sakinə pul ilə satması abonentlə MTK arasında olan məsələdir".