Əlaqə Arxiv
news Image
2015.02.03
16:05
| A A A
Cərimə meydançalarında çürüyən avtomobillər
Ərşad Hüseynov: “Avtomobillərin sayı çoxaldıqca, həmin problem də kəskinləşəcək” Kamran Əliyev: “Elə maşın var ki, 12 ildir, cərimə meydançasında dayanıb”

9Bəzən bir çox nəqliyyat vasitələrinin illərdir cərimə meydançasında qaldığını müşahidə etmək olar. Səbəblər isə müxtəlifdir. Kimi qəza zamanı yararsız hala düşən avtomobilinə sahib çıxmır, kimi qəza zamanı ölən yaxının maşınından uzaq durmaq istəyir, kiminin də avtomobilinin cəriməsini ödəməyə əli gəlmir. Bu vəziyyət həmin avtomobillərlə bağlı problemin həlli üçün artıq konkret addımlar atılmasını zərurətə çevirir və fikirlər səslənir ki, bu durumda problemin həlli üçün utilizasiya proqramının həyata keçirilməsinə ehtiyac var.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bunun üçün qanuna müəyyən əlavələrin edilməli olduğunu söylədi: "Öncə araşdırılmalıdır ki, həmin maşınlar illərdir cərimə meydançasında hansı səbəbdən qalır. Uzun müddət cərimə meydançalarında qalan maşınlar, elə utilizasiya olunmalı, yəni silinib, təkrar emala göndərilməli maşınlardır. Sahibi düşünür ki, buradakı avtomobili təmir xərci yeni maşın almaqdan baha başa gələcək. Yəni, avtomobil sahibi şüurlu sürətdə sanki ondan imtina edir. Amma dünyanın bir sıra ölkələrində belə avtomobillərlə bağlı prosedurlar müəyyənləşib. Yol nəqliyyat hadisəsi olur, o araşdırılıb, hüquqi qiymət alandan dərhal sonra sahibindən tələb olunur ki, avtomobilini cərimə meydançasından aparsın. Buradan avtomobilin götürülməsinin variantı isə onun təmirindən, ya da utilizasiyaya təhvil verilməsindən keçir. Utilizasiyaya verilmədikdə onun sahibini cərimə edirlər. Azərbaycanda isə qanunvericilikdə bu məqamlar nəzərdə tutulmur. Yol polisi belə hallarda avtomobil sahibini maşınını uçotdan çıxarmağa çağırır. Uçotdan çıxarılanda avtomobiıin nömrəsi və dövlət qeydiyyat şəhadətnaməsi təhvil verilməlidir. Bəzi maşın sahibləri bu halda da avtomobillərini təhvil götürmürlər. Belədə də həmin yerdə saxlanılan avtomobilə heç nə edə bilmirlər. Çünki, avtomobil xüsusi dövlət reyestrində qeydə alınmış əmlakdır. Heç kəs mülkiyyətçinin iradəsindən kənar ona sərəncam verə bilməz. Qanunda bu barədə prosedur da yoxdur. Əslində, qanunda belə olan halda yol polisinin nə etməli olduğu öz əksini tapmalıdır. Polisin göstərişinin yerinə yetirilməməsinə görə də cərimələr tətbiq edilməlidir. Belə olsa, avtomobillər illərdir cərimə meydançalarında qalmaz. Hələlik Azərbaycanda belə neqativ hallar geniş yayılmayıb. Amma avtomobillərin sayı çoxaldıqca, həmin problem də kəskinləşəcək. Ona görə də məsələnin üzərinə vaxtında getmək lazımdır".

Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev problemin həllini qanunvericilikdə müvafiq düzəlişlərin edilməsində görür: "Cərimə meydançalarında illərdir qalan nəqliyyat vasitələri əzilmiş, sıradan çıxmış maşınlardır. Yararsız vəziyyətdədirsə, onlar çıxdaş olunmalıdır. Məsələ ilə bağlı həmin avtomobillərə sərəncam vermək hüququnda olan şəxslərə dəfələrlə məktub vasitəsilə müraciət olunub. Lakin buna baxmayaraq, onlar gəlin maşınlarını götürmürlər. Bu mənada, yaxşı olardı ki, uzun müddətə sahibi tərəfindən atılmış avtomobillərlə bağlı müvafiq qərar qəbul edilsin. Qanunvericilikdə müvafiq düzəlişlər edilməlidir. Elə maşın var ki, 12 ildir, cərimə meydançasında dayanıb. Amma nə sahibi gəlir, nə onu götürən var. Avtomobillər də tam yararsız haldadır. Sadəcə, kiminsə mülkiyyətində olduğundan avtomobil mühafizə olunan dayanacaqdan kənarlaşdırıla bilmir".

Sizin Reklam Yeriniz