Əlaqə Arxiv
news Image
2015.02.03
08:30
| A A A
Onlayn qumar oyunlarının qadağan edilməsi zərurətə çevrilir
Şəmsəddin Əliyev: “Belə oyunların qarşısını almaq üçün qabaqlayıcı tədbir kimi həmin saytları bloklaşdırmaq olar” Cahid İsmayıl: “Belə oyunları çox zaman uşaqlar evdə də oynaya bilər”

Məlumdur ki, ölkəmizdə 1995 - ci ildən etibarən qurmarxana tipli oyun zallarının fəaliyyəti qanunla qadağan edilib. Amma qumar oyunlarının bu gün virtual məkanda mövcudluğu da heç kimə sirr deyil. İnternet üzərindən belə oyunlar oynayanlara təəssüf ki, Azərbaycanda da rast gəlmək mümkündür. Şimal qonşumuz bu tip oyunlarla mübarizədə saytların bloklanmasına hazırlaşır. Gürcüstan da analoji addım atmaq niyyətindədir. Mütəxəssislər oxşar məhdudlaşdırmanı bizdə də tətbiq edilməsini təklif edirlər.

"Polisə Dəstək" İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev bildirir ki, burada cəmiyyət üçün görünməyən məqamlar var: "Birincisi, İslam hüququnda da hər cür belə oyunlar qadağan olunur. Amma 25 il öncə bizim Cinayət Məcəlləmizə kompüterlər bağlı heç bir maddə daxil edilməyib. Bu gün isə artıq o səpkidə olan fəsil var. Beynəlxalq aləmə də baxsaq, bu sahədə kifayət qədər cinayətlər baş verməkdədir. Belə oyunların qarşısını almaq üçün qabaqlayıcı tədbir kimi həmin saytları bloklaşdırmaq olar. Eyni zamanda onların fəaliyyətini leqallaşdırmaq da olar. Yəni, onları vergi ödəyicisi kimi qeydiyyatdan keçirtmək mümkündür. Amma nəzərə alaq ki, bu vaxta qədər əgər onlayn qumar dövlət büdcəsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarının diqqətini çəkməyibsə, deməli, lüzum yoxdur. Əgər onların fəaliyyətini tənzimləyən bir normativ hüquqi akt olacaqsa, onda onun fəaliyyət qaydaları, vergi ödəməsi tənzimlənə bilər. Amma bu yoxdur. Vergilər Nazirliyi bununla bağlı hansısa təklif versə, ona baxmaq mümküdür. Lakin bunun qadağan edilməsi ilə bağlı da bir maddə yoxdur. Ona görə də hansısa şəkildə onların fəaliyyətini bloklaşdıra bilmərik. Biz ya qanuni şəkildə leqallaşdırmalıyıq, ya da qadağan etməliyik. Əgər büdcəyə hansısa məsrəfin gəlməsi mümkündürsə, niyə də etməyək? Amma onu da nəzərə alaq ki, bunun zərəri xeyrindən daha çox ola bilər".

Ekspert hesab edir ki, burada vətəndaşların da üzərinə məsuliyyət düşür: "Maarifləndirməyə daha çox yer vermək, bunu doğuran səbəblərin qarşısını almaq lazımdır".

İKT üzrə ekspert Cahid İsmayıl bildirir ki, onlayn qumar oyunlarını texniki olaraq bloklamaq mümkündür: "Ölkədə müəyyən provayderlər bloklanmanı internetdə tətbiq etdikdə bu cür qanusuz işlərlə fəaliyyət göstərən saytların girişinə məhdudiyyət yaranır. Bununla da məsələni kökündən həll etmək mümkündür. Ancaq həmin oyunların leqal fəaliyyətini təmin etmək bir qədər çətindir. Leqal fəaliyyətə salmaq üçün provayder interneti satdığı şəxsin yaş məhdudiyyəti nəzərə alınmalıdır. Ancaq bir məsələ var ki, belə oyunları çox zaman uşaqlar evdə də oynaya bilər. Burada isə valideynlər məsuliyyətli olmalıdırlar. Əgər evdə azyaşlı uşaq varsa, evə qoşulan internet paketində həmin qadağan olunmuş sayt olmamalıdır".

Sizin Reklam Yeriniz