Əlaqə Arxiv
news Image
2015.02.03
15:36
| A A A
Müşfiq Əmirov: "Mənim işimin rəvan getməsinin səbəbkarı cənab nazirdir"-Müsahibə

Onların mətbuatla işindən kimi razıdır, kimisi də narazı.Təmsil etdikləri qurumun media ilə əlaqələrinin qurulmasına məsul şəxs təyin edilsələr də, heç də hamısı vəzifənin öhdəsindən layiqincə gəlməyi bacarmır. Bəziləri jurnalistlərin sualını bir dəqiqəyə, bəziləri isə bir həftəyə güclə cavablandırır. Elə məhz bu səbəbdən də onların bəzilərinin adı jurnalistlərin "ağ", bəzilərinin isə "qara" dəftərinə düşüb. Amma onların arasında qələm əhlinin dostuna çevrilənlər də az deyil. Yəqin ki, artıq çoxunuz söhbətin kimlərdən getdiyini bildiniz. Bəli, Movqe.az-ın bu dəfəki layihəsində "Sözçülər" də, müxtəlif qurumların mətbuat xidməti rəhbərlərinin media ilə fəaliyyətindən bəhs edəcəyik. Onların media ilə necə işlədiyini isə ölkənin aparıcı mətbuat orqanlarında təmsil olunan jurnalistlərin "Sözçülər"ə ünvanladıqları suallardan görəcəksiniz. Beləcə, Movqe.az-ın "Sözçülər" layihəsinin ilk qonağı, Rabitə və yüksək texnologiyalar nazirinin müşaviri, nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Müşfiq Əmirovdur.


-Müşfiq müəllim, layihəmizdə ilk qonaq olmağınızı xahiş etdikdə əvvəlcə tərəddüd etdiniz...

-(Gülür)Tərəddüd ondan irəli gəldi ki, səhhətimdə bir balaca poblem vardı. Başqa çəkinməyim üçün heç bir səbəb yox idi. Təbii ki, səhhətim normallaşan kimi müsahibə üçün vaxtı təyin etdik. Və mən sizi və sizin həmkarlarınızın bütün suallarını cavablandırmağa hazıram. 

-Müşfiq müəllim, necə düşünürsünüz, hər hansı bir qurumun sözçüsünün mətbuatın şinelindən çıxması vacibdirmi? 

-Bəlkə də, bu vəzifə kiməsə asan, o qədər də məsuliyyət tələb etməyən bir iş kimi gələ bilər. Amma mənim fikrimcə, mətbuatla işləyən şəxs bilməlidir ki, o, təkcə mətbuatla deyil həm də cəmiyyətlə işləyir. Bu gün mən də tək mətbuatla yox, cəmiyyətlə işləyirəm. Ona görə də,bu vəzifəni üstlənən şəxs ilk növbədə diqqətli olmalıdır. Əsas odur ki, ünsiyyət qurmağı bacarmalıdır. Münasibətlər, ünsiyyət çox şeyi həll edir. Əgər mətbuatla, cəmiyyətlə işləyən şəxs bu münasibətləri qurub davam etdirə, ünsiyyəti saxlaya bilirsə, onun əvvəllər mətbuatda çalışıb-çalışmaması elə də önəm daşımır. Qeyd etdiyim kimi, əsas odur ki, jurnalistlərlə, cəmiyyətlə ünsiyyət qurmağı bacarsın. 

-Sizcə Müşfiq müəllim bir nazirliyin bu sahəyə təyin edilmiş məsul işçisi kimi bunu bacarırmı?

-Mən öz fəaliyyətimi özüm qiymətləndirə bilmərəm. Bu qiymətləndiməni cəmiyyətin, jurnalistlərin ixtiyarına buraxıram.

-Müşfiq müəllim, nazir Əli Abbasovun əmri ilə müşavir təyin edildiniz. Nazirliyin informasiya-təbliğat işi, ictimaiyyətlə əlaqələr, multimedia mərkəzi və internet resurslarına ümumi rəhbərlik nazirin müşavirinin səlahiyyətlərinə aiddir. Bu təyinat sizin işinizdə nəyi dəyişdi?

-Bu cənab nazirin mənə göstərdiyi böyük etimad idi. Mən əvvəl tək mətbuatla işləyirdimsə, bu təyinatdan sonra , cəmiyyətlə də işləmək səlahiyyətimə əlavə olundu. Belə deyim ki, səlahiyyətlərim bir qədər də artırıldı. Əvvəl tək mətbuatın suallarını cavablandırırdımsa, indi cəmiyyətin ünvanladığı sualları, müraciərləri də cavablandırıram. Fəaliyyət göstərən qaynar xətt də, mənim səlahiyyətimdədir. Nazirliyin saytları olan , http://www.mincom.gov.az/ və http://www.ictnews.az/,  iki dildə nəşr olunan qəzetlər, sosial şəbəkələr hər biri nazirliyin bu şöbəsində cəmləşib. Və bütün bunlar cənab nazirin mənə göstərdiyi böyük etimaddır. Çalışıram ki, mən də bu etimadı doğruldam. İnsanlar işimizdən razı qalsınlar. Narazılıq olmasın. 

-Sosial şəbəkələrədən söz düşmüşkən, maraqlıdır, sosial şəbəkələr Müşfiq müəllimin nə qədər vaxtını alır?

-Sosial şəbəkələrdə çalışıram ki, həmişə olum. Çünki, nazirliyin gördüyü işləri cəmiyyətə çatdırmaq üçün sosial şəbəkələrdən istifadə zəruridir. Sosial şəbəkə artıq həyatımızın bir parşasına çevrilib. İctimaiyyətə çatdırmaq istdiyim mesajları facebook sosial şəbəkəsi vasitəsilə paylaşıram. Ölkədə xeyli sayda insan məlumatı sosial şəbəkələr vasitəsilə əldə edir. Düşünürəm ki, hansısa qurumda ictimaiyyətlə, mətbuatla işləyən məsul şəxsin sosial şəbəkələrdə aktiv olması vacibdir. 

-Müşfiq müəllim siz sosial şəbəkədə təkcə nazirliyin məlumatlarını deyil, müdrik kəlamları, hikmətli sözləri tez-tez paylaşırsınız. Bunun özəl səbəbi varmı?

-Sizə bir sirr açım. Öncə qeyd edim ki, insan harada çalışmasından asılı olmayaraq mərhəmətli olmalı, xeyirxah əməlləri təbliğ edən hikmətli kəlamları tez-tez yada salmalıdır. Mən də bəllidir ki, hər gün təmsil etdiyim nazirliyin məlumatlarını sosial şəbəkələr vasitəsilə yayıram. Bu xəbərləri paylaşmazdan öncə çalışıram ki, insanlara yaxşılığı, dostluqda, yoldaşlıqda sədaqəti aşılayan müdrik kəlamlara yer verim. Facebok dili ilə desək, bu cür paylaşımlarıma daha çox "layk" gəlir. Bu müdrik kəlamlardan, hikmətli sözlərdən sonra nazirliyin fəaliyyətinə dair məlumatları paylaşıram. Artıq facebook sosial şəbəkəsi mən deyərdim ki, böyük bir portal kimi fəaliyyət göstərir.

-Müşfiq müəllim sosial şəbəkələr insanların müəyyən qədər vaxtını alır. Özünüz qeyd etdiniz, səlahiyyətlərinizin artması ilə işiniz, məsuliyyətiniz daha da artıb. Evə, ailəyə ayırmağa vaxt qalırmı?

-İşin məsuliyyəti daha çoxdur. Təbii ki, mən ailə başçısı olduğumdan, ailənin də, işin də, yükünü çəkməyi bacarmalıyam. Amma evdə rəhbər sənsən, sənə heç kəs rəhbərlik etmir. Evdə hər şey qaydasında gedir. İşdə isə rəhbər var. Əgər işdə rəhbər sənə irad tutursa, deməli sən yerində deyilsən. Ona görə də, çalışıram ki, işimi axsatmamaq şərti ilə ailəmə də vaxt ayırım.

-Bu qədər işi necə çatdırırsınız? Çətin olmur ki?

-Məndə olan məlumata görə, 55 min adamda jurnalist vəsiqəsi var. 550 Kütləvi İnformasiya Vasitəsi qeydiyyatdan keşib. Çalışıram ki, bütün zənglərə cavab verim, müraciət edən şəxslə görüşüm. Burda bizim çox gözəl, peşəkar bir komanda formalaşıb. Təbii ki, onların dəstəyi ilə üzərimizə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışırıq.

-Jurnalistlərədən gün ərzində nə qədər zəng gəlir? Təxminən nə qədərini cavablandıra bilirsiniz?

-Gün ərzində 100-ə yaxın zəng gəlir. Həmin zənglərdən yerindəcə cavablandırdıqlarım da olur, müxtəlif şöbələrə istiqamətləndirdiyim də. Amma, çalışıram bütün zəngləri cavablandırım. 

-Maraqlıdır, Müşfiq müəllim təmsil etdiyi nazirliklə bağlı nöqsanları əks etdirən məlumatların mediada yayımlanmaması üçün bu qurumun sözçüsü kimi hansı üsullardan istifadə edir?

-Mən bayaq bir fikir söylədim ki, mətbuatla işləyən şəxsin ünsiyyət, münasibət qurmağı önəmlidir. Jurnalistlər də, bu münasibətlərin, ünsiyyətin nəticəsində iradı ilk növbədə mənim özümə bildirirlər. Çalışıram ki, həmin problemi həll edim ki, məsələ KİV-ə çıxmasın. Deyərdim ki, mətbuat bizim nazirliklə bağlı hər hansı problemi kütləviləşdirməzdən öncə mənimlə əlaqə saxlayır. Mən də, dərhal problemi araşdırıb həllinə çalışıram. Əgər həll etmək mümkün deyilsə, məsələni kommissiya təşkil edib araşdırırıq.

-Müşfiq müəllim bayaq sizin birbaşa rəhbərlik etdiyiniz iki saytın fəaliyyət göstərdiyini vurğuladınız. Həmin saytlarda nazirliklə bağlı problemlər, şikayətlər nə dərəcədə işıqlandırılır?

-Nazirliyin rəsmi veb saytında şikayətlərlə bağlı bölmə var. Vətəndaşlar nədən şikayət edirlərsə, biz həmin bölməyə yerləşdiririk o şikayətləri. 

-Sözsüz ki, şikayətlər sayta yerləşdirilirsə, cənab nazirin də diqqətindən yayınmır. Bəs o şikayətlərə cavabdeh olan vəzifəli şəxslər Əli Abbasovun xəbər tutmaması üçün həmin məlumatların saytdan çıxarılmasını heç xahiş edirlərmi sizdən?

- Səmimi deyim ki, yox. Çünki, özləri də bilirlər ki, xahiş etsələr də, biz sayta daxil edilən şikayətləri o bölmədən çıxarda bilmirik. Bilirlər ki, etməyəcəyik, ona görə də, xahiş etmirlər. Nazirin birinci mavini İltimas Məmmədovun nəzarəti ilə operativ olaraq o şikayətlərə baxılır.

-Müşfiq müəllim bizim sizə olan suallarımız bu qədər. Amma özünüz bilirsiniz ki, jurnalistlərin sualı qurtarmır. Bayaq qeyd etdim ki, bu layihəmizin formatındakı fərqlilik ondadır ki, sizin qurumla əməkdaşlıq edən, jurnalistlər fəaliyyətinizlə  bağlı ürəklərindən keçən sualları bizim vasitəmizlə sizə ünvanlayacaqlar. Qeyd edim ki, həmin sualların içərisində tərif də ola bilər, tənqid də. Dinləyib cavablandırmağa hazırsınızmı?

-Əlbəttə, buyurun. 

- Modern.az-Gülşən Raufqızı-Müşfiq Əmirov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müşavir təyin olunduqdan sonra onun üçün nə dəyişdi?

-Bu mənim üşün göstərilən böyük etimad idi. Səlahiyyətimə aid olan, məsuliyyət daşıdığım işlərim artsa da, çalışıram ki, bu etimadı doğruldam. Mənim üçün dəyişən o oldu ki, iş fəaliyyətim daha çox genişləndi. 

-Azvision.az- Gültəkin Quliyeva-Heç olubmu ki, sizin mətbuatla belə açıq əlaqələrinizə görə rəhbərlik tərəfindən danlanmısınız?

- Rəhbərlik mətbuata açıqdır. Mən də onun tövsiyyələrinə əməl edirəm.Elə bir şey olmayıb. Mənim işimin rəvan getməsinin səbəbkarı cənab nazirdir. Onun mənə ilk gündən tapşırığı o olub ki, mətbuata işləyim. 

- Lent.az-Anar Məcidzadə- Müşfiq müəllim, Azərbaycanda jurnalistlərin səviyyəsi sizi qane edirmi? Və bu gün jurnalistikamızda nə çatışmır? Müşfiq müəllim yəqin ki, siz bunu jurnalistlərin sizə ünvanladığı suallardan anlamış olarsız...

-Bu gün mətbuatın böyük bir hissəsi Azərbaycanda mətbuatın ənənələrini davam etdirən gözəl insnalardır. Biz onlarla həmişə fəxr etmişik və fəxr edirik. Azərbaycanda peşəkar jurnalist ordusu yetişir. Əminəm ki, sözün əsl mənasında mətbuatın inkişafında xidmətləri olan jurnalistlərin sayı günü-gündən artacaq.  Azərbaycanda medianın durumu, jurnalistlərin səviyyəsi yavaş-yavaş öz yerini tapır. 55 min adamda jurnalist vəsiqəsi varsa, bu demokratiyanın ən bariz nümunədidir.  

- Kaspi qəzeti-Həbibə Abdulla-Mənim təcrübəmdə həmişə suallarımı cavablandırmaq üçün başqa şəxslərə yönləndirib. Mümkündürmü ki, mənim suallarıma cavabı həmin adamlardan alıb özü versin? Çünki o birilər hər zaman mətbuatla əlaqəyə meylli olmurlar, çox vaxt cavablarım gecikir, yaxud heç cavab ala bilmirəm.

- Mən bunu ona görə edirəm ki, operativ olsun. Jurnalist sualına cavabı birbaşa, aidiyyatı şəxsdən daha dolğun, daha dəqiq alsın. Əgər sizə elə narahatdırsa onlardan alıb özüm də verə bilərəm. 

-Teleqraf.com. –Ruslan Xəlil-Rabitə sahəsi elədir ki, burada terminlər, dəqiq rəqəmlər, texnoloji yenilikləri yadda saxlamalı, bilməlisən. Bu mənada jurnalistlərin sizə verdiyi suallarla onların bu sahəyə nə qədər bələd olmasını müəyyənləşdirə bilirsiz? İkinci sualım isə odur ki, şəxsi problemlərinin həlli üçün sizə müraciət edən jurnalistlər olurmu? Və bu müraciətlər daha çox nə ilə bağlı olur?

-Düzdür, elə jurnalistlər olub ki, sahədən xəbərsiz olurlar. Amma əksəriyyəti rəqəmlərdən də, bu sahədə görülən işlərədən də xəbərdar olurlar. İkinci suala gəldikdə, qeyd edim ki, bəli, belə müraciətlər olur. Əsasən jurnalistlər, abunə, internet, telefonla bağlı müraciətlər edirlər. Çalışırıq ki, mətbaut adamlarının problemləri dərhal həll olunsun. Özüm edə bilmirəmsə, rəhbərlik səviyyəsində müraciət edirəm ki, mətbuat işçisinin problemi həllini tapsın. Cənab nazir mətbuatın dostudur. Bu həm də nazirin tapşırığıdır ki, "mətbuata diqqətli olun, onların problemləri olmamalıdır".

-Report.az-Tural İbadlı-Təxminən 400-ə yaxın elektron xidmət "Elektron Hökumət" portalı vasitəsi ilə göstərilir. Jurnalistlərin də işini asanlaşdırmaq üçün mətbaut xidmətlərinin fəaliyytini "Elektron Hökumət" portalına əlavə etmək olarmı?

- Çox gözəl təklifdir. Biz bu məsləyə baxa bilərik.

- Yeni Müsavat- Röya Rəfiyeva-Müşfiq müəllim nazir Əli Abbasov sizə heç olubmu ki, desin "jurnalistlərə de az sual versinlər, yaxud bu dəfə elə şərait yarat sual verməsinlər"?

- Nazir bütün suallara təmkinlə cavab verir. Jurnalistlər də şahiddirlər ki, cənab nazir onların son suallarına qədər cavablandırır. Mənə də tapşırıb ki, jurnalistlərin sualları cavabsız qalmasın.

- Zaman qəzeti-Nicat İntiqam- Mətbuat xidmətinin rəhbəri kimi tez-tez müraciət etdiyimiz, əksər hallarda xoş münasibət gördüyümüz, xarici görünüşcə də həlim xasiyyətli, mehriban insan təsiri bağışlayan Müşfiq Əmirovun xasiyyətcə başqa hansı müsbət keyfiyyətləri var?

- (Gülür)Çox şadam ki, ətrafımdakı insanlar, xüsusilə jurnalistlər  mənim  bu xüsusiyyətimi qiymətləndirirlər. Elə nə bilirsinizsə,  odur, başqa xüsusiyyətlərim yoxdur.

-Publika.az Gülxar Şərif- Mətbuat xidmətinin rəhbəri işlədiyiz müddətdə sualların cavablandırılmasında jurnalistlər arasında fərq qoymuşunuz? Sualı cavablandırarkən jurnalistin hansı media qurumunu təmsil etməsi sizin üçün nə qədər əhəmiyyətli olur?

- Tam səmimi deyirəm ki, mənim üçün heç bir əhəmiyyəti yoxdur. Jurnalist, jurnalisdir. Onun hansı KİV-i təmsil etdiyinin heç bir önəmi yoxdur.

-Xəbərlər.az Mirvari Nəzərova- Müşfiq müəllim, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi məlumatlarını birinci nazirliyin rəsmi saytına yerləşdirirsiniz və yayırsınız, yoxsa birinci http://www.ictnews.az/-a göndərirsiniz? 

-Kim qabağa düşdü ona. Birinci kim zəng edirsə, ona da verirəm xəbəri. İnformasiya əlimdədirsə heç bir fərq qoymuram.

-İnterpress.az- Elnarə Kərimova- Müşfiq bəy, sizcə əvvəl jurnalist olmadan mətbuat xidmətinin rəhbəri olmaq mümkündür?

-Qeyd etdim ki, bəli. Əsas olan ünsiyyət, münasibət qurmağı bacarmaqdır. 

-Exspress qəzeti-İradə Cəlil- Müsahibələrim zamanı bir fakta şahid olmuşam, bütün mətbuat xidmətlərinin bir yaralı yeri var "reket jurnalistika". Müşfiq məüllim, siz necə davranırsınız belə jurnalistlərlə? Çoxmu narahat edirlər?

- Deyərdim ki, yox. Eləmirlər, edəndə də cavablarını alırlar.

- Hafta.az- Gülşanə Mustafayeva- Digər mətbuat xidmətlərindən fərqiniz nədir? Özünüzü jurnalistlərin əl çatan mətbuat xidməti rəhbəri hesab edirsinizmi?

 - Digər qurumların mətbuatla, ictimaiyyətlə əlaqələrini quran məsul şəxslər də mənim dostlarımdı. Onların iş prinsipinə qarışa bilmərəm. Hamısı ilə münasibətim var. Hərənin öz işi prinsipi var. Onalara da uğurlar arzulayıram. O ki, qaldı digər suala, onu jurnalistlər cavablandırsa yaxşı olar. Mən öz işimə özüm qiymət verməyi sevmirəm. Amma mən özümü bütün müraciət edən insanların yerinə qoyuram. Düşünürəm ki, mən müraciət etsəydim mənə pis cavab versəydilər mənim üçün necə olardı? Ona görə də çalışıram ki, müraciətlərin, zənglərin, sualların heç birini cavabsız qoymayım. 

























Sizin Reklam Yeriniz