Əlaqə Arxiv
news Image
2015.02.04
09:35
| A A A
Yana əyilmiş avtobuslar
Vaqif Əsədov: “Təkcə ötən həftə ərzində 3 belə avtobus yol hərəkətindən kənarlaşdırılıb” Ərşad Hüseynov: “Əgər bir tərəfə əyilirsə, avtobusun gövdəsi təkərə toxuna bilər, bu zaman təkərdə yanma prosesi qaçılmaz olur”

Paytaxtda ictimai nəqliyyatda istifadə edilən avtobuslardakı müəyyən çatışmazlıqlardan dəfələrlə yazılıb. Ancaq həmin çatışmazlıqların heç də hamısının aradan qaldırıldığını da söyləmək mümkün deyil. Hər döngədə, hər sərt manevrdə "bu dəqiqə avtobus aşacaq" təhlükəsi ilə gedən sərnişinlər az olmayıb. Bəzən isə elə olur ki, avtobuslar bir yanı üzərinə əyilmiş vəziyyətdə gedir. Bu vəziyyəti xüsusi ilə günün pik saatlarında üç qapılı avtobus marşurutlarında müşahidə etmək olar. Təbii ki, belə vəziyyətdə avtobus istismarı qəbuledilməzdir və təhlükəlidir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov "Mövqe"yə bildirdi ki, ilin əvvəlindən bu günə sərnişindaşıma ilə bağlı tətrib edilmiş inzibati protokolun sayı 379-dur: "Dislokasiya ərazisinə təhkim edilmiş polis nəfərlərimiz həmin şəkildə hərəkət edən avtobus aşkar etdikdə dərhal buna reaksiya verir. Təkcə ötən həftə ərzində 3 belə avtobus yol hərəkətindən kənarlaşdırılıb. Bu gün də o istiqamətdə tədbirlər davam etdirilir. Eyni zamanda şəhər daxilində təhlükəsizliyin təmin edilməsi məqsədi ilə kameraların vasitəsilə hərəkətə nəzarət edilir. Bu kimi xətalara yol verilməsinə görə 2 fotomaterail hazırlanıb. Avtobusda normadan artıq sərnişinin daşınması təhlükəlidir. Həddindən artıq sərnişin daşınarsa, avtobusun ağırlıq mərkəzi itir".

Vaqif Əsədov vurğuladı ki, tərtib edilmiş inzibati protokollarda ilkin olaraq sərnişindaşıma qaydalarının pozulması göstərilir: "Amma sərnişinlər yerə düşdükdən sonra əyilmənin avtobusda texniki cəhətdən pozuntusuna görə olduğu aşkarlanarsa, protokola texniki nasaz idarə edilməsi kimi göstərilir. Həmin avtomobilin yol hərəkətindən kənarlaşdırılması ilə əlaqədar qərar qəbul edilir. Sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxsə məlumat verilir ki, o avtobusun yol hərəkətində istismar edilməsi təhlükəlidir. Ancaq burada polis əməkdaşları ilə yanaşı, vətəndaşların da köməyi lazımdır. Elə avtobuslara sərnişinlər minməsələr, problemi nisbətən həll etmiş olarıq".

Nəqliyyat məsələləri üzrə hüquqşünas Ərşad Hüseynov bildirir ki, bu problem birmənalı olaraq avtobusda texniki nasazlıq olmasından xəbər verir: "Həmçinin, yüklənmə problemi də ola bilər. Düzdür, şəhərdaxili nəqliyyatda sərnişinlərin sayı konkret ifadə olunmayıb. Yəni, ayaqüstə daşımaya icazə verildiyindən konkret say demək olmur. Ancaq avtobusun qapıları açıq vəziyyətdə sürmək də qəti qadağandır. Buna görə, 60 manat və 3 cərimə balı nəzərdə tutulub".

Ekspert əlavə etdi ki, avtobuslardakı asqı sistemi kifayət qədər bahalı aqreqatdır: "Bəzi yolların pis olması və həddən artıq yüklənmə səbəbindən asqı sistemi sıradan çıxır. Onlar da çox bahalı olduğundan avtobus sahibləri onu dəyişməyə meylli deyillər. Resorları çıxardıb sürürlər. Ona görə də avtobus bir tərəfinin üzərində hərəkət edir. Bəziləri isə həmin resorların yerinə başqa nəqliyyat vasitələrinin resorlarını yerləşdirirlər. Bu da texniki tələblərin poulmasıdır. Yəni, burada iki əsas səbəb var. Birincisi texniki nazaslıq, ikincisi isə daşıma qaydalarının pozulmasıdır".

Hüquqşünas avtobuslaın belə hərəkət etməsinin çox təhlükəli hal olduğunu qeyd etdi: "Həmin vəziyyətdə olan avtobus aşa da bilər. Əgər daşıma qaydalarına riayət olunmursa, burada sürücü diqqətli olmalı, əlavə sərnişin götürməməlidir. Yol hərəkət qaydaları tələb edir ki, daşınma zamanı nəqliyyat vasitəsinin ağırlıq mərkəzinə dair tələb pozulmamalıdır. Əgər bir tərəfə əyilirsə, avtobusun gövdəsi təkərə toxuna bilər. Bu zaman isə təkərdə yanma prosesi qaçılmaz olur. Burada bir nüans da var. Şəhərimizdə avtobusların sayı azdır. Əgər avtobusların sayı kifayət qədər olsa idi, marşuruta belə avtobuslar buraxılmazdı".

Sizin Reklam Yeriniz