Əlaqə Arxiv
news Image
2015.02.05
08:00
| A A A
İdman mərc oyunları ilə bağlı deputtaların fikri haçalandı

Milli Məclisdə artıq bir neçə dəfədir ki, idman mərc oyunları ləğv edilməsi barədə fikirlər səslənib. Sonuncu dəfə belə bir təkliflə çıxış edən deputat Qüdrət Həsənquliyev bu tip mərc oyunlarının ailələrə bir sıra hallarda bədbəxtlik gətirdiyini düşünür. Amma onu da qeyd edək ki, idman mərc oyunları dünya miqyasında geniş yayılıb. Azərbaycanda isə prosesə son illərdə qannui şəkildə start verilib. Əvvəllər bu proses nəzarətdə deyildisə, son bir neçə ildir ki, bu sahədə vaxtilə mövcud olan neqativ hallar aradan qaldırılıb. Başqa bir tərəfdən, bu tip mərc oyunlarının müəyyən ailələr üçün ciddi problemlərə yol açdığı da danılmaz həqiqətdir. Sson zamanlar az yaşlı yeniyetmələri də bel əoyunlar özünə cəlb edib. Görəsən, bu nədən qaynaqlanır? Ümumiyyətlə, mərc oyunlarını ləğv etmək mümkündürmü?

Millət vəkili Elman Məmmədov mərc oyunlarının ləğv edilməsini məqsədəuyğun hesab etdi: "Mərc idman oyunlarının kökündə pul uduşları dayanır. Bu da bir növ qumar oyunlarına bənzəyir. Kökünü axtarıb tapsaq görərik ki, idman mərc oyunları leqallaşdırılmış qumar oyunudur. Belə oyunlar Azərbaycanın özündə bir çox ailə və insanları bədbəxt edib. Kökündə qumar dayanan mərc oyunlarının keçirilməsi əleyhinəyəm. Bu tip mərc oyunları əslində, gənc nəslin tərbiyəsini pozmağa, onları düz yoldan sapındırmağa gətirib çıxarır. Gənc nəslimizi mərc oyunlarına cəlb etmək əvəzinə, onları idman oyunlarına yönəltmək fikrimcə, daha məqsədəuyğun olardı. Yalnız belədə insan sağlam, mənəvi cəhətdən yetkin olacaq. Mərc oyunlarına uşaqların qoşulması onların mənəviyyatına, əxlaq, psixikasına və gələcəyinə mənfi təsir göstərən amillərdir".

Millət vəkili Nizami Cəfərov belə bir qadağanın olmasını mümkünsüz saydı: "Mərc oyunlarının ləğvi məsələsi reklam haqqında qanun müzakirə olunanda ortalığa gətirildi. Bəzi məsələlərin reklamının qadağan olunması barədə təkliflər səsləndi. Onlara da deputat həmkarımız Siyavuş Novruzov yaxşı cavab verdi ki, biz demokratik bir ölkədə yaşayırıq. Heç də hər şeyi mentalitet adı ilə qadağan etmək olmaz. Məsələn, spirtli işkilərin reklamını qadağan etmək olmaz, halbuki təklif edirdilər. Yalnız dünyada qadağan olunan məsələləri qadağan etmək olar. Yəni narkotika, insan alveri qadağandır. Biz də dünyada mövcud olan təcrübəyə uyğun hərəkət etməliyik. Ona görə də mərc oyunlarının qadağası ifrat addım olardı. Başqa bir tərəfdən indiki halda qadağan etmək anlayışı əvvəlki dövrlərdə olduğu kimi deyil. Bu gün ictimai şəbəkələr, geniş meydan var ki, insan nə və nəyi reklam etmək istəyirsə, onu da edəcək. Mərc oyunlarını məhdudlaşdırmaq mümkündür. Amma qadağan etmək olduqca mürəkkəb bir məsələdir".

Millət vəkili Sabir Rüstəmxanlı düşünür ki, idman mərc oyunları ləğv olunmalıdır: "Ümumiyyətlə, qadağalar ona marağı həmişə bir qədər də artırır. İnsanlıq yaranandan müəyyən əyləncəyə, oyuna həmişə meylli olub. Futbola və digər idman növlərinə qoyulan mərc oyunları hamısı müəyyən maxinasiyaların olmasından xəbər verir. Burada heç vaxt düzgünlük olmayıb. Adamların aldadılmasına gətirib çıxaran, çirkli yollarla yaradılan bu kimi mərc oyunların tərəfdarı deyiləm".

Millət vəkili Fərəc Quliyev bildirdi ki, təklifin reallaşması təbii ki, real deyil: "Mərc oyunlarını ləğv etməyəcəklər. Əslində, özüm də onun tərəfdarıyam ki, Azərbaycanda hər cürə qumar forması ləğv olunsun. Adamlar tanıyıram ki, hətta evlərini belə mərc oyunlarına girov qoyub. Belədə çox insan pis vəziyyətə düşüb. Azərbaycan cəmiyyətində istənilən formada qumar ləğv edilməlidir".

Millət vəkili Ağacan Abıyev də düşünür ki, mərc oyunlarının ləğvi real görünmür: "Hər bir insan öz fikirləri ilə çıxış edə, təkliflər verə bilər. Amma mərc oyunlarının ləğvi real deyil. Mərc oyunları kazino kimi qumarxanalarla müqayisədə mədəni qumarxana hesab edilə bilər. Elə bil ki, idman yarışıdır. Ona görə düşünmürəm ki, mərc oyunları ləğv edilsin. Demirəm ki, bunun xeyri var, amma ziyanı da yoxdur".

Sizin Reklam Yeriniz