Əlaqə Arxiv
news Image
2015.02.05
09:35
| A A A
İstifadəsiz torpaqlardan daha çox vergi alınacaq?!
Samir Əliyev: “Bu təcrübədən istifadə gələcəkdə Azərbaycanda da gözlənilir” Nüsrət İbrahimov: “Zaman gələcək ki, bu təcrübədən istifadə olunacaq”

"Kim torpağı icarəyə götürüb istifadə etmirsə, gərək o icarə müqavilələri ləğv edilsin. O müqavilələr verilsin o torpaqda işləyənə. Yoxsa torpağı götürürlər, ondan sonra təyinatı dəyişdirirlər. Daha sonra o torpaqlarda müxtəlif obyektlər tikilir və s. bu, yolverilməzdir". Bunu Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda dedi. Ölkəmiz üçün qeyri-neft sektorunun prioritet və 2015-ci ilin "kənd təsərrüfatı" ili olduğunu nəzərə alsaq, istifadəsiz qalmış torpaqların dövriyyəyə cəlb olunması ciddi əhəmiyyət kəsb edir. Hazırda əkilib-biçilmək üçün verilən pay torpağını istifadəsiz qoyan kifayət qədər şəxs var. Onlardan kimisi kiçik sahələrə çəkilən zəhmətin səmərə vermədiyini, bəziləri isə az qazanclı olduğunu əsas gətirərək payına düşən torpağı əkib-becərmir. Problemindən çıxış kimi, müxtəlif ölkələr müxtəlif varinatlardan istifadə edirlər. Məsələn, bəzi ölkələrdə müəyyən müddət ərzində pay torpağı istifadə olunmursa, torpaq dövlətin mülkiyyətinə keçir. Bu arada bel ətəkliflər irəli sürülür ki, istifadəsiz qalmış torpaqlara görə Azərbaycanda tətbiq edilən verginin həcmi xeyli artırılmalıdır.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev sözügedən təcrübədən istifadənin gələcəkdə Azərbaycanda da gözlənildiyini deyib: "Söhbət torpaq sahələrinin səmərəli şəkildə istifadə olunmasından gedir. Bununla bağlı dünya ölkələrində müxtəlif yanaşmalar var. Bəzi ölkələrdə, xüsusən də ərazisi kiçik olan ölkələrdə, əhalisi sıx olan, torpaq sahəsi qıtlığı yaşanan ölkələrdə torpaqdan istifadəni optimallaşdırmaq üçün müxtəlif addımlar atılır. Bu addımlardan biri də, istifadəsiz torpaqlar üçün müəyyən vergilərin tətbiq edilməsidir. Məsələn, elə ölkələr var ki, torpaq sahəsindən istifadə edilirsə, ona görə vergi verilir, istifadə edilmirsə, verilmir. Bu halda təbii ki, torpaq sahibi ehtiyacı yoxdursa, torpaqdan istifadə etmir. Buna görə də o, vergi vermir. Xüsusən iri ölkələrdə bu təcrübədən istifadə olunur. Bəzi ölkələrdə isə, torpaqdan səmərəli istifadə üçün sahibkar istifadə etmədiyi torpağa görə də vergi ödəməli olur. Əgər o torpaqdan istifadə etmirsə, vergini verməkdə maraqlı olmur. Ona görə də ya torpağı özü istifadə edir, yaxud da başqasına satır. Bəzi hallarda isə icarəyə verir. Həmin fermer də torpaqdan istifadə edərək vergisini də verir. Bu baxımdan başqa mexanizmlər, başqa yollardan da istifadə edilir. Məsələn, Avropa ölkələrində tətbiq olunan bir təcrübəyə görə, icarəyə verilən torpaq sahələrinə müəyyən hədd qoyulur. Elə ölkələr var ki, 2 hektardan az olan torpaq sahəsini icarəyə verə bilməzsən. Yaxud da ki, torpağın bir əldə cəmlənməsinin qarşısını almaq üçün böyük həcmdə torpağın icarəyə verilməsi qadağan edilir. Məsələn, bəzi ölkələrdə 400-500 hektardan çox torpaq sahəsi icarəyə verilə bilməz. Bunlar hamısı optimallaşmanın tərkib hissəsidir. Azərbaycanda bununla bağlı qanunvericilikdə hələlik elə bir məhdudiyyət yoxdur. Bizdə torpaq varsa, o əkilsə də, əkilməsə də ona görə vergi verilir. Bizdə torpaq vergisini yerli qurumların üzvləri yığır. Amma, bizdə torpaq vergisi o qədər azdır ki, kənd əhalisinin imkanı az olsa da, bunu ödəyə bilir. Ona görə də, çox hallarda torpaqlar istifadəsiz qalır. Bu, təkcə torpaq məsələsi deyil. Burda əmlak məsələsi də var. Xarici ölkələrdə əmlak vergisi yüksək olduğundan, onlar ev tikəndə də özlərinə uyğun ev tikirlər. Bizim kimi, 2-3 mərtəbəli ev tikib, 1 mərtəbəsində yaşamırlar. Çünki, onun vergisi də yüksəkdir. Bunlar hamısı, istər torpaq, istərsə də digər daşınmaz əmlaklardan səmərəli istifadənin bir mexanizmidir. Azərbaycanda da gələcəkdə tətbiq edilə bilər".

"MBA LTD" şirkətinin rəhbəri Nüsrət İbrahimov isə bu təcrübədən Azərbaycanda istifadəyə ehtiyac olmadığını deyir: "Azərbaycanda qeyri-yaşayış sahələri yaşayış sahələrinə nisbətən azlıq təşkil edir. Ona görə də istifadəsiz torpaqlara görə yüksək verginin tətbiq olunması qeyri-yaşayış sahələrinin daha da bahalaşmasına gətirib çıxara bilər. Ona görə də, bizdə bu variant məqbul sayılmır. Yaşayış sahələrinin təklif portfeli bizdə bu gün tələbi tam ödəyir. Hələ qismən artıqlıq da var. Ona görə də, buna ehtiyac yoxdur. Bəlkə də, zaman gələcək ki, bu təcrübədən istifadə olunacaq. Amma, bu gün hələ ki, buna ehtiyac yoxdur".

Sizin Reklam Yeriniz