Əlaqə Arxiv
news Image
2015.02.05
12:46
| A A A
Şeyx fətvası: "İŞİD cəlladları çarmıxa çəkilməli, şaqqalanmalıdır!"

Movqe.az xəbər verir ki, İŞİD-in iordaniyalı pilot Müəz əl Qəsasbini diri-diri yandırması, bu vəhşiliyin videosunu çəkib internetdə yayması müsəlman aləmində çox böyük qəzəblə qarşılanıb.

Müsəlman dünyasının ən nüfuzlu və məşhur din xadimlərindən biri, Qahirədəki Əl Əzhar Universitetinin rəhbəri, şeyxlər şeyxi Əhməd əl Tayyib baş verənlərlə bağlı fətva verib.

"Özünü müsəlman sayan, islam ümmətinin mənsubu adlandıran şəxs belə vəhşilik etməz və edə də bilməz. Quranda əsirlərlə, girovlarla belə davranmaq yasaq, günah, haram buyurulub. Ona görə də iordaniyalı pilotu diri-diri yandıran İŞİD üzvləri müsəlman yox, kafirlərdir, cəlladlardır. Onlar tutulmalı, Şəriət qaydalarına uyğun olaraq ya çarmıxa çəkilməli, ya da şaqqalanmalıdırlar".

Daha bir nüfuzlu şeyx, Yəmənin ən tanınmış din xadimləri arasında yer alan şeyx Hüseyn bin Şüəyb hesab edir ki, İŞİD Hz.Məhəmmədin (s.ə.s.) bayrağını daşıdığını desə də, bu terror təşkilatı yolunu azmış, islama qarşı çıxan insanlardan ibarətdir.

"Allahın rəsulu insanların yandırılmasını haram əməl buyurub və bunu müsəlmanlara qadağan edib. Ona görə də İŞİD-in əməli islamdan kənar, müsəlman adı ilə bir araya sığmayan vəhşilikdir", - şeyx Hüseyn söyləyib.

İordaniya həbsxanalarında 10 il cəza çəkən, ABŞ hərbçilərinə qarşı teraktlar və hücumlar hazırlamaqda suçlanan məşhur sələfi Əbu Səyyaf İŞİD-in vəhşiliyini pisləyib: "Bu əməl xilafət ideyasına zərbədir. İslam sülh, şəfqət və tolerantlıq dinidir. Hətta savaş zamanı döyüşçü insan olduğunu unutmamalıdır. Əgər iordaniyalı pilot İŞİD-in olduğu şəhərləri bombalayıbsa, onu güllələmək və ya asmaq olardı. Amma belə edam vəhşilikdir".

Səudiyyə Ərəbistanında populyar olan din xadimi Abdulla bin Məhəmməd əl Mühəysini də İŞİD-in vəhşiliyini lənətləyənlərə qoşulub: "Belə çirkin, murdar əməl islama qarşı çıxanların arqumentlərini daha da artıra bilər. İŞİD müsəlmanların üz qarası, ləkəsidir".

Sizin Reklam Yeriniz