Əlaqə Arxiv
news Image
2015.02.05
13:11
| A A A
Millət vəkili: "Kişi həkimlərin sayının azalması birbaşa oların maaşının azlığı ilə bağlıdır"

Azərbaycanda ali məktəblərin IV ixtisas qrupu üzrə təhsil alan oğlanların sayı azalıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin səsləndirdiyi bu fikir, ictimaiyyətdə kifayət qədər marağa səbəb olub. M. Abbaszadə bildirib ki, Tibb Universitetinin tələbələrinin çoxu qızlardır: "Ancaq tibbi sahəsində müəyyən ixtisaslar var ki, orada oğlanlar olmalıdırlar. Məsələn, rezidenturada qızlar daha çox təhsil alsalar da, onların heç biri meyitlərlə işləmək istəmir. Müəyyən ixtisaslar, məsələn, travmatoloq-cərrah ixtisası üçün yalnız bilik yox, həm də fiziki güc lazımdır".

Qeyd edək ki, ölkədə kişi müəllimlərin sayının azalması zaman-zaman müzakirə mövzusu olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkədə 163 min müəllim var ki, bunların 38 mini kişi, 124 mini qadındır. Kişi müəllimlərin sayının azalması ölkədə müəllimlərin əmək haqqının az olması, ailə başçısı olan müəllimin çıxış yolunu başqa iş tapmaqla izzah olunduğu halda, bəs görəsən kişi həkimlərin sayının azalması nə ilə izzah oluna bilər?

 Milli Məclisin Sosial Siyasət Komissiyasının sədr müavini, millət vəkili Musa Quliyev Movqe.az-a açıqlamasında bunun səbəbinin həkimlərin maaşının azlığı ilə bağlı olduğu deyib. Millət vəkili deyir ki, əslində bütün dünyada qadın həkimlərin sayı kişi həkimlərdən çoxdur: "Mən burda bir problem görmürəm. Hazırda bütün dünyada pediatrların, ginekoloqların çoxu zərif cinsin nümayəndələridir. Amma Məleykə xanımın dediyində bir həqiqət var ki, tibbdə bəzi  sahələr var ki, həmin sahələrdə kişi həkimlərə ehtiyac çoxdur. Bu sahələri cərrahiyyə, travmatologiya, stamatologiya əhatə edir. Mənim fikrimcə, kişi müəllimlərin sayının azalması problem kimi qəbul olunduğu halda, kişi həkimlərin azalması problem kimi qəbul olunmamalıdır. Çünki, kişi müəllimlərin davranışları, tərbiyəsi oğlan uşaqlarının yetişməsində rol oynayır. Amma həkimin kişi, yaxud qadın olmasının xəstə üçün elə də əhəmiyyəti yoxdur. Çünki, burada həkimin davranışı yox, onun bilik bacarığı rol oynayır. Mən belə hesab edirəm ki, kişi həkimlərin sayının azalması birbaşa oların maaşının azlığı ilə bağlıdır. Kişilər bildiyiniz kimi, ailə başçısıdır. Əgər hansısa polikilinikada işləyən həkim aldığı maaşla öz ailəsini dolandıra bilmirsə, təbii ki, bu sahədən uzaqlaşır. Düşünürəm ki, bu problem də icbari tibbi sığortanın tətbiqi ilə öz həllini tapacaq. Həkimlərin maaşı artıqda bu sahəyə maraq da artacaq, axın da sürətlənəcək. İndi həkim olmaq arzusunda olan oğlan uşaqları bu sahədə əmək haqqının az olduğunu görüb bank və sair əmək bazarında yüksək maaş vəd edən sahələri seçirlər".

Musa Quliyev müharibə şəraitində olan ölkəmiz üçün kişi həkimlərin sayının azalmasının da problem olmadığını, tibb işçilərinin cinsindən asılı olmayaraq hərbi mükəlləffiyyətli olduğunu söyləyir.  

Həkim, professor Adil Qeybulla isə deyir ki,tibb sahəsinə maraq göstərən oğlanların sayının azalması təkcə maaşın azlığı ilə bağlı deyil: "Düzdür insan peşə seçərkən istəyir ki, qazanclı sahəni seçsin. Əvvəl bunun üçün seçim az idi. İndi elə yeni sahələr yaranıb ki, orada mütəxəssislər yüksək maaşla təmin edilir. Tutaq ki, əvvəllər həkim övladları atasının yolunu davam etdirirdilər. İndi isə həkim atasının o qədər də evə qazanc gətirmədiyini görən övlad daha qazanclı sahəni seçir".

A. Qeybulla deyir ki, oğlanların tibb sahəsinə marağının azalmasında bu ixtisas üzrə uzunmüddətli təhsil sisteminin olması da durur: "İndi tibb sahəsini seçən gənc məcburdur ki, 11 il oxusun. Həkim olmaq arzusunda olan oğlan fikirləşir ki, həkim olmaq üçün11 il oxumalıdır ki, əli çörəyə çatsın. Bu da gəlib 30 yaşı haqlayır. O zaman həmin oğlanın ailə qurmaq problemi ortaya çıxır. Kişi ailə başçısı olduğundan, onun evlənərkən evə çörək gətirməsi, ailəsini dolandırması şərtdir. Tibb sahəsini seçən oğlanlar bunu nəzərə alıb, arzusunda olsalar belə başqa peşənin arxasınca gedirlər. Tibb sahəsini seçən oğlanlara ailələrinin uzun müddət maddi dəstək olması  lazım gəlir ki, bunu da ancaq imkanlı ailələr edə bilir. Bütün bu amillər, eləcə də tibb sahəsindəki, həkimlərin bizneslə məşğul olması Azərbaycanda kişi həkimlərin sayının azalmasına təsir göstərir. Professor millət vəkilindən fərqli olaraq kişi həkimlərin sayının azalmasının tibb sahəsində boşluq yaradacağı fikrindədir: "Təcrübə göstərir ki, tibbin cərrahiyyə bölməsində  qadın həkimlər uzun müddət işləyə bilmir. Bu iş həm də fiziki baxımdan güc tələb edir. Ona görə də, bu tibbin bəzi sahələrində boşluq, kadr problemi yarada bilər".



Sizin Reklam Yeriniz