Əlaqə Arxiv
news Image
2015.02.05
13:34
| A A A
İştahaçan görünüşlü təamlarda gizlənmiş-TƏHLÜKƏ

Yəqin ki, çoxunuz satışa çıxarılan qidaların, xüsusilə də şirniyat və içkilərin görkəmindəki iştah açan dəyişikliyi hiss etmisiniz. Müxtəlif rəngləndiricilərin və dadvericilərin köməyi ilə alıcıda xoş təam təsəvvürü yaradan bu qidaları loru dildə desək, adamın yedikcə yeməyi gəlir. Müxtəlif meyvə və ədviyyatların dadını əvəzləyən qida əlavələri bizim üçün təhlükəsiz hesab edilsə də, əslində onların orqanizm üçün ciddi təhlükəsi varmış. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma şöbəsinin rəhbəri İmran Abdullayev Movqe.az-a açıqlamasında deyib ki, qidaların tərkibinə rəngverici, dadverici, qatılaşdırıcı, həlməşik gətirici kimi əlavə olunan qida əlavələri ilə bağlı normativ tələblər var: "İlk baxışdan hansısa meyvənin dadını verən, hansısa ədviyyatın qoxusunu verən qida alıcını məmnun sala bilər. Amma iştahla yediyimiz bu qidanın tərkibinə qatılaraq bizə xoş təam təsiri bağışlayan qida əlavələri bəzən təhlükəli də ola bilər. Ümumiyyətlə qida əlavələrinin 15-ə yaxın növü, 1000-dən çox çeşidləri var. Onların hər biri qidaların tərkibinə müxtəlif məqsədlərlə qatılır. Rəngləmək, dada gətirmək, qatılaşdırmaq, müddətini artırmaq. Əslində onların hər biri qidanın tərkibinə normativ akta uyğun əlavə olunmalıdır. Elə təbii əsaslarla hazırlanan qida əlavələri var ki, istehsalçıya icazə verilir ki, onu qidanın içinə özü istədiyi miqdarda əlavə etsin. Amma elə qida əlavələri də var ki, onları qidanın tərkibinə cuzi miqdarda artıq əlavə etmək həmin qidanı qəbul edən insanın orqanizminə ciddi təhlükə yarada bilər. Bunlar kimyəvi əsaslarla hazırlanan qida əlavələridir. Həmin qida əlavəsinin istifadəsində texoloji normativ aktdan kiçik kənarlaşma qidanı qəbul edən insanda alergik reaksiyalara, bağırsaq pozğunluğuna səbəb ola bilər".

İ. Abdullayevin sözlərinə görə, ərzaqda qida əlavəsinin olması onun üzərində "E"  ştrix kodu ilə göstərilir. Qatqı maddələrinin beynəlxalq sistemdə "E" hərfi ilə kodlanaraq işlədilməsi bu maddələr üzərində aparılan təcrübələrin bitdiyini və təsdiqləndiyini göstərir. Onun sözlərinə görə, elə qida əlavələri var ki, onların qidada istifadəsi qadağan edilib: "Təbii boyaq maddələrinin tərkibində boyayıcı  piqmentlər, orqanik turşular, ətirli maddələr və vitaminlər olduğundan, insan orqanizmi onlara tam olaraq uyğunlaşıb. Baxmayaraq ki, onlarda son dərəcə mümkün olan konsentrasiya var, onlar insan orqanizmi üçün təhlükəsizdir. Müasir dövrdə isə, daha çox istifadə olunan süni boyaq maddələri təbiətdə olmayan, suda həll olunan orqanik birləşmələrdir. Qida dəyəri olmasa belə, insan orqanizmi üçün kifayət qədər təhlükəli hesab edilirlər. Hal hazırda qida sənayesində E100-E199 markalı boyalar aktiv istifadə olunur. Aparılan araşdırmalar nəticəsindı bəlli olub ki, Е102, E104, E110, E122, E124, E129 kimi boyaq maddələri uşaq və böyüklərin orqanizminə mənfi  təsir göstərir. Səbəb ola biləcəyi əlamətlər isə müəyyən dərəcəli gərginlik, diqqət konsentrasiyasının pozğunluqları,əhvalın kəskin dəyişməsi,disbakterioz,allergiya,hiperaktiv davranış və s. Ümumiyyətlə isə qida əlavələrinin təhlükə dərəcəsi ÜST tərəfindən müəyyən olunur".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da qida əlavələri ilə bağlı vəziyyətin Azərbaycan qida bazarında heç də arzuolunan səviyyədə olmadığını deyir. Onun sözlərinə görə, elə qida əlavələri var ki, onların qidalara qatılması təhlükəli olsa belə istehsalçılar tərəfindən istifadə edilir: "Çox təəssüf ki, bizdə onu üzə çıxaran ekspertiza yoxdur. Amma ÜST-ün siyahısında onlar insan orqanizmi üçün ciddi təhlükə sayılan qatqılar siyahısındadır. Bu gün bununla bağlı ən təhlükəli vəziyyət kolbasa və meyvə şirələrindədir. Meyvə şirələrinin əksəriyyəti təəssüflər olsun ki, konsentratlardan hazırlanır. Yəni xaricdən gətirilmiş xüsusi meyvə ətirli konsentratların hazırlanır. Həmin konsentratların dad xüsusiyyəti xüsusi kimyəvi maddələrin köməyi ilə meyvələrin dad xüsusiyyətlərinə çatdırılır. Beləcə bunlar təbii meyvə şirəsi adı ilə satılır. Əslində bunların ilkin meyvədən hazırlanması absurd görünür. Amma dünyanın hər yerində bu cür yolla şirələr istehsal olunur. Sadəcə olaraq, mümkün qədər bu tip şirələrdən az istifadə etmək məsləhət görülür. Əhaliyə daha çox tövsiyə edirəm ki, ev şəraitində təbii yolla çəkilmiş, heç bir konsentratı olmayan, tərkibində qida əlavələri, qatqıları olmayan təbii şirələrdən istifadə etsinlər. Konsentratlarla bağlı xeyli problemlər var.  Üstündə halal yazılan kolbasalara da bu cür təhlükəli konsentratlar qatılır. Natrium nitrit NаNО2 (Е250) kolbasanın saxlanma müddətini artırmaq, qızardıcı rəng vermək məqsədi daşıyır. Bu maddə bir çox hallarda onkoloji xəstəliklərə yol açır, zəhərlənməyə, hətta ölümə gətirib çıxarır. Xüsusilə, azyaşlı üşaqlar üçün tərkibində natrium nitrit olan qidaları qəbul etmək təhlükəlidir. NаNО2 (Е250) onlarda sinir xəstəlikləri yaradır. Texnoloji tələbə görə, "E250" 100 kiloqram məhsula 7 qram qarışdırılmalıdır. Konsentrant normanı keçdikdə orqanizmdə konsentrasiya çoxalır, zəhərləyici təsir göstərir".

E. Hüseynov bəzi qida əlavələrinin insan orqanizmi, xüsusilə azyaşlılar üçün ağır xəstəliklərə yol açacaq fəsadlara gətirib çıxardığını bildirir: "Yapon alimləri bəzi qidalarda aroma artırıcı olaraq istifadə edilən monosodium glutamat (E 621) maddəsinin göz hüceyrələrinə zərər verdiyini aşkarlayıblar. Onlar belə bir sınaq keçiriblər. Siçanlara müəyyən miqdarda E621 veriblər, sonradan bu qatışığın göz hüceyrələrinə hücum etdiyini görüblər. Nəticədə siçanlarda görmə zəifliyi yaranıb. Alimlərin fikrincə E621 maddəsinin ən çox istifadə edildiyi Asiya ölkələrində "glaukom" adlı göz xəstəliyinə sıx rast gəlinir. İngiltərədə aparılan araşdırmalara görə isə  qatqı maddələri bəzi uşaqlarda hiperaktivliyə səbəb olur. Alimlər araşdırıblar ki, xüsusilə meyvəli içkilərdə istifadə edilən süni rəngləndirici və süni qatqı maddələri kiçik yaşlı uşaqlara , xüsusilə 3-9 yaş arasındakı dövrdə  pis təsir edir. İngiltərədə qidalardakı standartlara nəzarət edən təşkilat yemək və içkilərdəki qida əlavələri ilə uşaqlarda müşahidə edilən hiperaktiv davranışlar arasında xüsusi bir əlaqənin olduğunu üzə çıxarıb. Məlumatlara görə, E-102 – tartrazin qida əlavəsi insan orqanizmində  qida allergiyası yarada bilir. Hansı ki,qənnadı məhsulları, konfet, dondurma və içkilərdə var.  E128 - konserogen effektli qırmızı boyaq maddəsi Red 2G doğranmış ət məhsulları və sosiska istehsalında ona çəhrayı rəng vermək məqsədi ilə istifadə olunur. Gen dəyişiklikləri yarada bilən genotoksik birləşmədir. E216 və E217 - konservantları bir çox ölkələrdə qadağandır. İnsan orqanizmində qida zəhərlənməsi yarada bilir. E320 - piy və yağlı qatışıqlarda turşuma prosesinin ləngidən antioksidant insan orqanizmidnə xolesterinin artmasına səbəb olur. İstidafə olunduğu məhsullara misal kimi saqqızları çəkmək olar.  E400-499 məhsulun qatılığını artıran stabilizator isə həzm sisteminin problemlərinə səbəb olur. İstifadə olunduğu məhsullar yoqurt və mayonezdir. Qadağan olunmuş E - əlavələri siyahısına bu gün E121 - qırmızı sitrus boyaq maddəsi, E123 - qırmızı amarant boyaq maddəsi, mışyak kimi güclü maddə qrupuna aid edilən E240 - formaldeqid konservantı, E116-117 - qənnadı və ət məhsullarının istehsalı üçün istifadə olunan konservantlar daxildir. Həmçinini bu əlavələr də insan orqanizmi üçün çox zərərlidir: Е103, Е107, Е125, Е127, Е128, Е213-219, Е140, Е153-155, Е166, E173–175, E180, E182, E209, E213–219, E225–228, E230–233, E237, E238, Е240, E241, E252, E253, E264, E281–283, E302, E303, E305, E308–314, E317, E318, E323–325, E328, E329, E343–345, E349, E350–352, E355–357, E359, E365–368, E370, E375, E381, E384, E387–390, E399, E403, E408, E409, E418, E419, E429–436, E441–444, E446, E462, E463, E465, E467, E474, E476–480, E482–489, E491–496, E505, E512, E519–523, E535, E537, E538, E541, E542, E550, E552, E554–557, E559, E560, E574, E576, E577, E579, E580, E622–625, E628, E629, E632–635, E640, E641, E906, E908–911, E913, E916–919, E922–926, E929, E942–946, E957, E959, E1000, E1001, E1105, E1503, E1521".


 

 

Sizin Reklam Yeriniz