Əlaqə Arxiv
news Image
2015.02.06
09:50
| A A A
Yol kənarında bitməyən daş alveri
Əliabbas Bağırov: “Yaxın zamanlarda onların yol qıraqlarında durub-dura bilməmələri məsələsinə tam aydınlıq gətiriləcək” Sevgim Rəhmanov: “Haradasa yolun kənarlarında maşınların dayanıb daş satması kiminsə özbaşnalığı nəticəsində əmələ gəlir”

Yusif Əliyev: "Adətən, küçə ticarəti ona görə qadağan edilir ki, vergidən yayınmanın qarşısı alınsın"


İllər öncə ilə müqayisədə küçə ticarətinin tənzimlənməsi istiqamətində Bakıda ciddi işlərin görüldüyünü deyə bilərik. Bir vaxtlar küçələrdə satılan məhsulların keyfiyyətinə əminlik sual altında olurdusa, digər tərəfdən onlar şəhərin gözəlliyinə gətirdiyi xələllə yanaşı, onun ticarətini aparanlar asanca vergidən yayına bilirdilər. Ancaq deyə bilmərik ki, küçə ticarətindən tam qurtulmamışıq. Xüsusi ilə Bakıətrafı qəsəbələrdə bu, başqa formada daha çox nəzərə çarpır. Mövzumuz ümumi küçə ticarət yox, mişar daşı adlanan konkret məhsulun satışı ilə bağlıdır.

Ölkəmizdə fərdi evlərin də sürətli tikinti dövrünün yaşandığını nəzərə alsaq, mişar daşlarının geniş alıcı kütləsi var. Daş karxanalarının sayı da az deyil. Ancaq problem burasındadır ki, bəzən həmin daşların satışı üçün onlarla ağır tonnajlı maşınların hansısa yolunaqırağında düzüldüyünü müşahidə edirik. Digər satış məhsullarından fərqli olaraq bunlar həm də yol örtüyünün dağılmasına səbəb ola bilirlər. Hansı ki, vətəndaşlar tərəfindən bu əsasla şikayətlər olur.

Mövzu ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov "Mövqe"yə açıqlamasında bildirdi ki, bunlar çox az təsadüf olunan hallardır: "Onlara da departament tərəfindən heç vaxt icazə verilməyib. Eyni zamanda bu istiqamətdə işlər aparırıq. Çünki, son zamanlar yolların kənarında belə hallar çoxalıb. Belə mənzərə ümumiyyətlə, gözəlləşən Bakının bugünkü ab-havasına uyğun vəziyyət deyil. Bundan başqa, qarşıdan Avropa Olimpiya Oyunları gəlir. Şəhərin nəqliyyat sistemində dəyişikliyin əmələ gəlməsi qaçılmazdır. Nəqliyyatın intensiv hərəkətini təmin etmək məqsədi ilə onları yollardan yığışdırmaq üçün əlavə ehtiyac yaranacaq. Bu mənada vaxtında qaldırılmış məsələdir. Ona görə yaxın zamanlarda onların yol qıraqlarında durub-dura bilməmələri məsələsinə tam aydınlıq gətiriləcək. Əgər dura bilərlərsə, xüsusi ərazilər ayrılması nəzərdə tutulacaq. Artıq tərəfimizdən bu istiqmətdə işlərin aparılmasına başlanılıb".

Azərbaycan Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov bildirdi ki, əslində, küçə ticarəti yoxdur demək, düzgün deyil: "Sadəcə, küçə ticarətinin təşkili yoxdur. Hər bir iqtisadi quruluşda küçə ticarəti olub və olacaq da. Onun reqlamenti yoxdur. Reqlament də birbaşa ticarət haqqında qanuna söykənməlidir. Bu gün isə Azərbaycanda ticarət qanunu yoxdur. Ondan çıxarışlarda küçə ticarətinin təşkili təmin olunmalıdır. Bir müddət əvvəl metroda ticarət yığışdırıldı. Mişar daşlarının satılması üçün Bakının özündə və Bakıətrafı ərazilərdə hasara alınmış yerlər mövcuddur. Amma haradasa yolun kənarlarında maşınların dayanıb daş satması kiminsə özbaşnalığı nəticəsində əmələ gəlir. Onun da yerli icra hakimiyyəti orqanları tərəfindən qarşısı mütləq alınmalıdır. Karxanadan buraxılan məhsulun hesab-fakturası olmalıdır".

Sevgim Rəhmanov qeyd etdi ki, hazırda belə daşların satılması üçün xüsusi yerlər mövcuddur: "Maştağa, Zabrat, Mərdəkan yollarında, Şüvəlanda, Novxanıda var. Amma həmin ərazilərə girmək üçün müyyən miqdarda yer pulu tələb olunur. Həmin şəxslər də yer pulu ödəməsinlər deyə, yolların kənarında dururlar".

Pərakəndə Ticarət Müəssələrinin Assosiasiyasının sədri Yusif Əliyev isə mövzuya bir az fərqli yanaşdı: "Bunların hamısı tənzimlənir. Dövlət qurumun göstərişi olsa, o məsələnin həlli çox sadə bir işdir. Hazırda bütün dünyada oxşar proses var. Bu elə bir prosesdir ki, onun tənzimlənməsinə ehtiyac yoxdur. Adətən, küçə ticarəti ona görə qadağan edilir ki, vergidən yayınmanın qarşısı alınsın. Amma daş satışı belədir ki, onun harada satılmasından asılı olmayaraq, onlar qeydiyyatdan keçirlər. Yəni, vergisi ödənilmiş olur. Bu baxımdan daşların satışı elə də ciddi problem yaratmır. Yəni, onların satışına nəzarət edən qurumlar var. 1990-cı illərin əvvəllərində nəzarətsiz satış həyata keçirilə bilərdi. İndi elə hallara çox nadir hallarda rast gəlinir. Şəhərin zahiri gözəlliyinə gəlincə isə, maşınların özləri də şəhər gözlləyinin bir elementidir. Yəni, əgər burada qeyri-adi bir nəsə varsa, dövlət bizlərdən daha tez reaksiya verir".

Sizin Reklam Yeriniz