Əlaqə Arxiv
news Image
2015.02.06
10:30
| A A A
İstifadəsiz qalan Azərbaycan florası
Adil Qeybulla: “Daxili istehsalı yaradaraq bitkilərdən istifadə etməklə dərman preparatlarının istehsalı tamamilə mümkün və realdır”

Azərbaycan özünün zəngin florası ilə də daim xüsusi diqqət mərkəzində yer alıb. Özü də ölkəmizdə yetişən bitkilərin çoxu müalicəvi əhəmiyyətlidir. Bu isə o deməkdir ki, həmin bitkilərdən dərman preparatları hazırlanmasında da geniş istifadə etmək olar. Lakin təəssüf ki, yerli müalicəvi otlardan ölkəmizdə dərman hazırlanması olduqca aşağı səviyyədədir. İndiki vəziyyətdə dərman istehsalı üçün yararlı olan bitki örtüyü bol olsa da, hələ də həmin dərmanların da xaricdən idxalına daha çox üstünlük verilir. Görəsən, Azərbaycan florasından dərman hazırlanmasında istifadə edilməsi mümkündürmü? Bu istiqamətdə hansı addımlar atılmalıdır. Azərbaycan belə bitkilərin ixracını həyata keçirə bilərmi?

Tibb elmləri doktoru Adil Qeybulla bitkilərdən istifadə etməklə daxildə dərman istehsalının həyata keçirilməsini real hesab edir: "Bu gün aptek şəbəkələrinə diqqət etsək, görərik ki, Almaniya istehsalı olan çoxaylı bitkilərdən hazırlanmış preparatları var. Neqsturalar, bütöv həblər, müxtəlif ekstratlar və s. Şərq reseptləri əsasında hazırlanıb. Həmin preparatların tərkibinə daxil olan bitkilərin böyük əksəriyyəti Azərbaycanda yetişir. Yəni, bu ölkədə daxili istehsal sənayesini yaradaraq bitkilərdən istifadə etməklə dərman preparatlarının istehsalı tamamilə mümkün və realdır. Hal-hazırda Şərq təbabətinin nailiyyətləri ilə Qərb təbabətinin nailiyyətləri uzlaşdırılır. Məsələn, qalem preparatlarının tətbiqində belə edilir. Azərbaycanda da kifayət qədər dərman bitkiləri olduğundan həmin Şərq reseptləri tamamilə Azərbaycana tətbiq oluna bilər. Bu, əslində, böyük elmi əsası olan qədim türk təbabətidir. Gələcəkdə tam islahatların getdiyi Azərbaycan səhiyyəsinin mühüm bir strukturu da böyük elmi əsası olan qədim türk təbabəti olmalıdır. Sovet dövründə Farmakopeya və Xalq Təbabəti Mərkəzi yaradılmışdı. Amma təəssüf ki, mərkəz bir müddətdən sonra fəaliyyətini əvvəlki kimi davam etdirə bilmədi. Lakin hesab edirəm ki, bu məsələlər elmi cəhətdən əsaslandırıldığından və kifayət qədər dövlət qayğısının olacağı təqdirdə, bitkilərdən dərman istehsalı və onun elmi mərkəzinin yaradılmasını həyata keçirmək olar".

İqtisadçı ekspert Rəşad Həsənov da məsələyə müsbət yanaşdı: "Hazırda Azərbaycan dərmanlardan, o cümlədən bitki mənşəli dərmanlardan istifadə baxımından idxaldan asılı olan bir ölkədir. Hətta Hindistandan belə ölkəmizə dərmanlar gətirilir. Azərbaycan florasının zəngin olması imkan verir ki, müəyyən bitki mənşəli dərmanlar yerli şəraitdə istehsal olunsun. Azərbaycanda dərman sənayesi vardır, lakin çox kiçik həcmdədir. Ümumi sənayenin tərkibində cəmi 0,6 faiz dərman sənayesi mövcuddur. Bu isə onu deməyə əsas verir ki, bu günə qədər həmin istiqamətə ciddi diqqət ayrılmayıb. Burada əsas problemlərdən biri ölkədə dərman istehsalı ilə bağlı ənənənin olmamasıdır. Azərbaycan daim dərman idxalçısı kimi tanınan ölkələrdən biri olub. Hazırda daha aktual mövzulardan biri qeyri-neft sektorunun inkişafıdır. Eyni zamanda Azərbaycanın valyutasının xaricə axınının qarşısını almaqdır. Bu prizmadan yanaşdıqda dərman bitkiləri istehsalını təşkil etmək mümkündür. Amma dərman istehsalı ənənəsi olmadan ilk dövrlərdə xarici investorların ölkəmizə cəlb edilməsi daha məqsədəuyğun olardı. Bu sahə üzrə ixtisaslaşan təşkilatların Azərbaycanda fəaliyyətinin təmin edilməsi dərman istehsalı həcminin artması və bu sənayenin formaşalması, inkişafına müsbət təsir edərdi. Məlumata görə, Polşa istehsalçıları Azərbaycanda bu istiqamətdə müəyyən işlər görməyə cəhd edir. Bu istiqamətdə Polşanın müəyyən təcrübəsinin olduğunu nəzərə alsaq, onları Azərbaycana dəvət etmək olar.

Hazırda ölkəmizdə qiymətlər çox yüksəkdir. Bunun əsas səbəblərindən biri də odur ki, həmin dərmanlar ölkə daxilində istehsal edilmir. Dərman istehsalı mühitini formalaşdırmaqla bunun qarşısını müəyyən qədər almaq mükündür. Azərbaycan Avropa ölkələri ilə müqayisədə nisbətən ucuz əmək qüvvəsinə malik ölkədir. Burada keyfiyyətli istehsal prosesini qurmaq, rəqabətə davamlı məhsul istehsal etmək mümkün olarsa, bu halda həmin məhsulları inkişaf etmiş ölkələrin bazarlarına da göndərmək olar. İndiki şərtlər daxilində mövcud vəziyyətə uyğun istehsal mühiti formalaşacaqsa, o zaman Azərbaycanda istehsal olunan dərmanlar və bitkilər üçün satış yeri də çox ola bilər".

Sizin Reklam Yeriniz