Əlaqə Arxiv
news Image
2015.02.09
14:35
| A A A
Deputatdan özəl qəbiristanlıq məsələsinə sərt reaksiya: "Papasının gül balaları” üçün də..."

Ölkədə dəbdəbəli məzar daşları, israfçılıqla müşahidə olunan yas mərasimləri ilə bağlı xeyli vaxtdır ki, kampaniya aparılsa da, bu günlərdə Milli Məclisdə məzarlıqlar və məzar daşları ilə bağlı layihənin müzakirəsi bu məsələdə fikir ayrılıqlarına gətirib çıxardıb. Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, məzarlıqlar və məzar daşları ilə bağlı layihə Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsi tərəfindən hazırlanıb və Nazirlər Kabinetinə göndərilib. Hazırda ona Nazirlər Kabinetində baxıldığını vurğulayan M.Quliyev qeyd edib ki, layihədə həm özəl, həm dövlət, həm də bələdiyyə qəbiristanlıqlarının olması nəzərdə tutulub: "Nəzərdə tutulub ki, dövlət və bələdiyyə qəbiristanlıqlarında qəbirüstü daşlar standart olsun, yəni qəbirlərin ölçüsü də, qəbirüstü daşlar da eyni ölçüdə, sıraları da eyni qaydada olsun. Ancaq kim dünyadan köçmüş yaxınının xatirəsini öz istədiyi şəkildə əbədiləşdirmək istəyirsə, onlar özəl qəbiristanlıqlarda istədiyi daşdan, istədiyi formada abidə qoya bilərlər".

Millət vəkilinin bu fikri birmənalı qarşılanmayıb. Cəmiyyətdə ölüsünün məzarı üstündə heykəl ucaldan, onun qəbrinin üstündə məqbərə qoyanlar qınanıldığı ərəfədə özəl qəbiristanlıqların yaradılması, orada insanlara istədikləri formada məzar daşları ucaltmağa qanunla icazənin verilməsinin ayrıseçkiliyə yol açacağı bildirilir. Bu barədə Movqe.az-a danışan millət vəkili Çingiz Qənizadə deyir ki, ölkədə özəl qəbiristanlıqların yaradılmasının qəti əleyhinədir: "Biz xeyli vaxtdır ki, cəmiyyətdə öülüsünü dəbdəbəli şəkildə dəfn edən, israfçılığa yol verərək ehsan süfrəsi açan insanları qınayırıq. Bununla bağlı kampaniya aparırırq. Belə bir ərəfədə maddi durumu imkan verən insanlara ölüsünün dəfnində belə seçilmək üçün ayrıca şəraitin yaradılmasını düzgün hesab etmirəm. Belə çıxır ki, insanların maddi durumuna görə ayrıseçkiliyinə açıq-aşkar şərait yaratmış oluruq. Dövlət qəbiristanlıqlar üçün müvafiq yerlər ayırır, qanunla da, həmin yerlər dünyasını dəyişən insanların yaxınlarından heç bir təmənna güdülmədən verilməlidir. Çox təəssüf edirəm ki, qəbir yerlərinin tanışlıqla, pulla verilməsi halları hələ də var. Bu çox mənfi bir haldır. Biz bu cür halların qarşısını almaq üçün mübarizə aparmalıyıq. İnsanları maddi durumuna görə, fərqləndirməklə ayrıseçkiliyə yol vermiş olarıq. Ona görə də düşünürəm ki, özəl qəbiristanlıqların yaradılması düzgün addım deyil. Onda belə çıxır ki, biz "papasının gül balaları" üçün də özəl həbsxanalar yaratmalıyıq? Bu cür ayrıseçkilik yolverilməzdir. Əgər bizdə özəl qəbiristanlıqlar yaradılsa, şöhrətpərəst insanlar borca, xərcə düşüb belə ölülərini dəbdəbəli şəkildə dəfn edəcəklər".

İlahiyyatçı Elşad Miri  isə məzarlıqların özəl və dövlət kateqoriyalarına bölünməsinin düzgün olmadığı fikrindədir. E. Miri deyir ki, məzarlıqlar bələdiyyələrə tapşırılmalıdır:" Bütün qəbir yerlərini bələdiyyələrə vermək və bölgüyə nəzarəti də onlara tapşırmaqla məsələni tənzimləmək olar. Yəni ölünün hansı ərazidə dəfn olunmasına bələdiyyələr qərar verməlidir.  Bizdə bəzən kimin ölüsü Bakıdadırsa, rayona aparır, rayondadırsa, Bakıya gətirir. Yaxud qəbiristanlığın böyük bir hissəsini hansısa nəsil özünə götürür. Amma bu, müvafiq qaydalarla tənzimlənsə, həm yerə qənaət olunar, həm də özəl qəbiristanlıq deyilən ayrı-seçkilik məsələsi gündəmə gəlməz". İlahiyyatçı deyir ki, ölünün özəl yaxud, dövlət qəbiristanlığında dəfninin dinimizə heç bir aidiyyatı yoxdur: "Dində dünyasını dəyişən insanın dəfni ilə bağlı dörd tələb var. Bunlar ölünün yuyulması, kəfənlənməsi, cənazə namazının qılınması və dəfn olunmasından ibarətdir. Bunlardan başqa ölünün məzarı üstündə adi daş, yaxud bahalı mərmər daşdan abidə ucaltmağın dinimizə və haqq dünyasına qovuşan insana heç bir təsiri yoxdur".

İlahiyyatçı deyir ki, məzarlıqların insanların maddi durumuna gör ayrılması da mənəvi baxımdan düzgün sayılmır: "Allah qarşısında insanlar öz əməllərinə görə cavab verir. Ölülərinin  dünyasını dəyişdikdən sonra,məzarda belə seçilməsi şan-şöhrət ardınca qaçan insanların işləridir".   

 


Sizin Reklam Yeriniz