Əlaqə Arxiv
news Image
2015.02.11
12:30
| A A A
Məleykə Abbaszadə: "Şagirdlər arasında oxuyub yazmağı bacarmayanlar var"
"Çox acınacaqlı haldır ki, 9 və 11-ci siniflərin şagirdləri arasında nəinki minimal tədris proqramını mənimsəməyənlər, hətta oxumağı və yazmağı bacarmayanlar da aşkar olunub. Belələri 11-ci sinif şagirdləri arasında 2 nəfər, 9-cu sinif şagirdləri arasında isə 64 nəfər olub". Movqe.az-ın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün "Abituriyent" jurnalının 12-ci sayının təqdimat mərasimində çıxış edərkən deyib. Onun sözlərinə görə, bu statistika imtahan rəhbərlərinin protokolları əsasında ortaya çıxıb: "Bu cür halların imtahan rəhbərlərinin əksəriyyətinin protokollarında qeyd olunmamasını nəzərə alsaq, yuxarıda göstərilən faktların əslində daha çox və vəziyyətin daha acınacaqlı olduğunu ehtimal etmək olar. Belə şagirdlərin hansı bilik və bacarıqlar sayəsində 9-cu və hətta 11-ci sinfə qədər gəlib çatması TQDK üçün müəmmalı olaraq qalır".

M.Abbaszadə 11-ci siniflər üzrə oxumağı və yazmağı bacarmayan şagirdlərin rayonlar (şəhərlər) üzrə sayını da açıqlayıb. O qeyd edib ki, Ağcabədi və Masallı rayonlarının hərəsində 1 nəfər var. 9-cu siniflər üzrə isə oxumağı və yazmağı bacarmayan şagirdlərin sayı Cəlilabad və Yevlax rayonlarının hərəsində 6 nəfər, Ağcabədi və Masallı rayonlarının hərəsində 5 nəfər, Göygöl, Laçın, Sabirabad və Tovuz rayonlarının hərəsində 4 nəfər, Biləsuvar, Füzuli, Gədəbəy, Goranboy, Göyçay, İmişli, Quba, Şəmkir və Xaçmaz rayonlarının hərəsində 2 nəfər, Bakı şəhəri, Abşeron, Ağstafa, Bərdə, Lənkəran, Qazax, Tərtər və Zaqatala rayonlarının hərəsində 1 nəfərdir.

M.Abbaszadə qeyd edib ki, 9-cu siniflər üzrə buraxılış imtahanında bölgələr arasında ən yüksək nəticəni Şahbuz rayonu, Sumqayıt, Naxçıvan, Bakı və Mingəçevir şəhərləri, Ordubad, Qubadlı, Abşeron və Qax rayonlarının şagirdləri göstəriblər. Ən aşağı göstəricilər isə Ağcabədi və Sabirabad rayonlarının şagirdlərinə (müvafiq olaraq 18.0 və 17.8 bal) məxsus olub.

11-ci siniflər üzrə buraxılış imtahanında ən yüksək nəticəni Mingəçevir şəhəri, Qax, Şahbuz rayonları, Naxçıvan, Sumqayıt və Bakı şəhərləri, Xızı, Naftalan və Qubadlı rayonlarının şagirdləri əldə ediblər. 9-cu və 11-ci sinif şagirdlərinin hər bir fənn üzrə nəticələrinə nəzər salsaq, görərik ki, ən yaxşı nəticələri türk liseyləri, TN tabeli və özəl liseylərin şagirdləri əldə ediblər.
Sizin Reklam Yeriniz