Əlaqə Arxiv
news Image
2015.02.11
13:21
| A A A
MASALLI BAKIYLA QOL-BOYUN OLMUŞDU...

...O gün paytaxt Baki Masallılaşmışdı. Fevralın 10-u olsa da hava da yaz havası kimiydi, baharın təzə qədəminə bənzəyirdi.Yer, göy təbəssüm içəricindəydi. Günəş gülümsəyir, mavi Xəzər əvvəlkitək dalğalanirdı, elə bil Bakı qonaqlararının gəlişini bilib "sevinirdi", dalğaları bərq vururdu. Hər yerdə, hər guşədə "Bölgələrdən paytaxta" adlı yeni layihəyə "Cənub mirvarisi" Masallının təqdimatı keçirilməsi barədə afişalar vurulmuşdu. Dənizkənarı bulvardan keçıb Əziz Əliyev küçəsi ilə mühüm tədbirin keçiriləcəyi Azərbaycan Dövlət Musiqili Teatrına gəlirdik. Jurnalistlik heyranlığı ilə ötüb-keçənlərdən teatrın səmtini öyrənməyə çalışdıq. Amma, gördüm deyən olmadı. Qeyri millətdən olan bir qadına da sual verdik:

-Deyə bilərsinizmi Azərbaycan Dövlət Musiqili Teatrı harada yerləşir?

-Yaxındakı svetofordan keçib o biri tinə keçin, görəcəksiniz...

Elə də etdik. Köhnə xatirəmin cığırına düşüb, Musiqi Teatrını tapdıq. Hələ sakitlik idi. Amma, teatrın ikinci mərtəbəsində məşqlər gedirdi. Məşqçilər tələsir, bir dəfə etdiyi hərəkəti, səsin tempinə uyğun təkrar edir, oxuyur, oynayırdılar. Bir dəfə olunan hərəkəti bir neçə dəfə təzədən təkrarlayırdılar. Vaxta hələ var idi. Başqa zaldan keçib əsas giriş qapısına çatanda elə bil Masallı təbiətinin, Masallı mətbəxinin... şahidi olduq. Masallı yazarlarının və əslən Masallıdan olan qələm sahiblərinin müxtəlif illərdə çap olunmuş kitabları sərgilənirdi. Burada hər şeyi görmək olardı. Elə bil Masallı bura köçmüşdü. Hər kənddən olan tanış üzləri burada gördü. Dulusçudan tutmuş, misgərədək, sandıqçıyadək... Görüşdük, hal-əhval tutduq. Axı, onlar çətin, məsuliyyətli imtahan qarşısında idilər. Gördükləri işlərin hesabatı, bir tərəfdən də Masallını, masallılığını nümayiş etdirəcəklər. Hər şey onlardan asılı idi. Adamların, gələnlərin sırası getdikcə genişlənirdi. Onların arasında Masallıdan olan alimlər, mədəniyyət, incənət ustaları, onların dəvət aldıqları qonaqlar...Gələnlər ilk baxışda Masallı Rayon İcra Hakimiyyətinin tərtib etdikləri çoxtirajlı "Masallı" fotoalbomuna və ona əlavə olunmuş diskə baxırdılar. Əvvəlcə tədbir iştirakçıları Masallı rayonunun sosial-iqtisadi inkişafını, zəngin mədəniyyətini, adət-ənənələrini, mətbəx nümunələrini, dekorativ tətbiqi sənət ustalarının əl işlərini, bölgənin turizm imkanlarını əks etdirən sərgi ilə yaxından tanış olurdular.


Tədbirdə iştirak edən "Növqe.az" saytının əməkdaşı Ə.Şükürov xəbər verir ki, Masallı Rayon İcra Hakimiyyəti Başçının müavini hörmətli Nəsir Muxtar oğlu Muxtarlı məlumat verirdi, həm də ürəyi məşqkeçənlərin yanında qalmışdı. Elə "Masallı" fotoalbomuna ilkin diqqət yetirən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev oldu, yüksək, nəfis şəkildə olduğunu qeyd etdi, sərgüdəki nümayişə və qonaqpərvərliyinə görə iştirakçılara, şəxsən Masallı Rayon İcra Hakimiyyəti Başçısı hörmətli Rafil İsrafil oğlu Hüseynova çatdırılmasını xahiş etdi.Və nazirin içəri daxil olması ilə Masallı təqdimatının başlanması xəbəri verildi. Aparıcılar əvvəlcə Masallı haqqında sənədli filmi təqdim etdilər. Filmin mətnini- "Bölgələrdən paytaxta" adlı yeni layihəyə "Cənub mirvarisi"nin ssenari müəllifləri "Yeni həyat" Masallı rayon qəzetinin əməkdaşlarıdır. Mətni onlar hazirlamışlar. Videogörüntülərdə mətn belə başlanır: "Gül-gülü çağıran gülüstandır Masallı! Qədir-qiymət etalonunda açıq ürəklə onu Cənub mirvarisi adlandıran da haqlıdır, digər təşbeh sahibi də! Cənub bölgəsinin bu "Qızıl qapı"sından keçənlər duz-çörəklə, xoş ülfətlə qarşılanır. Xalqımıza xas gözəl adətləri, milli-mənəvi dəyərləri qiymətli əmanət kimi qoruyub bu günə gətirib masallılar!

Bu qədim və müqəddəs torpağa ayaq basanlar iqlim qurşaqlarının, zümrüd meşələrin, bərəkətli tarlaların, istirahət-turizm yerlərinin, şəfalı-səfalı qaynar bulaqların bəxş etdiyi xoş ovqatla üz-üzə, ürək-ürəyə yaşayır.

Ayağını mavi Xəzər yuyan, köksündə Qızılağac qoruğu, Muğanın bərəkətli zəmiləri cərgələnən, qoynunda atlas meşələr sıralanan, qolları uca Talış dağlarını qucaqlayan Masallının panoramı hər kəsi ovsunlayır, məftun edir, sehrə, möcüzəyə dönür. Yurd yerimiz Lənkəran, Cəlilabad, Lerik, Yardımlı, Neftçala rayonları ilə əhatələnib. Qışı, yayı, payızı da bahar təravətlidir. Fəsillərin çulğalaşdığı, qaynayıb-qarışdığı, növbələşə bilməyib bir-birinin bəzəyinə büründüyü möcüzəli yurd yeridir Masallı!

Nazlı-nazlı cilvələndi, baxdım, dedim:

təbiətin qız vaxtıdır Masallı!

Küçələrdə qızılgüllər sel kimiydi,

dedim, bəlkə qızılgülün paytaxtıdır Masallı!

Xəritədə bapbalaca boyu olsa da toyu, büsatı, şənliyi, bəxtəvərliyi, yüksək iqtisadiyyatı, gözəl həyat tərzi, bar-bəhəri tükənməzdir bu yurdun.

Torpaq – əgər uğrunda ölən varsa, Vətəndir! – timsalında bu yurdu tanıdıb, şöhrətləndirən oğulları var. Qarabağ müharibəsində beş min övladımız vuruşub. Onlardan 178 nəfəri şəhid olub, 30-u itgin düşüb, 500-dən çoxu yaralanıb.

3 döyüşçümüz - Səfəralı Məmmədov, Elşad Hüseynov və Elşad Əhədov ən yüksək ada – Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. Elşad Əhədov, Elşad Ağayev və Maqsud Əhədov "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 76 mənzildən ibarət 3 yaşayış binası inşa edilib.

Böyük Vətən Müharibəsinə getmiş 11 min Masallı əsgərindən 1573 nəfəri itgin düşüb, 5 mindən çoxu həlak olub.

Ərazisi 721 kvadratkilometr, əhalisi 210 min nəfərdir. Masallı şəhəri, Ərkivan və Boradigah qəsəbələri, 100 kənd son illər abadlıq, tikinti-quruculuq estafetinə çıxıb...

Ölkəmizin tikinti-quruculuq işlərində, həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində görülən tədbirlərə Masallı da qoşulub. Rayonumuz ümumi inkişafın ön cərgəsindədir.

Rayonda təhsilin uğurları ildən-ilə artır. Hər il 300-ə yaxın məzun Azərbaycanın ayrı-ayrı universitetlərinə, xarici təhsil müəssisələrinə qəbul olunur.

99 ümumtəhsil məktəbində 27 minə yaxın şagird oxuyur, onların təhsili ilə 2760 müəllim məşğul olur. Mövcud məktəb binalarının əksəriyyətinin yenidən tikilməsi, əsaslı təmir edilib müasir avadanlıqla təmin olunması təhsilin inkişafında stimuldur. On ildə 42 məktəbin təmiri və ya yenidən qurulması Masallıda tikinti sürətinin bir qoludur.

Tikinti və abadlığın digər qolları səhiyyə, mədəniyyət, sənaye, kənd təsərrüfatı yönümlü sahələrdə də inkişaf etdirilir. Yaşayış məntəqələrinin 70 faizi qazlaşdırılıb. 24 saat işığımız var, elektrik təsərrüfatında yeniləşmə işinə başlanıb.

Rayonda ümumi sahəsi 159,8 min kvadratmetr olan fərdi evlər tikilmişdir.

Küçələr, prospektlər təzələnib, parklar, xiyabanlar salınıb. Ölkə rəhbərinin rayona səfərləri zamanı onlarca obyekt istifadəyə verilib. Möhtəşəm idman məbədinə dönən Olimpiya İdman Kompleksinin əsası 2004-cü il noyabrın 9-da Prezident İlham Əliyev tərəfindən qoyulmuş, 2007-ci il aprelin 9-da dövlət başçısının iştirakı ilə açılmışdır. Kompleksin 700-dən çox tamaşaçı tutumu var. Burada beynəlxalq səviyyəli yarışlar, kütləvi idman oyunları keçirilir. Bu gün idman məktəblərində 10-a yaxın əməkdar məşqçi və ya fəxri bədən tərbiyəsi və idman işçisi çalışır.

Müasir üslubda yenidən qurulan Gənclər Mərkəzi 2013-cü il martın 13-də Prezident cənab İlham Əliyevin xeyir-duası ilə istifadəyə verilib. M asallı gəncləri burada asudə vaxtını səmərəli keçirir.

2014-cü ilin 4 sentyabrı da bizim üçün fərəhli gün idi: ölkə rəhbəri Mədəniyyət evinin və Heydər Əliyev Mərkəzinin əsaslı təmirdən sonra, YAP rayon təşkilatı üçün bina, Taek-vondo və Boks mərkəzlərinin açılışını etdi.

2011-ci ildə yenidən qurulan şahmat məktəbi bu oyunlara marağı daha da artırıb. Bundan sonra Boradigah idman kompleksinin istifadəyə verilməsi də idman həyatında əlamətdar oldu.

Rayonun səhiyyəsi də müasir tələblər səviyyəsində qurulur. Əhaliyə 250 həkim, 500-dən çox tibb işçisi xidmət edir, hər il yeni-yeni tibb ocağı istifadəyə verilir. Bir ay əvvəl Boradigah qəsəbə və Kalinovka kənd sahə xəstəxanaları yüksək keyfiyyətlə əsaslı təmir olunub, istifadəyə verildi. Mərkəzi xəstəxananın bütün korpuslarında əsaslı təmir işləri davam etdirilir.

Zərifə Əliyeva adına Respublika Göz Xəstəlikləri İnstitutunun Masallı regional şöbəsində cərrahi blok, laboratoriya, müasir avadanlıqla təchiz olunmuş müayinə otaqları fəaliyyət göstərir.

Ağ ciyər xəstəlikləri xəstəxanası da son illərdə təmir edilmiş, müasir avadanlıqla təchiz olunmuşdur. İnsanlar 35 çarpayılıq xəstəxanada qəbul, intensiv palata, USM, müasir laboratoriya və rentgen kabinetinin yardımından bəhrələnir.

Möhtərəm Prezidentimizin təsdiq etdiyi "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurlu nəticələrini Masallının timsalında daha aydın görmək olar. Rayon üzrə nəzərdə tutulan tədbirlər yerinə yetirilmiş, əsas mikroiqtisadi göstəricilərdə artım əldə edilmişdir. On ildə məhsul istehsalı 2,6 dəfə artmış, istehsal istehlakı üstələmişdir. Orta aylıq əmək haqqı 6,5 dəfə, pensiyaların orta məbləği 5,8 dəfə yüksəlmişdir. Rayonda 25.305 iş yeri açılıb ki, bundan da 15.344-ü daimidir.

Rayon sənayesini 650 nəfər işçisi olan "EMBAWOOD" MMC-nin mebel fabriki, "NUR-M" MMC-nin konserv və qida məhsulları zavodu, "Fəxrəddin-K" MMC, "Qala-95" MMC-nin, "Kənan" şirkətinin kərpic, "Bayram-M", "Elnur-2" asfalt-beton müəssisələri təmsil edir. 

Tikinti quruculuq müstəvisində iqtisadi yüksəliş mədəni-mənəvi sferaya keçir. Masallının səfalı və görməli yerində Bayraq meydanı inşa edilir. Şəhərin ortasından keçən Viləş çayının hər iki sahilində park-bulvar kompleksi salmaq üçün işə start verilib.

Rayonunda 43 klub müəssisəsi (15 mədəniyyət evi, 28 klub), mərkəzi kitabxana və 51 kitabxana filialı, tarix-diyarşunaslıq muzeyi fəaliyyətdədir. Uşaq incəsənət məktəbi, rəsm qalereyası, Heydər Əliyev Mərkəzi, mədəniyyət-istirahət parkı da xalqın istifadəsindədir.

Yurd tarixi. Masallı Cənubi Qafqazın qədim tarixə malik, lakin az tədqiq edilən bölgəsidir. Rayonun məşhur Ərkivan qalası ölkə əhəmiyyətli danışmaz tarix və mədəniyyət, o cümlədən memarlıq abidələri sırasına daxil edilmişdir. Qala bizim eranın əvvəlində tikilib. Tarixçi Tofiq Əzizov qalanın kərpic nümunələrinə istinadən, istehkamın inşasını IV–V əsrlərə aid edir.

Talış dağlarının Dəmbəlov zirvəsində e.ə V–I əsrlərə aid daş qutu nekropolu aşkar edilib. Güllütəpədəki qəbir nekropolu e.ə III–I əsrlərdən, Əmirtürbə nekropolundan biri antik dövrdən, digəri isə I–II əsrlərdən nümunədir. Tunc və dəmir dövr kurqanının bir neçəsi Masallı şəhərində, Hişkədərə, Mahmudavar, Şatıroba, Köhnə və Təzə Alvadı, Qəriblər, Xıl kəndlərindədir. Muğanda qədim yaşayış yeri hesab olunan obeyktlərə e.ə II–I minilliyə aid Şərəfə kənd kurqanı, X–XII əsrlərin Şəhriyar şəhər yeri daxildir. Yelağacda qocaların Babək qalası adı ilə ünvan verdiyi IX əsr istehkam qalıqları, XIX əsrin birinici bölümündə inşa edilən 46 məscid də xalqımızın mədəniyyət abidəsi kimi mühafizə obyektidir.

Heydər Əliyev Mərkəzi. Masallı camaatı bütün tarixi proseslərdə ulu öndər Heydər Əliyevin tərəfində olub onun ideyalarına sədaqət göstərdiyi kimi, dahi rəhbər də bizdən diqqət və qayğısını əsirgəməyib. Masallılar siftədən necə görüb-götürübsə, eləcə də 93-cü ildə Heydər Əliyevin arxasınca gediblər. Tarixin sınağından çıxmış dahi rəhbər və yaratdığı Yeni Azərbaycan Partiyası bütün ölkə kimi Masallıya da firavan həyat, xoşbəxtlik, səadət gətirdi. Dünən hər addımına qurban deyilən lider üçün bu gün qəlblərdə abidə qoyulub. Masallılar dahi öndərə olan mənəvi ehtiyacını bu gün onun adına ucaldılan müqəddəs yerlərin ziyarətində tapır. 2008-ci ildə rayon mərkəzində, ən baxımlı yerdə inşa olunan Heydər Əliyev müzeyi və onun qarşısında – böyük siyasi xadimin əzəmətli heykəli on minlərlə Heydər fədaisinin müqəddəs ziyarətgahıdır.

2013-cü ildə əsaslı təmir olunaraq yenidən qurulan muzeyə Heydər Əliyev Mərkəzi statusu verilib. Burada ümummilli liderin ictimai-siyasi fəaliyyətinin təbliği ilə yanaşı bir neçə məktəb və dərnək də işləyir. Məktəbli-gənclər milli rəqs məktəbində, kompyuter, xarici dil, rəssamlıq, xalq sənəti – xalçaçı, həsirçi, dulusçu, zənbilçi dərnəklərində müvafiq vərdişlərə yiyələnir, ekologiya sinfində yerli flora-faunaya aid məlumat əldə edirlər.

Tarix-diyarşünasılıq muzeyi. Heydər Əliyevin 1969-cu ildə respublikaya rəhbər gəlməsi bir çox sahədə olduğu kimi milli-mənəvi dəyərlərin qorunub inkişaf etdiriliməsində də mühüm rol oynadı. Hişkədərəli Əməkdar müəllim Rəhim Tağıyevin illərlə topladığı, lakin məktəbdə, evdə, klubda dağınıq halda saxladığı tarixi eksponatların da bəxti onda açıldı. 1978-ci ildə Hişkədərədə dövrün tələbinə uyğun bina inşa edildi, rayon tarix-diyarşünaslıq muzeyi yaradıldı. Hazırda Heydər Əliyev parkı ilə yanaşı muzeyin yeni və müasir üslublu binası istifadəyə verilməkdədir.

"Həcər". Masallı folklorunda önəmli yer tutan Muğan xalq ifaçılıq məktəbinin yaranışı 1920–30-cu illərə təsadüf edir. Təklə, Xırmandalı, Həsənli, Qarğalıq, Çaxırlı, Şərəfə, Yeddioymaq, Kalinovka, Qızılağacda formalaşan deyişmə dəstələri hələ o dövrdə xalq yığnaqlarının bəzəyi idi. Bu gün Şərəfədə fəaliyyət göstərən "Həcər" folklor kollektivi qədim ənənələri özündə əks etdirən retro-şənlik dəstəsidir. Əsasən yaşlılardan ibarət Şərəfə nəğməkarları bu gün də mədəni-kütləvi tədbirlərdə, el mərasimlərində çıxış edir, qədim nəğmələri yeni biçimdə təqdim edirlər.

"Halay". Mahmudavar kənd mədəniyyət evinin "Halay" folklor mahnı və rəqs kollektivi 50-ci illərin ortalarında Ümbülbanu Cəbiyevanın təşəbbüsü ilə yaradılıb. Kollektivin səyi ilə ölkəmizdə və onun hüdudlarından kənarda milli-mənəvi dəyərlər təbliğ edilir. "Halay"a böyük etimad göstərilib, xalq kollektivi adına layiq görülüb. Ucqar kənddən başlanan yol "Halay"ı respublikanın titullu səhnələri ilə yanaşı daha uca zirvələrə - Macarıstan, İraq, Türkiyə, Rusiya (Moskva, Rostov, Mahaç-qala)–ümumillikdə 30-a yaxın ölkənin səhnəsinə yüksəltmişdir.

Bundan əlavə oğlanlardan ibarət "Masallı" rəqs qrupu, "Halay"ın veteranlar qrupu, incəsənət məktəbinin rəqs qrupu da milli oyun və rəqslərin öyrənilməsi, folklorun təbliğində səy göstərir.

Xalq dram teatrı. N.Gəncəvi adına rayon mədəniyyət mərkəzinin dram teatrı uzun illərdir ki, maraqlı səhnə təcəssümü və tərtibatı ilə tamaşaçı xidmətindədir. Kollektivin repertuarına müxtəlif dövrləri və müxtəlif tarixi prosesləri əks etdirən əsərlər – "Mahnı dağlarda qaldı" (İ.Əfəndiyev), "Adamın adamı" (Anar), "Həmyerlilər" (A.Məmmədov), "Xocalıdan gələn səslər" (M.Hüseynzadə), "Əsir qadın" (M.Abdulla), "Qaçqın gəlin", "Şəhidlər anası" (N.Ədiloğlu), "Xalam mənim dayımdır" (M.Muxtarov), "Çalınmaz toy" (Q.Bəxtəvər) dramları xüsusi yer tutur. Qrupa 1979-cu ildə Xalq teatrı adı verilib.

Kitabxana sistemi. Masallıda ictimai kitabxana 1924-cü ildə muzdurlar komitəsinin qərarı ilə yaradılıb. Komitə üzvləri Abı Mirzəyev, Həsən Kərimov, Qulamhüseyn Məmmədov və Kamil Filatovun səyi ilə 250 kitab əldə edilərək qiraətxana təşkil olunub. 15 oxucu ilə işə başlayan kitabxana 1930-cu ilədək tacir rastasında, ora soküləndən sonra isə Mircavad bəy Talışxanovun mülkündə fəaliyyət göstərib. 1970-ci ildə mərkəzi kitabxananın müasir binası istifadəyə verilib. Kollektiv 1978-ci ildən mərkəzləşmiş kitabxana sistemi kimi xidmət göstərir. Hazırda MKS-nin 420,5 min nüsxəlik fondu, 36,1 min oxucusu var.

Uşaq incəsənət məktəbi. Tədris müəssisəsində 8 bölmə üzrə 81 pedadoq-musiqiçi fəaliyyət göstərir, uşaqlara milli musiqimizin, habelə rus və Avropa bəstəkarlarının əsərlərini sevə-sevə öyrədir. Prezident İlham Əliyevin diqqət və qayğısının bəhrəsi sayəsində incəsənət məktəbi üçün müasir biçimli bina inşa edilir.

Rəsm qaleyerası. Cəmi 5 nəfər ibarət olan kiçik kollektivin gördüyü işlər sevindiricidir. Rayonda keçirilən, demək olar ki, bütün tədbirlərin dekorasiya işi, tərtibatı yerli rəssamların öhdəsinə düşür. Gənc rəssamların əl işi müxtəlif sərgilərdə nümayiş etdirilir. Kollektivin rəhbəri bacarıqlı rəssam və yorulmaz insan–62 yaşlı Tofiq Fərəcov bu gün də gənclik həvəsi ilə çalışır.

Turizm. Ölkə Prezidentinin tapşırığı ilə Masallının turizm infrastrukturu müasirləşdirilir. 31 turizm obyektindən 26-sı lisenziya ilə işləyir. "Gülüstan", "Olimp", "Qala", "Dəştvənd", "Nağıl dünyası", "Baba bulağı", "Dəmirağac" istirahət mərkəzləri... "Viləş", "Masallı otel" mehmanxanaları, "İstisu" sanatoriyası turistlərin daha çox üstünlük verdiyi obyektlərdir.

Bu gün Masallıya təkcə Bakıdan və ətraf bölgələrdən deyil, MDB-dən, xarici ölkələrdən də dincəlməyə gəlirlər. Meşələr və dağlar qoynunda yerləşən istirahət mərkəzləri, Viləşçay dəryaçası füsunkar çəmən-çiçəkləri, yaşıllığı, bum-buz bulaqları, ürəyə məlhəm olan sərinliyi ilə qonaqların pişvazındadır. Gələnlər Masallı mətbəxinin ləziz və tamlı yeməklərindən nuş edir, yerli aşpazların əl işinə bələdçilik imkanı qazanır. Yerli bərni və saxsı qablarda hazırlanmış piti, düşbərə, dovğa, növbəöv plovlar, basdırma-kabab, cücə-balıq ləvəngilərindən dadanlar bir də bura gəlmək ümidilə bizdən ayrılır.

Son illər Masallının zəngin folkloruna, tarixi abidələrinə, xalq səhətkarlığına maraq daha da güclənmişdir. Araşdırmalar nəticəsində məlum oldu ki, burada əsrlərin dərinliyinə gedən zəngin mədəni-mənəvi irs qorunur. Ərazi 168 sirli abidə, qala, saray, ziyarətgah, hamam, bulaq məskənidir. Bunlardan 51-i tarix və memarlıq, 70-i arxeoloji, qalanı isə 20-ci əsr abidəsidir.

Son üç ilin inkişaf və tərəqqisi mədəni həyatımızda daha qabarıq əks olunmaqdadır. Masallı 2012-ci ildə Azərbaycanın folklor paytaxtı elan olundu. Həmin ildən başlayaraq mütəmadi keçirilən I, II və III Beynəlxalq Folklor festivallarında onlarca ölkədən gələn xalq sənətkarları iştirak edib. 2013-cü ilin festivalı ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olundu. Hər festival millətlərin mədəniyyət bayramına çevrildi. Bəzi səhnələr tamaşaçı vəhdəti və dəstəyi ilə daha da canlanırdı. Tədbirlərdə Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, ölkənin tanınmış folklorşünasları, incəsənət xadimləri, şair-yazıçılar da iştirak edirdi. Mədəni-mənəvi oxşarlığımız olan Türkiyə və İrandan, qonşu Rusiya Federasiyasının Dağıstan, Kabarda-Balkar muxtar respublikalarından, Qazaxıstan, Gürcüstan, Latviyadan, blokadada olan Naxçıvandan, ayrı-ayrı rayonlardan gələn qonaqları yüksək səviyyədə qarşılayıb, yola saldıq. Xalqımıza xas ən yüksək qonaqpərvərlik nümayiş etdirildi. Folklor bayramlarının ölkə və beynəlxalq informasiya vasitələri ilə yayımı təmin olunmuşdur.

Artıq təşkilat komitəsi 2015-ci ilin festivalına ciddi hazırlıq görməkdədir.

Xalqa məxsus mənəvi dəyərlərin – folklor incilərinin toplanmasında da uğurlu addımlar atılıb. AMEA-nın folklor institutunun əməkdaşları kənd sakinləri ilə görüşüb, zəngin ağız ədəbiyyatını toplayıb yazıya gətirdilər.

Professorlar Füzuli Bayatın "Masallı folklor örnəkləri" və Fərahim Sadıqovun "Masallı folkloru" ikicildlikləri belə yaranıb.

XX əsrdə Masallı Azərbaycana və dünyaya 230-dan çox elmlər doktoru və namizədi, 6 general, 100-ə yaxın yazıçı və şair, müxtəlif sahələrdə çalışan nüfuzlu şəxslər verib: Əvəz Cəbiyev, Heybət Abdullayev, Gülhüseyn Hüseynoğlu, Bahadur Tağıyev, Bağır Bağırov, Abduləli Abdullayev, Musa Quluzadə, Vaqif Nəsirov, Vaqif Yusifli, Elmira Axundova, Rahid Ulusel, Vəsadət Əzizov, Cəbrayıl Ələkbərov, Fərman Abdullayev, Anar İsgəndərov, Nəsirağa Məmmədov, Qorxmaz Mikayılov... Onların neçə-neçə kəşfi istehsalatda tətbiq olunur, geniş səmərə verir.

Prezident təqaüdçüsü olmuş Rəsmiyyə Sadıqova, xalq artisti İlham Əsgərov, əməkdar artistlər Baloğlan Əşrəfov, Lalə Məmmədova, Nizami Mirzəyev və onlarca sənətkarın milli incəsənətin inkişafında rolu danılmazdır.

İqtisadiyyat sahəsindəki uğurlarına görə SSRİ dövründə 50-dən çox yerlimiz Sosialist Əməyi Qəhrəmanı fəxri adına və Lenin ordeninə layiq görülüb.

...Hər açılan səhər müstəqil ölkəmizin dilbər parçası olan Masallının uğurlarını yazır. Yurdumuzun firavan anları xoş övqatla yaddaşlarda qalıb tarixə çevrilir. 2015-ci ilin bərəkət-ruzi ətirli günləri tarlalarda, tikinti sahələrində, xidmət obyektlərində, təhsil-mədəniyyət və səhiyyə ocaqlarında çalışanların xoş ovqatından xəbər verir. İnsanlar laləzar donlu, cənnət misallı Masallıya növbəti yaraşıq verir, ona yeni həyat, yeni nəfəs gətirirlər... "

Sonra tədbirdə söz Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə verildi. O, çıxış edərək bildirdi ki, son illərdə Azərbaycanda mədəniyyət və turizm sahəsinin inkişafı istiqamətində görülən ardıcıl tədbirlər regionlara da öz müsbət təsirini göstərib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına təkan verən Dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çoxlu sayda yeni muzey, kitabxana, musiqi məktəbi, mədəniyyət mərkəzləri istifadəyə verilib, tarixi abidələrin bərpası istiqamətində mühüm işlər görülüb. Əlamətdar haldır ki, regionlarda respublika səviyyəli tədbirlərlə yanaşı beynəlxalq tədbirlərin təşkili ənənə halını alıb.

Nazir daha sonra danışdı ki, Azərbaycanın qədim və zəngin mədəniyyətinin geniş təbliğ edilməsi, regionlararası mübadilənin gücləndirilməsi, bölgələrin mədəni və turizm potensialının nümayiş etdirilməsi məqsədilə cari il ərzində Bakı şəhərində respublikanın şəhər və rayonlarının incəsənət ustalarının "Bölgələrdən paytaxta" adlı mədəni tədbirləri təşkil olunacaq. Bu yeni layihədir və bu gün onun icrasına start verilir. Birinci Masallıdan başladıq ona görı ki, bu sahədə onların böyük təcrübəsi var, bir neçə beyhəlxalq festivallara ev sahibliyi ediblər. Mən buna görə Masallı Rayon İcra Hakimiyyəti Başçısı hörmətli Rafil Hüseynova təşəkkürümü bildirəsiniz. Layihə çərçivəsində Qəbələ, Quba, Şəki, Gədəbəy, Abşeron, Gəncə və İsmayıllı rayonlarının Bakı şəhərində mütəmadi tədbirləri keçiriləcək. Bu təqdimatlar hər bir regionun qədim tarixini, ənənələrini, incəsənət nümunələrini daha geniş formada tanıtmağa, nümayiş etdirməyə imkan verəcək. Mən əminəm ki, bu layihədə birinci start verdiyimiz Masallıda yeni-yeni istedadlı gənclərin üzə çıxmasına, tanınmasına və gələcəkdə Azərbaycan mədəniyyətinə böyük töhfələr verməsinə səbəb olacaq.

Sonra tədbir "Masallı incəsənət ustaları" adlı konsert proqramı ilə davam edib.

Rayonda fəaliyyət göstərən musiqi kollektivlərinin və incəsənət ustalarının çıxışları alqışlarla qarşılanıb.

Konsert proqramı bir-birini əvəz etdi. Atomoğlan Zahidov Cənublu şair VAQİF HÜSEYNOVUN məşhur "MASALLIDADIR" mahnısı şənliy şirinlik qatır:


Gözəllik sərgisi deyim bu yerdə,

Çiçəkli ormanlar Masallıdadır.

Lalələr qızarır şaxta, qarda,

Güllər, gülüstanlar Masallıdadır.

Deyin bu torpağın harda tayı var?!

Hər cür sovqatı var, hər cür payı var.

Faraş tərəvəzi "buket" çayı var,

Bağçalar, bostanlar Masallıdadır.

Dağların zirvəsi buluda çatır,

Söyüdlər saçını çiyninə atır.

Burda min kitabın mövzusu yatır.

Nağıllar, dastanlar Masallıdadır.


Aysel Nərimanova, Miriş Hüseynov, "məşhur "Halay" folklor kollektivi, "Həcər" ancamblı və başqaları məclısə musiqi yaraşığı gətirdilər...

Nağaraçılar ansamblı da maraqlı oldu. Sonra səhnəyə Masallı Rayon İcra Hakimiyyəti Başçının müavini hörmətli Nəsir Muxtar oğlu Muxtarlı və Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Əlikram Əliyev çıxdı. Nəsir müəllim Masallı Rayon İcra Hakimiyyəti Başçısı hörmətli Rafil Hüseynovun salamını tədbir iştirakçılarına çatdırdı. və Masallı icəsənət və xalq adət-ənənlərini yaşadan"Masallı" stend - suvenirini Əlikram müəllimə təqdim etdi. O da öz növbəsində Masallı, masallılar haqqinda danışdı, Nəsir müəllimə baş idərənin hədiyyə və suvenirlərini təqdim etdi.

Azərbaycan Dövlət Musiqili Teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Bölgələrdən paytaxta" adlı yeni layihə baş tutdu, ənən şəklini alacaq.

Biz isə gəldiyimiz yolla arxaya gəlirdik. Teatrdan çıxanlar biri-birindən ayrılmaq bilmirdilər. Lojalarda, sıralarda bir yer boı qalmamışdı...

Sizin Reklam Yeriniz