Fevralın 12-də Binəqədi rayonunun 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş hesabat iclası keçirilmişdir. Tədbirdə həmçinin, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə elan etdikləri "Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanmış, qaliblər mükafatlandırılmışlar.
Hesabat iclasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Fondun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatları - Madər Musayev, Rafael Cəbrayılov, rayonun müxtəlif təşkilatlarının, habelə aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək dahi rəhbərin xatirəsini ehtiramla yad etmişlər.
Hesabat iclasında əvvəlcə Binəqədi rayonunun 2014-cü ildə sosial-iqtisadi, mədəni və humanitar sahələrdəki uğurlarından bəhs edən film nümayiş olunmuşdur.
Binəqədi Rayon İcra
Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov toplantı iştirakçılarını
salamlayaraq 2014-cü ildə rayonda həyata keçirilən layihələr,
abadlıq-quruculuq işləri və əldə olunan nəticələr barədə məlumat
vermişdir. Ötən il Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin Binəqədiyə 7 dəfə səfər etdiyini xatırladan rayon
icra hakimiyyətinin başçısı bu yüksək qayğının nəticəsi olaraq
rayonda abadlıq-quruculuq işlərinin geniş vüsət aldığını, strateji
əhəmiyyətli sosial-inzibati, mədəni obyektlərin açıldığını,
əhalinin sosial rifah halının yaxşılaşdığını bildirmişdir. 2014-cü
ildə "Təmiz Binəqədi" layihəsinin icrasına başlanıldığını diqqətə
çatdıran Xaləddin İsgəndərov bildirmişdir ki, məqsəd ilk Avropa
Oyunları ərəfəsində rayonda abadlıq-quruculuq işlərini
genişləndirmək, təmizliyi, səliqə-sahmanı təmin etməkdir.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov geniş hesabat məruzəsi ilə çıxış edərək ötən il rayon iqtisadiyyatının ən müxtəlif sahələrində əldə olunmuş uğurlu göstəricilərdən, həyata keçirilmiş ababdlıq-quruculuq və yenidənqurma işlərindən və 2015-ci ildə qarşıda duran vəzifələrdən söz açmışdır.
Hesabat məruzəsi ətrafında çıxış edən Binəqədi şəhər bələdiyyəsinin sədri Sitarə Cabbarlı ölkədə həyata keçirilən gənclər siyasətindən danışmış, habelə Binəqədi rayonunda gənclərin özlərini təsdiqləmələri və dövlət idarəçiliyində təmsil olunmaları üçün lazımi şəraitin yaradıldığını vurğulamışdır.
Azərbaycan Respublikası
Prezidentinin Adiministrasiyasının məsul işçisi Tağı Tağıyev
çıxışında ötən il ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi uğurları
diqqətə çəkmiş, Binəqədinin son illər sürətlə inkişaf edən və
müasirləşən paytaxt rayonlarından biri olduğunu vurğulamışdır.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov son illər rayon icra hakimiyyəti ilə jurnalistlər arasında sıx və məhsuldar əlaqələrin qurulduğunu bildirmişdir. O, həmçinin jurnalistləri rayonla bağlı yazılar hazırlayarkən obyektivlik prinsipini qorumağa, mövcud problemləri göstərməyə çağırmışdır. Keçirilən fərdi jurnalist yazıları müsabiqələrinin əhəmiyyətini qeyd edən Xaləddin Isgəndərov müsabiqənin yekun nəticələri barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə vermişdir.
Tədbir iştirakçılarını salamlayan Vüqar Səfərli bildirmişdir ki, hesabat iclasında nümayiş olunan filmdə və məruzədə yer alan makroiqtisadi göstəricilər Binəqədi rayonun ötən il uğurlu inkişaf yolu keçdiyini bir daha təsdiqləyir. Vüqar Səfərli ölkə başçısının 2014-cü ildə rayona 7 dəfə səfər etməsi faktını xüsusi vurğulayaraq, bu yüksək diqqətin nəticəsi kimi Binəqədi rayonunun hesabat ilində mühüm nailiyyətlərə imza atdığını diqqətə çatdırmışdır.
Çıxışını davam etdirən Fondun icraçı direktoru əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi və siyasi islahatların nəticəsi olaraq Azərbaycanda kütləvi informasiya vasitələrinin sürətli inkişaf yolu keçdiyini, söz, fikir və məlumat azadlıqlarının təmin edildiyini, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırıldığını diqqətə çatdırmışdır. Vüqar Səfərli bu siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirildiyini, KİV-lərə dövlət qayğısının ardıcıl və sistemli şəkildə gerçəkləşdirilməsi məqsədilə ölkə başçısının 2008-ci il 31 iyul tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası"nın təsdiq edildiyini diqqətə çatdırmışdır. Həmin Konsepsiyadan irəli gələn məsələlərin reallaşdırılması üçün ölkə başçısının 2009-cu il 3 aprel tarixdə imzaladığı fərmanla Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmışdır.
Vüqar Səfərli daha sonra Fondun KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasına müvafiq olaraq 2014-cü ildə mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əlaqələrin genişləndirilməsi, jurnalistlərin maarifləndirilməsi və yaradıcı fəaliyyətlərinin stimullaşdırılması məqsədilə keçirdiyi birgə konfrans və müsabiqələr barədə ətraflı məlumat vermişdir.
İcraçı direktor Fondun
Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə 2014-cü il noyabrın 3-dən
dekabrın 19-dək keçirdiyi müsabiqəyə 24 kütləvi informasiya
vasitəsindən 41 yazının daxil olduğunu diqqətə çatdırmışdır. Vüqar
Səfərli müsabiqə üzrə 6 nəfər jurnalistin əsas, 19 nəfər
jurnalistin həvəsləndirici mükafata layiq görüldüyünü, ümumilikdə
25 nəfərin mükafatlandırılması barədə qərarın qəbul olunduğunu
bildirmişdir.
Vüqar Səfərli media ilə əməkdaşlığın inkişafında fəal roluna görə Binəqədi rayonunun rəhbərliyinə təşəkkürünü bildirərək yaxın perspektivdə "Təmiz Binəqədi" layihəsinə həsr olunmuş növbəti birgə müsabiqənin təşkil olunacağını diqqətə çatdırmışdır.
Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilmişdir.
Hesabat iclasının sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.