Əlaqə Arxiv
news Image
2015.02.14
13:00
| A A A
Azərbaycan Ağsaqqallar Şurasının illik hesabat iclası keçirildi

Azərbaycan Ağsaqqallar Şurasının 2014-cü ildəki fəaliyyəti ilə bağlı illik hesabat iclası keçirilib.

Movqe.az-ının məlumatına görə, Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov çıxışında ölkədəki sabitlik və inkişafdan danışıb. O deyib ki, bu gün dünyanı iqtisadi böhran bürüdüyü halda, Azərbaycanda sabitlik mövcuddur və iqtisadi inkişaf davam edir: "Sosial, iqtisadi, elm, təhsil və ölkə vətəndaşlarının rifah halının yüksəldilməsi sahəsində ciddi uğurlar əldə olunub. Ölkəmizin hər yerində çox böyük işlər görülür, iqtisadiyyatımız inkişaf yolundadır. Biz artıq dünyanın ən böyük proyektlərinə nəinki qoşulur, hətta onlara rəhbərlik edirik".

F. Heydərov bu il Azərbaycanda keçiriləcək 1-ci Avropa Oyunları və parlament seçkilərinin önəmini vurğulayaraq 2015-ci ilin işgüzarlıq baxımından gərgin il olacağını söyləyib. O, Ağsaqqallar Şurasının üzərinə də böyük məsuliyyət düşdüyünü bildirib: "Görəcəyimiz işlərin əsas məqsədi dövlətçiliyimizə xidmət etməkdir. Hər şeydən əvvəl sabitlik lazımdır. Bəzi qüvvələrin bu şəraitdən istifadə edərək gənclərimiz arasında dövlətçilik əleyhinə təbliğat aparmasının qarşısını almaq üçün ağsaqqal sözünə həmişə ehtiyac var".

F. Heydərov elm və ictimai-siyasi xadimlərin Ağsaqqallar Şurasına qoşulmasının sevindirici hal olduğunu deyib.
 

Sonra Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov 2014-cü ildə görülən işlər haqqında geniş hesabatla çıxış edib: "2014-cü il ərzində Azərbaycan Respublikası Ağsaqqallar Şurası xalqımızın milli mənafeyinə xidmət edən fəaliyyətini daha da intensivləşdirmiş, respublikamızın sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında yaxından iştirak etmiş, dəyərli təşəbbüslər irəli sürmüş, paytaxt və regionlarda ağsaqqalların, ziyalıların, gənclərin və ictimaiyyətin digər nümayəndələrinin iştirakı ilə bir sıra geniş tədbirlər və səmərəli işgüzar səfərlər həyata keçirib. Beləliklə, Azərbaycan Respublikasi Ağsaqqallar Şurası 18 yanvar 2014-cü ildə ilk tədbirini ölkəmizin müasir tarixinə ən faciəli günlərdən biri kimi, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuş qanlı 20 Yanvar hadisələrinin 24-cü ildönümü ilə əlaqədar keçirmişdir. Respublika Ağsaqqallar Şurası İdarə Heyətinin və Məclisin üzvləri, o cümlədən şəhər və rayon təşkilatlarının nümayəndələri Şəhidlər Xiyabanına gedərək ölkəmizin azadlığı uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarları üzərinə gül dəstələri düzmüş və Azərbaycan Ağsaqqallar Şurası adından "Əbədi məşəl" kompleksi önünə əklil qoymuşlar. 22 fevral 2014-cü ildə Bakı şəhərində Azərbaycan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə "Xocalıya ədalət! - Xocalı faciəsini anaraq" mövzusunda iclas keçirilmişdir. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov tədbirdə 22-ci ildönümü tamam olan Xocalı soyqırımı barədə çıxış edərək bəşər tarixinə öz vəhşiliyinə və qəddarlığına görə ən qanlı kütləvi terror hadisəsi kimi düşmüş bu faciəni ermənilərin Azərbaycan xalqına qarşı apardıqları müharibənin tərkib hissəsi olduğunu vurğulamış, Xocalı qırğınını insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi qiymətləndirmişdir. Tədbirdə iştirak edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavinləri akademik Teymur Bünyadov, professor Südeyif İmamverdiyev, İdarə Heyətinin üzvləri Zahid Qaralov, Maqsud Qasımov, Saleh Abdullayev, Qəzənfər Paşayev və digərləri faciənin dəhşətlərindən söz açmış, Xocalı soyqırımına beynəlxalq hüquqi-siyasi qiymət verilməsinin və günahkarların cəzalandırılmasının vacibliyini qeyd etmişlər. 21-22 aprel 2014-cü ildə Qazaxıstanın Almatı şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Ağsaqqallar Şurasının 7-ci iclası keçirilmişdir. İslasda Azərbaycan Ağsaqqallar Şurasıının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov və Ağsaqqallar Şurasıının sədr müavini Bayram Yusifov iştirak etmişdir. Tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Ağsaqqallar Şurasının 6-cı iclasında qəbul olunan qərarların həyata keçirilməsinə dair məlumat dinlənilmiş, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, o cümlədən TÜRKSOYUN-un fəaliyyət sahələrinin düzgün müəyyən edilməsi, Türk Şurasına üzv ölkələrin diasporları arasında əməkdaşlığın dərinləşdirilməsi, həmçinin gələcəkdə fəaliyyətin daha da genişləndirilməsi və bir çox sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi barədə müzakirələr aparılmışdır. 26 aprel 2014-cü il tarixində Ağcabədi rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının Qarabağ bölgəsi üzrə zona müşavirəsi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon İcra Hakimyyətinin başçısı Şahin Məmmədov öz çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının tarixində özünəməxsus yer tutduğunu, Ümummilli Liderin öz vətəninin və xalqının əsl xilaskarı olduğunu qeyd etmişdir. Daha sonra Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunmasında, möhkəmlənməsində istər hakimiyyətinin birinci dövründə, istərsə də xaqımızın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra gördüyü işlərdən və misilsiz xidmətlərindən söhbət açmışdır. Yığıncaqda Respublika Ağsaqqallar Şurasının sədr müavini, akademik Teymur Bünyadov, professor Kərim Kərimov, millət vəkili Tahir Rzayev, Prezident Administrasiyasının nümayəndəsi Rasim Mirzəyev, həmçinin bölgə rayonlarından olan nümayəndələr və gənclər təşkilatının üzvləri öz çıxışlarında ümummilli lider Heydər Əliyevin öz həyatını xalqının firavan sabahının qurulması, milli-mənəvi dəyərlərimizin qorunması uğrunda mübarizəyə həsr etməsindən, Azərbaycanın hər bir zəfərində Onun əvəzsiz xidmətlərinin olmasından bəhs etmişlər. 14 iyun 2014-cü ildə Bakı şəhərində Azərbaycan Ağsaqqallar Şurası Milli Qurtuluş günü münasibətilə iclas keçirmişdir. İclası Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov açaraq tədbir iştirakçılarını və Azərbaycan xalqını Milli Qurtuluş günü – ulu öndər Heydər Əliyevin xalqımızın iradəsi ilə ikinci dəfə hakimiyyətə qayıtmasının 21-ci ildönümü münasibətilə təbrik etmiş, müstəqil Azərbaycanın qurucusu, memarı ümummilli lideri Heydər Əliyevin misilsiz və danılmaz xidmətlərindən söz açmışdır. Tədbirdə iştirak edən Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Qəzənfər Paşayev, Məclis üzvləri Kərim Kərimov, Vəli Əliyev, İmran Cəfərzadə və digərləri Milli Qurtuluş gününün Azərbaycan xalqının həyatında mühüm rol oynadığını qeyd edərək ulu öndər Heydər Əliyevin 1993-2003-cü illərdə müstəqil, demokratik və dünyəvi dövlət qurmaq istiqamətindəki uğurlu fəaliyyətindən bəhs etmişlər. 10 sentyabr 2014-cü ildə Azərbaycan Ağsaqqallar Şurası və İsmayıllı rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı rayonunda ağsaqqallarla gənclərin görüşünə həsr olunmuş "İctimai-siyasi həyatda ağsaqqalların rolu" mövzusunda regional yığıncaq keçirilmişdir. İsmayıllı, Qəbələ, Şamaxı, Qobustan, Ucar, Ağsu, Göyçay, Ağdaş və Oğuz rayonlarından ağsaqqallar şuraları sədrlərinin və gənclərin qatıldığı tədbiri giriş sözü ilə açan Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov Azərbaycanın dünyanın ən sabit, ən surətlə inkişaf edən ölkəsi olduğunu söyləyərək bunun böyük vətənpərvər, ümummilli lider Heydər Əliyevin gərgin əməyi sayəsində qazanıldığını vurğulamış, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bu gün də bütün sahələrdə dinamik inkişaf etdiyini və Azərbaycanın gələcəyinin məhz gənclərin bilik və bacarıqlarından, yüksək vətəndaşlıq mövqelərindən asılı olduğunu bildirmişdir. Daha sonra İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müvinləri akademik Teymur Bünyadov, professor Südeyif İmamverdiyev, həmçinin bölgə rayonlarından olan nümayəndələr və gənclər dərin məzmunlu çıxışlar etmişlər. Tədbirin sonunda Prezident İlham Əliyevə müraciət qəbul olunmuş, Ağsaqqallar Şurası sədrinin müavini Bayram Yusifov rayon Ağsaqqallar Şurası sədrlərinə Respublika Ağsaqqallar Şurasının Fəxri Fərmanlarını təqdim etmişdir. 27-28 oktyabr 2014-cü ildə Qırğızıstanın Bişkek şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Ağsaqqallar Şurasının 8-ci iclası keçirilmişdir. Tədbirdə iştirak etmək üçün oktyabrın 26-da Qırğızıstana səfər edən Azərbaycan nümayəndə heyəti - Azərbaycan Ağsaqqallar Şurasıının sədri, millət vəkili Fəttah Heydərov, Ağsaqqallar Şurasıının sədr müavini Bayram Yusifov, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov, Türk Şurasının layihə direktoru Zamin Əliyev və digər səlahiyyətli şəxslər yeni açılmış Bakı-Bişkek-Bakı aviareysinin ilk sərnişinləri olmuşlar. Təyyarəni hava limanında Azərbaycan Respublikasının Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov, Qırğızıstan Respublikasının Baş nazirinin birinci müavini Tayirbek Sarpaşev və digər hökumət rəsmiləri qarşılamışdır. Hava limanında keçirilən mərasimdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək Azərbaycan və Qırğızıstan Respublikalarının prezidentlərinə Bakı-Bişkek-Bakı aviareysinin açılışına görə öz minnətdarlığını bildirmiş, bu aviareysin Azərbaycan və Qırğızıstan xalqları arasındaki əlaqələrin güclənməsində mühüm rol oynayacagını vurğulamışdır. Beləliklə, 27-28 oktyabr 2014-cü il tarixində Qırğızıstanın Bişkek şəhərində Azərbaycan Ağsaqqallar Şurasıının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov və Ağsaqqallar Şurasıının sədrinin müavini Bayram Yusifovun iştirak etdiyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Ağsaqqallar Şurasının 8-ci iclasında Türk Akademiyasının gələcək fəaliyyətinə dair tövsiyələr, Türk Şurasına üzv ölkələrin diasporlarının regional mərkəzlərinin yaradılması, Şuranın gələcək iş planı və digər mövzularda fikir mübadiləsi aparılmışdır. Səfər zamanı Qırğızıstan Respublikasının Prezidenti Almazbek Atambayev türkdilli dövlətlərin ağsaqqallar şuralarının rəhbərlərini qəbul etmişdir. Görüşdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, Qazaxıstan Ağsaqqallar Şurasının sədri Adil Axmetov, Qırğızıstan Ağsaqqallar Şurasının sədri Beksultan Jakiyev və Türkiyə Respublikasının Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Mətin Kılıç və başqaları iştirak etmişlər. Söhbət zamanı türk dünyası dövlətləri arasında əməkdaşlığın müxtəlif aspektləri və gələcək fəaliyyət planı müzakirə olunmuşdur. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov səfər çərçivəsində Qırğızıstan parlamentinin sədri Asılbek Jeenbekovla da görüşmüş və bir sıra qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etmişdir. 10 dekabr 2014-cü ildə Bakı şəhərində Azərbaycan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyulması ilə başlanan anım tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov çıxışında bildirmişdir ki, öz xalqına, dövlətinə və torpağına sadiq bir şəxsiyyət olan ümummilli lider Heydər Əliyev hər zaman Azərbaycanın xilaskarı olmuşdur. O, xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra da ölkəmiz bir çox bəladan xilas olnuş, respublikanı işıqlı gələcəyə aparan möhkəm siyasətin əsası qoyulmuşdur və hazırda Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev bu siyasəti uğurla inkişaf etdirir. Çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının idarə heyətinin üzvləri Hacı Allahşükür Paşazadə, Xoşbəxt Yusifzadə, Əhliman Əmiraslanov və digər natiqlər də ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının həyatında əvəzedilməz rol oynadığını qeyd edərək Ümummilli Liderlə bağlı xatirələrindən bəhs etmişlər. 12 dekabr 2014-cü ildə Türkiyənin İstanbul şəhərində Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunun və Türk Şurasının təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevi anım tədbiri keçirilmişdir. Azərbaycanın dövlət rəsmilərinin və millət vəkillərinin qatıldığı bu tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov və Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov da iştirak etmişdir. Mərasimdə çıxış edən Fəttah Heydərov Türkiyə-Azərbaycan dostluq və qardaşlığının ən qürurverici səhifələrinin müəllifi olan Heydər Əliyevin türkçülüyə, türk tarixinə və mədəniyyətinə sevgisindən bəhs etmişdir.

Bildiyiniz kimi, 23 dekabr 2014-cü ildə ölkəmizdə demokratiyanın inkişafında mühüm rol oynayan Bələdiyyə orqanlarına seçkilər keçirilmişdir. Daim vətəndaş cəmiyyətinə, xüsusilə də gənclərə milli mənəvi dəyərləri aşılayan, onların maarifləndirilməsinə və inkişafına böyük önəm verən Respublika Ağsaqqallar Şurasının çoxsaylı üzvləri də insanların sosial həyatlarının yaxşılaşması istiqamətində mühüm işlər həyata keçirən yerli idarəetmə qurumuna - Bələdiyyə orqanlarına keçirilən bu seçkilərdə fəal iştirak etmiş, ən işgüzar və layiqli namizədlərə səs vermişlər".

Hesabatdan sonra çıxış edən şərqşünas alim, Şuranın İdarə Heyətinin üzvü Vasif Məmmədəliyev isə çıxışında bildirib ki, Ağsaqqallar Şurası prezidentin ətrafında sıx birləşib və ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir. O, Şuranın gördüyü işləri müsbət qiymətləndirərək, bu işlərin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə  Şuranın yaradılmasını müdrik addım kimi qiymətləndirərək, bu fəaliyyətin artıq ölkə regionlarını əhatə etdiyini söyləyib.Daha sonra Ağsaqqallar Şurasının digər üzvləri müəyyən təkliflərlə çıxış ediblər.F. Heydərov iclasda qaldırılan təkliflərin həllinə çalışacaqlarını bildirib. Sonda yubiley yaşı olan şura üzvlərinə hədiyyələr təqdim olunub.


Sizin Reklam Yeriniz