Fevralın 14-də Sabunçu rayonunda 90 saylı orta məktəbin 7-ci sinif şagirdi Orxan Həsənovun məktəbin bədən tərbiyəsi müəllimi Emil Cəbrayılov tərəfindən döyülməsi faktı ilə bağlı ilkin araşdırmanın nəticələri məlum olub. Movqe.az xəbər verir ki, 90 saylı orta məktəbin direktoru Qurbantac Qazıbəyova APA-ya açıqlamasında bildirib ki, araşdırma nəticəsində şagirdin həmin müəllim tərəfindən döyülməsi təsdiqlənib. Onun sözlərinə görə, məktəbin idman müəllimi Emil Cəbrayılov Bakı şəhəri Təhsil İdarəsi tərəfindən bu gündən müvəqqəti olaraq işdən kənarlaşdırılıb: "Məsələ ilə bağlı 12 saylı Polis Bölməsi tərəfindən istintaq aparılır. Bu çox pis haldır. Belə bir hal məktəbdə olmamalıdır, amma olub. Hazırda istintaq davam etdirilir. Səbəbini bilmirəm, nəticəsini bilmək istəyərdim. Proses araşdırılması üçün polisə verilib. İşlərlə Bakı şəhəri üzrə Təhsil İdarəsi və Polis Bölməsi məşğuldur, biz özümüz nəticənin necə olacağından narahatıq".
Qeyd edək ki, Orxan Həsənovun atası Mirələm Həsənov mətbuata
açıqlamasında bildirib ki, bir həftə əvvəl şagird bədən tərbiyəsi
müəlliminin maşının yanından keçəndə yerə tüpürərkən, tüpürcək onun
maşınına düşüb. Maşının üstündə tüpürcək görən müəllim bərk
qəzəblənib. Bunu Orxanın etdiyini öyrənəndən sonra isə onu
axtarmağa başlayıb. Orxan isə müəllimin yanına gedərək ondan üzr
istəyib. Bununla qəzəbi soyumayan müəllim Orxanı məktəbin boş
otağına aparıb. Daha sonra Orxandan şalvarını soyunmağını tələb
edib və şlanqla onun bədəninə vurmağa başlayıb. E.Cəbrayılov Orxanı
döyərkən yanında onun sinif yoldaşları - Fuad və Xəyal da olub.
Fuad və Xəyala da zərbə dəydiyi bildirilib