Əlaqə Arxiv
news Image
2015.02.18
08:30
| A A A
Xəzərin status problemi çözülür...
Zəfər Vəliyev: “Türkmənistanla enerji sahəsində əməkdaşlığımız aktiv fazaya gələrsə, Xəzərin hüquqi statusunun müəyyənləşməsində ciddi problem olmayacaq” İlham Şaban: “Reallıqda bunun hansı nəticə verəcəyi 5 ölkənin bir-birilə necə dil tapacağı və beynəlxalq vəziyyətin regiona təsirlərindən asılıdır”

Türkmənistan Nazirlər Kabineti son iclasında gələn ay Bakıda keçiriləcək Xəzər məsələləri üzrə xüsusi işçi qrupunun növbəti iclasında irəli sürüləcək təklifləri müzakirə edib. Burada diqqətə çatdırılıb ki, Xəzər dənizi ilə bağlı mövcud ziddiyyətlərin həlli üçün rəsmi Aşqabad fəaliyyətini genişləndirməyə hazırdır.

Qeyd edək ki, Xəzərin hüquqi statusu ilə bağlı 5 Xəzəryanı ölkələr bu günə qədər tam razılığa gələ bilməyiblər. Bu məsələdə Azərbaycan, Qazaxıstan və Rusiya eyni mövqe sərgiləsə də, Türkmənistanla, İran tam əks mövqedədir. Amma indi Türkmənistan rəsmilərinin açıqlamaları belə qənaətə gəlməyə əsas verir ki, bu məsələdə Aşqabadla da nəhayət ki, ümumi razılığa gəlmək olar.

Neft və qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyev status məsələsinin yaxın zamanlarda öz həllini tapacağı qənaətindədir: "Xəzərin statusu məsələsi ilə bağlı son danışıqlar 2014-cü ilin yayında Həştərxan zirvə toplantısında oldu. Həmin toplantıda da status məsələsi geniş müzakirə obyekti idi. Amma Türkmənistanın enerji qaynaqlarının Xəzər regionunda işlənməsi, eyni zamanda, perspektivdə Aşqabadın enerji qaynaqlarının məhz Azərbaycan üzərindən Avropaya çıxarılması ilə bağlı son dövrlər pozitiv addımlar atılır. Yaxın zamanlarda Aşqabadda Türkiyə, Azərbaycan və Türkmənistan xarici işlər nazirlərinin görüşündə də bu ölkənin karbohidrogen ehtiyatlarının Azərbaycan üzərindən Türkiyəyə, oradan da Avropaya çatdırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Enerji sahəsindəTürkmənistanla Azərbaycan arasında danışıqlar intensiv mərhələdədir. Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin də Türkmənistana rəsmi səfəri oldu. Orada Türkmənistan prezidenti ilə görüşdə müzakirə mövzularından biri enerji sahəsində Baki ilə Aşqabadın birgə əməkdaşlığının əsas istiqamətləri məsələsi idi. Keçən ilin sonunda Türkiyə prezidentinin Aşqabada rəsmi səfəri fonunda Türkiyənin "Ataqaz" şirkəti ilə Türkmənistanın Neft Sənaye Nazirliyi arasında qaz alqı-satqısına dair müqavilə imzalandı. Bu kontekstdən çıxış edərək belə bir fikir yürütmək olar ki, enerji sahəsində əməkdaşlığın dərinləşməsi fonunda yaxın perspektivdə Türkmənistanla Azərbaycan arasında Xəzərin hüquqi statusunun müəyyənləşməsində mövcud olan fikir ayrılıqları aradan qalxa bilər. Azərbaycan tərəfinin də bu sahədə mövqeyi olduqca pozitivdir. Ölkəmiz mübahisəli yataqların Türkmənistanla birgə istifadəsini təklif edib. Yəni, bu zaman hasilatın pay bölgüsü sazişi imzalanacaq, xarici tərəfdaşlar cəlb olunacaq və ondan gələn mənfəət Azərbaycan, Türkmənistan və eyni zamanda, xarici tərəfdaşlar arasında bərabər bölünəcək. Yəni, Azərbaycan mübahisəli yataqların perspektivdə birgə istifadəsinə hazırdır. Aşqabadın burada yalnız "Kəpəz yatağı ilə bağlı iddiaları var. Xəzərin hüquqi statusunun müəyyən olunmasında orta xətt prinsipi var. Orta xətt prinsipinə Türkmənistan tamamilə başqa, Azərbaycanda tamamilə başqa meyardan yanaşır. Azərbaycan burada ədalətli meyardan yanaşır.

Xəzər regionu, onun karbohidrogen ehtiyatları hazırda Qərbin ciddi maraq dairəsindədir. Azərbaycan energetika naziri Natiq Əliyev də keçən il bildirdi ki, Azərbaycanın mövcud neft-qaz infrastrukturu Mərkəzi Asiyanın karbohidrogenlə zəngin ölkələrin üzərinə açıqdır. İstənilən vaxtı onlar ölkəmizin mövcud tələblərə cavab verən ixrac infrastrukturundan istifadə edə bilərlər. Türkmənistanla bu məsələdə əməkdaşlığımız aktiv fazaya gələrsə, Xəzərin hüquqi statusunun müəyyənləşməsində ciddi problem olmayacaq. Xəzərin hüquqi statusunda Türkmənistanla İranın tutduğu mövqe siyasi mövqedir. Bu, "Dənizlər haqqında" Konvensiyanın şərtlərinə uyğunlaşmır. Bu yaxınlarda "Transxəzər" qaz layihəsilə bağlı məsələ yenidən Avropa kütləvi informasiya vasitələrində gündəmə gələndə Tehran tamamilə başqa bir mövqedən çıxış etdi. İranın dövlət mənsubları bəyan etdilər ki, İran öz ərazisindən Azərbaycan və Türkmənistan qazının Avropaya çatdırılmasında əlverişli məkan rolunu oynamağa hazırdır. Xəzərin hüquqi statusunun müəyyən olunmasında İran fərqli mövqedə dayanır, bəyan edir ki, bu status müəyyən olunmadan və Xəzəryanı ölkələrin ümumi razılığı olmadan dənizin dibindən hər hansı ixrac kəmərinin çəkilişi məqsədəuyğun deyil. Amma burada İranın maraqları ön plana çəkiləndə artıq Xəzərin hüquqi statusu arxa plana keçir. Deməli, Xəzərin hüquqi statusundan İran və Türkmənistan məqsədləri üçün istifadə edir. Amma bu da uzun çəkməyəcək. Çox yaxın zamanlarda yəqin ki, status məsələsi öz həllini tapacaq".

Ekspert İlham Şaban isə bildirdi ki, Xəzərin statusu məsələsi ikitərəfli əlaqələrdən keçmir: "Düzdür, ikitərəfli əlaqələr də vacib amildir. Ancaq burada əsas məsələ konsensusdur. Yəni tərəflər qeyd edib ki, məsələnin həllində Xəzəryanı beş ölkə bir qərar çıxararkən hamısı ona "hə" deməlidir. Birinin narazılığı olarsa, statusla bağlı məsələ havadan asılı vəziyyətdə qalacaq. Ona görə bu məsələdə Türkmənistan hökumətinin atdığı addımları dəyərləndirmək olar. Ancaq reallıqda bunun hansı nəticə verəcəyi ilk növbədə hər bir 5 ölkənin bir-birilə necə dil tapacağından, həmçinin, beynəlxalq vəziyyətin regiona təsirlərindən asılıdır".

Sizin Reklam Yeriniz