Əlaqə Arxiv
news Image
2015.02.20
07:30
| A A A
Qaz üzünə həsrət binalar
Ramil Osmanov: “Qaz probleminin yaranması binaların istismara qəbulu ilə bağlıdır” Məhəmməd Talıblı: “Bağlanan müqavilədə pulun müəyyən qisminin sonradan, yəni kommunal xətlərin çəkilməsindən sonra ödənilməsi haqqında şərtlər olmalıdır”

Hələ də Bakı şəhərində çoxsaylı yeni inşa olunmuş binalar var ki, onlar hələ də təbii qazla təmin olunmayıb. Həmin bina sakinləri xüsusən də qış aylarında daha çox çətinliklərlə üzləşməli olurlar. Maraqlıdır ki, bu binalara işıq, su və digər kommunal xidmətlər göstərilir. Lakin təbii qazla bağlı vəziyyət fərqlidir.

"Əmlak Ekspert Mərkəzi"nin rəhbəri Ramil Osmanov bildirdi ki, binaların qazla təminatındakı problem onların hələlik istismara qəbul edilməməsilə əlaqədardır: "Ümumiyyətlə, söhbət burada yeni tikililərdən gedirsə, qaz probleminin yaranması daha çox binaların istismara qəbulu ilə bağlıdır. Tikili istismara qəbul olunmayıbsa, onun qaz təchizatında problemlər yaranır. Bu da texniki şərtlərin alınması ilə bağlıdır. Qanunvericiliyin tələbləri baxımından da bu, əslində, qaz təminatını həyata keçirən müvafiq strukturlara problemi saxlamaq üçün əsas yaradır. Amma söhbət ondan gedir ki, il yarım bundan öncə Prezidentin məsələ ilə bağlı müvafiq strukturlara göstərişi oldu. Burada deyilirdi ki, əhalinin qaz təchizatı ilə bağlı problemlərin aradan qaldırılması üçün sakinləri tam məskunlaşan hazır çoxmərtəbəli binalarda qaz təminatı ilə bağlı ciddi problemlər yaşanmasın. Bundan sonra müəyyən qədər sözügedən problem aradan qalxdı. Amma bu o anlama gəlməməlidir ki, tikinti şirkətləri onu əsas götürərək, müvafiq texniki məsələlərdə qanunvericiliyin tələblərindən kənara çıxsınlar. Burada ən ciddi məsələ əhalinin qaz təchizatı ilə bağlı məsələdir. Bundan daha çox əziyyət çəkən də sakinlərdir. Amma söhbət ondan gedir ki, tikinti şirkəti müvafiq sənədləri toplayaraq, tikinti apararkən kənarlaşmalara yol verməmlidir. Əks təqdirdə bu cür problemlər yaşanacaq. Tikinti şirkəti ilkin layihələri hazırlayarkən və təsdiq etdirərkən müvafiq qanunvericiliyin tələblərindən kənara çıxarsa, sabah onun texniki şərtləri almaqda problemi yaranacaq".

Ekspert Rəşad Həsənov isə sözügedən binalara qazın verilməsinin uzanmasını müvafiq qanunvericiliklə bağlı olduğunu dedi. Belə ki, qazın verilməsi əhali ora tamamilə köçdükdən sonra mümkündür: "Tikilən binalara qaz verilməməsi bir qədər mürəkkəb məsələdir. Belə hal onunla bağlıdır ki, binalara qazın verilməsi adətən sakinlər tamamilə ora köçdükdən sonra mümkün olur. Bu hal da təhlükəsizliklə bağlı məsələdir. Bu özü də yeni tikilən binaların qazlaşması prosesinə əngəl yaradan amillərdən hesab edilir. Bildiyimiz kimi, yeni tikilən binalarda bir çox hallarda məskunlaşma illərlə vaxt aparır. Məhz bu səbəbdən həmin binaların qazlaşdırılması ilə bağlı problemlər ortaya çıxır. Lakin bu texniki məsələdir. Məsələnin adminstrativ tərəfi də var. Bildiyimiz kimi, binalara qazın yalnız tikilən bina dövlət tərəfindən təhvil alındıqdan sonra verilməsi mümkündür. Bunun üçündə binanın dövlət nəzarəti orqanları tərəfindən tamamilə yoxlanılması və onların standartlara uyğunluğunun müəyyən edilməsi prosesi həyata keçirilib tamamlanmalıdır. Qazla bağlı məsələ Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə daxildir. Bu nazirlik qazın verilməsilə bağlı qərarı ancaq özünün son yoxlamasından sonra təqdim edir. Tikinti şirkətləri isə bu sənədlər əsasında "Azərqaz"a müraciət edib, artıq onlara qazın verilməsinin mümkünlüyünü bildirirlər. Bir çox hallarda tikinti şirkətlərinin həyata keçirdiyi layihələr müəyyən standartlara cavab vermir. Burada tikintinin keyfiyyəti ilə bağlı çatışmamazlıqlar, bir çox hallarda qaz xətlərinin çəkilməsi ilə əlaqədar problemlər Fövqəladə Hallar Nazirliyinin əlində haqlı olaraq əsas yaradır ki, həmin tikinti şirkətlərinə lisenziyaların verilməsi prosedurunu çətinləşdirsin. Belə olduğu təqdirdə, müşahidə edirik ki, hətta on il öncə tikilən binalarda belə qazlaşma prosesi getməyib".

Ekspert Məhəmməd Talıblı yeni tikilən binalarda qazın olmamasını bir neçə səbəblə əlaqələndirdi: "Başlıca səbəb odur ki, müqavilə bağlanan zaman mənzil sahiblərinə tikinti şirkəti rəhbərliyi tərəfindən yaxın dövr üçün qaz çəkiləcəyinə dair hər hansı vədlər verilir. Əksər hallarda da vədlərinə xilaf çıxan sahibkarlar bununla uzun müddətə vətəndaşları qazsız qoyur. Həmişə prosesin yaxşı keçməsi üçün əvvəlcədən bütün kommunal xidmətlərlə bağlı vətəndaş və sahibkar arasında müqavilə bağlanmalıdır. Orada birmənalı olaraq, pulun müəyyən qisminin sonradan, yəni kommunal xətlərin çəkilməsindən sonra ödənilməsi haqqında şərtlər olmalıdır".




Sizin Reklam Yeriniz