Əlaqə Arxiv
news Image
2015.02.20
08:15
| A A A
Bakı məktəblərində direktorların hazırlığa gedən şagirdlərlə dəvamiyyət sövdələşməsi
Əjdər Ağayev: «Yuxarı siniflərdə elə fənlər var ki, uşaq o fənlərdə tədris edilən dərslərdən böyük həyati dərs ala bilər»

Son vaxtlar xüsusilə paytaxtda məktəblərdə formalaşan bir ənənə, repetitor yanına hazırlığa gedən yuxarı sinif şagirdlərinin məktəbə getməməsi barədə getdikcə daha çox söz açılır. Müəllim yanına hazırlığıa gedən şagirdlərin öz təhsil aldıqları məktəbdən çıxıb dərsə davamiyyətlə bağlı o qədər də ciddi tələb olmayan məktəblərdə təhsillərini formal olaraq davam etdirməsi halları müəyyən rəsmi dairələrdə də ciddi narahatlıq predmetidir.

Qeyd edək ki,bu fakt məktəb direktorları, Bakı Şəhər Təhsil İdarəsi tərəfindən qətiyyətlə inkar edilsə də, müəllim yanına hazırlığa gedən şagirdlərin paytaxt məktəblərində direktorlara razılaşaraq dərsə getməməsi, şagirdlərin dili ilə desək, "adlarının məktəbdə getməsi" halları artmaqdadır. Dəfələrlə dərs vaxtında avtobuslarda rastlaşdığımız şagirdlərin müəllim yanına hazırlığa getdiyinin, Bakının müxtəlif məktəblərində "dərsdən qayıb düşmədən" qalmağın mümkünlüyü barədə səsləndirdikləri fikirləri eşidənlərin də sayı az deyil. Yuxarıda qeyd olunduğu kimi, bu hal məktəb direktorları, Bakı Şəhər Təhsil İdarəsi tərəfindən inkar edilsə də, reallıqla fərqli mənzərə var. Bunu yuxarı siniflərə dərs saatlarında, şagirdlərin müəllim yanına hazırlığa getməsi, yaxud həmin saatda hazırlıqdan evə gəlməsi də təsdiqləyir.

Təhsil üzrə ekspert Əjdər Ağayev də belə halların mövcud olduğunu təsdiq edərək, paytaxtda yuxarı sinif şagirdləri arasında bunun "yoluxucu xəstəlik" halını aldığını deyir. Ə. Ağayev artıq bir neçə ildir ki, Bakı məktəblərində bu problemin mövcudluğunu söyləyir: "İndi Bakıda bir neçə fəndən hazırlığa gedən uşaqların bir çoxu dərsə getmir. Buna isə valideynlər nail olmağın illərdir ki, bir asan yolunu tapıblar. Məktəb direktoru ilə sövdələşərək uşağın adı məktəbdə getmək, qayıb yazılmamaq şərtilə valideyn övladını hazırlığa göndərir. Məktəb direktoru isə buna razılaşır. Davamiyyət yoxlanılsa, o uşağın adının qarşısında gündəlikdə qayıb olmasa da, özünü sinifdə tapmayacaqsınız. Bu, danılmaz faktlardır ki, paytaxtın əksər ümumtəhsil müəssisələrində qeydə alınır".

Halbuki, Ə. Ağayev hazırlığa gedən şagirdin belə məktəbə getməsinin hava-su kimi vacib olduğunu deyir: "Bu gün magistraturada oxuyan tələbə var ki, məktəb səviyyəsində primitiv suallara cavab verə bilmir. Məlum olur ki, bu uşaq yuxarı sinifdən ümumiyyətlə, məktəbə getməyib, üç-dörd fənni öyrənmək üçün müəllim yanına gedib. Ona görə də, məktəbdə digər fənlərdə tədris olunan bilikləri ala bilməyib".

Ə. Ağayev deyir ki, uşağı hazırlığa göndərdiyinə görə övladına yaxşılıq etdiyini düşünən valideyn əslində, böyük səhvə yol verir. Onun sözlərinə görə, 11 illik məktəb uşağın vətəndaş kimi yetişməsinə, tərbiyəsinə, həyati bilikləri əldə etməsinə, dünya görüşünə təsir edir: "Yuxarı siniflərdə elə fənlər var ki, uşaq o fənlərdə tədris edilən dərslərdən böyük həyati dərs ala bilər. Bu, onun tərbiyəsinə müsbət təsir edə, vətəndaş kimi yetişməsinə öz töhfəsini verə bilər. Amma valideyn uşağı mıktəb direktorunu razı salmaqla məktəbdən çıxardıb üç fənni mükəmməl öyrənməsinə çalışır. Beləcə həmin uşaq digər fənlərdə tədris olunan, onun bilməsi vacib olan digr məlumatlardan, biliklərdən geri qalır". Ə. Ağayev bu problemi aradan qaldırmaq üçün sözdən əməli işə keçməyin vaxtı çatdığını söyləyir.

Sizin Reklam Yeriniz