Əlaqə Arxiv
news Image
2015.02.20
12:20
| A A A
Rusiyanın Kaluqa vilayətində “Azərbaycanlı tələbələr üçün səyyar qış məktəbi” layihəsi təşkil olunub

Rusiyanın Kaluqa vilayətində "Azərbaycanlı tələbələr üçün səyyar qış məktəbi" layihəsi təşkil olunub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Kaluqa vilayətində "Azərbaycanlı tələbələr üçün səyyar qış məktəbi" layihəsi təşkil olunub."Mövqe" VAkinfoya istinadən xəbər verir ki, "Etnomir" Mədəniyyət və Təhsil Mərkəzində təşkil olunan "Qış məktəbi"ndə Moskvada və Rusiyanın regionlarında təhsil alan 100-dən çox tələbə iştirak edib.Layihənin açılış mərasimində çıxış edən Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) idarə heyətinin üzvü Emin Hacıyev təşkilatın rəhbəri Leyla Əliyevanın adından tələbələri Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib. O, gənclərimizin xaricdə, o cümlədən Rusiyada təhsil almalarına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Emin Hacıyev tədbir iştirakçılarına RAGB-ın fəaliyyəti və təşkilatın gələcək planları barədə ətraflı məlumat verib.Sonra "Qış məktəbi"nin iştirakçılarına RAGB tərəfindən keçirilən tədbirlər haqqında slayd-şou nümayiş olunub.

Qeyd edilib ki, Rusiyanın ali məktəblərinin çoxunda hər il Azərbaycan mədəniyyəti günləri və həftələri, ölkəmizlə bağlı konfranslar, tolerantlıq günləri, konsertlər və fotosərgilər təşkil olunur. Birlik hər il Xocalı faciəsinə həsr olunan konfranslar keçirir.

Azərbaycanın Rusiyadakı səfirliyinin humanitar məsələlər üzrə müşaviri Nigar Axundova bu ölkənin ali məktəblərində təhsil alan tələbələrimizin bütün təşəbbüslərinin səfirlik tərəfindən daim dəstəkləndiyini qeyd edib.

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) icraçı direktorunun müavini İlqar Hacıyev, Konqresin Moskva vilayəti üzrə regional nümayəndəliyinin icraçı direktoru Araz Mürsəliyev, RAGB-ın Kaluqa bölməsinin sədri Ramin Rəcəbov, "Büllur bayquş" mükafatının sahibi Rövşən Əsgərov Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin uğurlu fəaliyyətindən, həyata keçirdiyi tədbirlərdən danışıblar. Qeyd olunub ki, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi millətlərarası dostluğun və əməkdaşlığın möhkəmlənməsinə öz töhfəsini verir.

Çıxış edən gənclər Rusiyada təhsil almaları üçün yaradılan imkanlara, gənclərin problemlərinin həllinə göstərilən diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə, eləcə də RAGB-ın sədri Leyla Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonra Rövşən Əsgərovun iştirakı ilə gənclər arasında "Breyn-rinq" yarışı təşkil olunub.

RAGB-ın bu il həyata keçirdiyi "Qış məktəbi" çərçivəsində Azərbaycanın və Rusiyanın dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə müasir gənclərin həyatının müxtəlif istiqamətləri üzrə treninqlər, seminarlar və ustad dərslərinin keçirilməsi nəzərdə tutulub.

"Qış məktəbi" fevralın 6-dək davam edəcək.

Sizin Reklam Yeriniz