Əlaqə Arxiv
news Image
2015.02.21
09:07
| A A A
Mənzil bazarına təsir göstərəcək yeni söküntü bumu başlanır
Rövşən Talıbzadə: “Kütləvi söküntü baş verərsə, bu, kəskin surətdə bazarda dinamikaya, qiymətlərə təsir edə bilər” Yaşar Əsədov: “Əhaliyə kompensasiya ödənilib-ödənilməyəcəyini dəqiqləşdirmək lazımdır”

Elnur Əsədov: "İndiki halda Bakı şəhərində daşınmaz əmlakla bağlı qiymətlərdə durğunluq dövrüdür"


"Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən qanunsuz evlərin sökülməsi ilə bağlı məhkəmələrə minlərlə müraciət olunub". Bunu ARDNŞ-ın Hüquqi mübahisələr və müqavilələrlə iş şöbəsinin rəisi Comərd Mustafayev deyib. ARDNŞ rəsmisinin sözlərinə görə, qanunsuz evlərin sökülməsi ilə bağlı ən çox Binəqədi rayonu üzrə müraciət olunub: "Binəqədi rayonu üzrə 9392 evin sökülməsi ilə bağlı müraciət var. Hazırda onlardan 4172-si ilə bağlı məhkəmədə qətnamə çıxarılıb. Bundan əlavə, 10 minə yaxın evin sökülməsi ilə bağlı da müraciət olunacaq".

C. Mustafayev həmçinin, Bakı və Bakıətrafı rayonlara görə edilən müraciətlərlə bağlı çıxarılan qətnamələrin statistikasını açıqlayıb: "Səbail rayonu üzrə 2 min evin sökülməsi ilə bağlı qətnamə çıxarılıb. Sabunçu rayonu üzrə 6321 evin sökülməsilə əlaqədar müraciət olunub və bunlardan 4500-ə qədər evin sökülməsi ilə bağlı qətnamə çıxarılıb. Xətai rayonu üzrə 444, Nizami rayonu üzrə 179 evlə bağlı müraciət edilib, 141 evlə bağlı isə qətnamə var. Xəzər və Qaradağ rayonları üzrə 1500-ə yaxın evin sökülməsi ilə bağlı qətnamə çıxarılıb".

Göründüyü kimi xeyli sayda qanunsuz evlər söküləcək. Qeyd edək ki, "Sovetski" deyilən məkanda evlərin sökülməsi daşınmaz əmlak bazarında müəyyən bahalaşmaya gətirib çıxarmışdı. İndi maraq doğuran odur ki, yeni söküntü işləri mənzil bazarında hansısa qiymət artımına gətirib çıxaracaqmı?

Əmlak Ekspert Mərkəzinin mütəxəssisi Rövşən Talıbzadə bildirdi ki, iqtisadi faktorlarla bağlı olaraq Dövlət Neft Şirkətinə məxsus ərazilərdəki evlərin sökülməsinin daşınmaz əmlakın qiymətinə təsiri olmayacaq: "Bu yanınlarda paytaxtın "Sövetski" adlanan ərazisinin sökülməsi ilə bağlı olaraq, hələ iş başlamamış yaranan ajiotaj qiymət artımına gətirib çıxarmışdı. Amma indiki dövrdə qiymət məsələsi tək neft sənayesinə aid ərazilərdə olan evlərin sökülməsi ilə bağlı deyil. Burada iqtisadi faktorları da qeyd etmək lazımdır. Hazırda qonşu dövlətdə gedən iqtisadi böhran Azərbaycanın mənzil bazarına da təsirsiz ötüşmür. Yəni, bu amillərin bir-birilə bağlantısı var. Amma söküntünün olması bazarda qiymət artımına səbəb olmasa da belə, nisbətən aktivliyin çoxalmasına səbəb ola bilər. Bu, ondan irəli gəlir ki, söküntü həyata keçirilən zaman proses kütləvi xarakter daşımır. Adətən, hissə-hissə, mərhələli surətdə baş verir. Amma kütləvi söküntü baş verərsə, bu, kəskin surətdə bazarda dinamikaya, qiymətlərə təsir edə bilər. Lakin təcrübədən də görürük ki, belə söküntülər adətən mərhələli şəkildə baş verir".

Müstəqil ekspert Yaşar Əsədov ARDNŞ-ə məxsus ərazilərdəki çoxsaylı evlərin sökülməsinin daşınmaz əmlak bazarında qiymət bahalaşmasına gətirib çıxaracağınü düşünmür: "Neft Şirkəti ərazisindəki evlərin sökülməsinin bu sahədə qiymətlərə təsirinin olub-olmayacağını dəqiqləşdirmək üçün bu zaman əhaliyə kompensasiya ödənilib-ödənilməyəcəyini dəqiqləşdirmək lazımdır. Ödəniləcəksə, bu hansı şəkildə olacaq? Bildiyiniz kimi, "Sovetski"də hər kvadratmetr 1500 manat kompensasiya ödənildi. Bu da aydındır ki, müəyyən qədər daşınmaz əmlak bazarında qiymətlərin qalxmasına təkan verdi. Ancaq "Sövetski" də yaşayanların əksəriyyətinin sahib olduğu ərazi çox kiçik idi. Bu məbləğ isə hazırda Bakıda mövcud olan qiymətlərlə çoxmərtəbəli binalarda evə sahib olmağa imkan vermirdi. Ona görə, həmin vaxt Bakıda daha çox torpaq sahələri bahalaşdı. İnsanlar əsasən torpaq alaraq ev tikməyə üstünlük verdi. Çünki, verilən kompensasiya ancaq ona çatırdı. ARDNŞ-in ərazisində yerləşən evlərin sökülməsi məsələsi məhkəmə yolu ilə həll olunursa, burada əhaliyə kompensasiya verilib-verilməyəcəyini bilmək lazımdır. Belə olan halda prosesin hansısa bir şəkildə daşınmaz əmlak bazarına təsir göstərir-göstərməcəyini bilmək olar".

Əmlak Bazarı İştirakçıları İctimai Birliyin icraçı direktoru Elnur Əsədov da qiymət artımlarının olacağını proqnozlaşdırmadı: "Mənzillərin qiymətində hazırda heç bir halda bahalaşma baş verməyəcək. Ümumiyyətlə, indiki halda Bakı şəhərində daşınmaz əmlakla bağlı qiymətlərdə durğunluq dövrüdür. Ona görə söküntülərin baş verməsi də qiymətlərə təsir etməyəcək".

Sizin Reklam Yeriniz