Əlaqə Arxiv
news Image
2015.02.23
10:34
| A A A
Masallı rayonunda inkişafın yeni mərhələsi

20 fevral 2015-ci il tarixdə Masallı şəhər Niami Gəncəvi adına Mədəniyyət evində  2014-cü ildə Masallı rayonunun sosial-iqtisadi inkişafının yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
MÖVQE.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər. Masallı şəhər Mədəniyyət Mərkəzində təşkil olunmuş sərgi ilə tanış olmuş və 2014-cü ildə rayonun sosial-iqtisadi inkişafına həsr olunmuş sənədli filmə tamaşa etmişlər.
Hesabat yığıncağını giriş sözü ilə açan  Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Rafil İsrafil oğlu Hüseynov  2014-cü ildə Masallı rayonunun sosial-iqtisadi inkişafının yekunları və 2015-ci ildə  qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış etmişdir.
Natiq məruzəsində qeyd etmişdir ki,   Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi XX əsrin böyük dövlət xadimi, Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun adı xalqın simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilmiş, həyat və fəaliyyəti doğma xalqa və torpağa məhəbbət və sədaqət meyarı olmuşdur. Ümummilli lider Heydər Əliyev "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim vətənimdir, mənim torpağımdır" fikirləri ilə xalqına, Vətəninə necə bağlı olduğunu bəyan etmişdir.
Ümummilli liderin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət bu gün onun layiqli varisi – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Ölkə rəhbərinin əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaradıb, hər bir vətəndaşın həyatında irəliləyişə səbəb olub. Uğurlu siyasət, bütün sahələrdə qazanılan nailiyyətlər Azərbaycanın beynəlxalq imicini daha da gücləndirib.  Azərbaycan beynəlxalq aləmdə nüfuzlu dövlət kimi tanınır və onun iştirakı olmadan regionda hər hansı bir layihənin həyata keçirilməsi mümkün deyildir.
  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 10 yanvar 2015-ci ildə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında çıxış edən ölkə başçısı bildirmişdir ki, keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edilmişdir. 2014-cü il ölkəmiz üçün uğurlu il kimi tarixdə qalacaqdır. Azərbaycan öz sürətli inkişaf tempini saxlaya bilmişdir. Ölkəmizin təhlükəsizliyi təmin edilmiş, iqtisadi və sosial proqramlar icra olunmuşdur. Bir neçə il bundan əvvəl dünyanı bürümüş iqtisadi və maliyyə böhranı, eyni zamanda bölgədə baş verən xoşagəlməz hadisələr, toqquşmalar Azərbaycanın uğurlu inkişafına təsir etməmişdir. Bunun başlıca səbəbi Azərbaycanda ictimai-siyasi vəziyyətin sabit olmasıdır, xalqla iqtidar arasındakı birlikdir və bizim bütün proqramlarımızın uğurlu icrasıdır. Azərbaycanın apardığı xarici və daxili siyasət xalq tərəfindən dəstəklənir. 

Ölkə iqtisadiyyatı uğurla inkişaf etmişdir. İqtisadiyyatımız təxminən 3 faiz artmışdır. Qeyri neft sektorunda bu göstərici 7 faizə bərabər olmuşdur. Əhalinin pul gəlirləri 4,8 faiz artmış, inflyasiya isə çox aşağı səviyyədə – 1,4 faiz olmuşdur. Orta aylıq əmək haqqı artıq 600 dollara yaxınlaşır. Əhalinin pul gəlirinin inflyasiyanı bir neçə dəfə üstələməsi insanların rifah halının yaxşılaşmasına müsbət təsir göstərir. Hazırda Azərbaycanda yoxsulluq 5 faiz, işsizlik isə 5 faizdən də aşağıdır.
Ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulduğunu qeyd edən cənab Prezident bildirmişdir ki, ondan 16 milyardı daxili sərmayədir. 
Valyuta ehtiyatımız artıb və hazırda bizim 50 milyard dollardan çox valyuta ehtiyatımız var. Biz bu imkanlardan səmərəli şəkildə istifadə edirik. Bir sözlə, 2014-cü ildə göstəricilərimiz çox müsbətdir və bəlkə dünya miqyasında ən gözəl göstəricilərdir. Azərbaycan son 11 il ərzində dünyada iqtisadi artım tempinə görə ən sürətlə inkişaf edən ölkədir. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə 2014-cü ildə Azərbaycan iqtisadiyyatı dünyada rəqabət qabiliyyətinə görə 38-ci yerə layiq görülmüşdür. Bu tarixi nailiyyətdir.
Keçən il Azərbaycanda "Sənaye ili" elan edilmiş və 230-dan çox sənaye müəssisəsi yaradılmışdır. Bu müəssisələrdə 123 min iş yeri açılmışdır ki, ondan təxminən 100 mini daimi iş yeridir, deyən cənab Prezident bildirmişdir ki, bu proses sürətlə getməlidir. Ötən il Azərbaycanda əhalinin sayı 116 min nəfər artmışdır. Odur ki, yeni iş yerlərinin yaradılması daimi proses olmalıdır.
2014-cü ildə 2-ci peykimiz orbitə buraxıldı. Bu da çox gözəl hadisədir. Artıq bizim iki peykimiz var. Biri telekommunikasiya peyki, ikincisi isə yer səthini müşahidə edən peyk. Bunun çox böyük əhəmiyyəti var və Azərbaycanda kosmik sənayenin inkişafı sürətlə gedir.
Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatlarda fəal iştirak edir, öz mövqeyini müdafiə edir və bu təşkilatların uğurlu fəaliyyətinə dəyərli töhfəsini verir. Keçən il biz Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etmişik. Bu çox uğurlu sədrlik dövrü idi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində keçən il də heç bir irəliləyiş olmayıb. Ermənistan sülh istəmir. Onlar istəyir ki, bu münaqişə öz həllini tapmasın və işğal edilmiş torpaqlardan çıxmasınlar. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçıları dəfələrlə demişlər ki, status-kvo qəbuledilməzdir. Ancaq bu, sözdən başqa bir şey deyil. Bir bəyanat verilir, onun arxasında iş görülmür. Necə ki, BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. Heç biri 20 ildən çoxdur ki, icra edilmir. Niyə başqa yerlər üçün qəbul edilmiş qətnamələr dərhal icra edilir, bizə gəldikdə isə icra edilmir?! Bu, ədalətsizlikdir, bu ikili standartlardır. Görünür elə qüvvələr var ki, bu münaqişənin həll olunmasında maraqlı deyillər.
Bununla bərabər Ermənistan keçən il yay aylarında və ilin sonunda bir neçə dəfə açıq təxribatlara əl atmışdır. Hər iki dəfə Azərbaycan ordusu düşmənə layiqli cavab verərək onu yerində oturtdu və 50-dən çox işğalçı məhv edildi. Noyabr ayında isə onların hərbi vertolyotu vuruldu. Bizim mövqeyimizi gücləndirən ordumuzdur. Ordumuz keçən il öz qüdrətinin nəyə qadir olduğunu göstərdi. Düşmənə də, düşmənin havadarlarına da göstərdi ki, istənilən vaxtda Azərbaycan ordusu öz ərazi bütövlüyünü bərpa edə bilər.
2015-ci ildə biz ordu potensialını daha da gücləndirəcəyik. Bu məqsədlər üçün kifayət qədər böyük vəsait ayrılıb. Təkcə onu demək kifayətdir ki, hərbi xərclərə ayrılan vəsait Ermənistanın ümumi büdcəsindən 2 dəfədən çoxdur. Ordumuzda nizam-intizam, döyüş qabiliyyəti artır, vətənpərvərlik ruhu yüksək səviyyədədir. Biz daha da güclü oluruq, Ermənistan isə daha da zəifləyir. Bu, qaçılmaz bir prosesdir. Yəni növbəti illərdə bu proses daha da sürətlə gedəcək.
–2015-ci ildə ölkə qarşısında duran vəzifələr bəllidir,–deyən cənab Prezident vurğulamışdır: heç kəsə sirr deyil ki, bu il dünya iqtisadiyyatı üçün çox ağır il olacaqdır. Ancaq əvvəlki illərdə apardığımız siyasət, şaxələndirmə, düşünülmüş iqtisadi islahatlar, ictimai-siyasi sabitlik, xalqla iqtidar arasındakı birlik və eyni zamanda, böhranlı vəziyyətlərə hazır olmağımız əminəm ki, 2015-ci ili də uğurla başa vurmaq üçün bizə imkan yaradacaqdır.
 
 
Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Rafil İsrafil oğlu Hüseynov qeyd etmişdir ki,  2014-cü il respublikanın hər yerində olduğu kimi rayonumuzda da bütün istiqamətlərdə uğurlu il kimi yadda qalmışdır. Rayonun inkişaf proqramında nəzərdə tutulmuş bir sıra sosial-mədəni obyektlərin tikintisi davam etdirilir. Belə ki, ümumi uzunluğu 2 kilometr olan Masallı-Ərkivan yolunda yeni səkilərin, müasir işıqlandırma sistemlərinin qurulması başa çatdırılmış və yaşıllıq zolağı salınmışdır. Bundan əlavə şəhərin Səməd Vurğun, Füzuli, Səfəralı Məmmədov və Dadva küçələrində geniş abadlıq və quruculuq işləri aparılmışdır.

Ümumilikdə son üç ildə 11 yeni məktəb binası tikilmiş, 3 məktəb isə əsaslı təmir olunmuşdur. Həmçinin 5 bağça binası əsaslı təmir olunmuş, bir bağçanın tikintisi başa çatdırılmış, bir bağça binasının tikintisi davam etdirilir. Ötən ildə isə 4 yeni məktəb binası istifadəyə verilmişdir. Bunlardan 1200 şagird yerlik şəhər 1 saylı, 640 şagird yerlik Böyük Kolatan, 840 şagird yerlik Bədəlan kənd tam orta məktəbləri əsaslı təmir olunmuş, 220 şagird yerlik Mahmudavar kənd ümumi orta məktəbi isə yenidən tikilmişdir. Hazırda 4 yeni məktəbin - 180 şagird yerlik Şatıroba, 140 şagird yerlik Dəlləkoba, 140 şagird yerlik Çayqıraq və 120 şagird yerlik Köhnə Zuvand kənd məktəblərinin tikintisi davam etdirilir.  Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən 100 yerlik Masallı şəhər 5 saylı və Kolatan kənd uşaq bağçaları istifadəyə hazır vəziyyətə gətirilmişdir. Bu iki yeni uşaq bağçasının açılması ilə bağlı razılıq əldə olunmuş və yaxın günlərdə fəaliyyətə başlaması nəzərdə tutulur. Bununla da Masallı rayon ərazisində fəaliyyət göstərən bağçaların sayı 16-dan 18-ə çatdırılacaq. Binası qəzalı vəziyyətdə olan 60 yerlik Masallı şəhər 2 saylı uşaq bağçası üçün yeni binanın tikintisi davam etdirilir. Eyni zamanda 100 yerlik Bədəlan kənd uşaq bağçası əsaslı təmir olunaraq istifadəyə verilmişdir.

Hesabat ilində  bir çox sosial obyektlərin tikintisinə başlanmışdır. Belə ki, son üç il ərzində ümumilikdə 9 həkim məntəqəsi tikilmiş, 3 xəstəxananın əsaslı təmirinə başlanmışdır. O cümlədən ötən il Kalinovka kənd və Boradigah qəsəbə sahə xəstəxanalarının əsaslı təmiri, müxtəlif ərazilərdə 5 həkim məntəqəsinin tikintisi başa çatdırılmışdır. Hazırda rayon mərkəzi xəstəxanasının əsaslı təmiri və Qarğalıq kənd həkim məntəqəsinin tikintisi davam etdirilir. Yaxın günlərdə Yolağac, Hacıtəpə, Əhmədli, Gəyəçöl, Məmmədoba və Ərəb kəndlərində həkim məntəqələrinin tikintisinə başlanılacaq. 

Son illər Masallı mədəniyyət obyektlərində əsaslı yenidənqurma və tikinti işləri aparılmışdır. Masallı şəhər Mədəniyyət evi əsaslı təmir olunmuş, Heydər Əliyev Mərkəzi isə yenidən tikilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ayrılmış vəsait hesabına Masallı Tarix-Diyarşünaslıq Muzeyinin və uşaq incəsənət məktəbinin tikintisinə başlanılmış və yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.

2014-cü ildə Masallı şəhərində böyük bir layihə – Viləş park-bulvar kompleksinin tikintisinə start verilmiş və çay yatağının beton məcraya salınması işlərinə başlanılmışdır. İlkin uzunluğu 750 p/m olması nəzərdə tutulan bu layihənin başa çatdırılması Masallı şəhərinə xüsusi gözəllik verəcək. Burada müxtəlif istirahət mərkəzləri, idman meydançalarının tikintisi planlaşdırılır.
Hesabat ilində rayonda ümumi sahəsi 11.000 kvadratmetr olan bayraq meydanının tikintisinə başlanılmışdır. Meydanın ətrafına ümumi uzunluğu 280 p/m və hündürlüyü 0,7 metr olan hasar çəkilmiş və 64 metr hündürlükdə bayraq dirəyi quraşdırılmışdır. Hazırda bayraq meydanında tikinti işləri davam etdirilir.
Bununla bərabər "ASAN xidmət" Mərkəzinin, Kənd Təsərrüfatı Nazirliyi Masallı rayon inzibati-laboratoriyası üçün binanın, Masallı rayonlararası Mühafizə bölməsi üçün inzibati binanın tikintisinə başlanılmış və 2015-ci ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda 2015-ci ildə Masallı rayon Məhkəməsi üçün yeni binanın tikintisi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə son üç ildə Masallı rayonunda ümumilikdə uzunluğu 47,5 kilometr olan asfalt yolların, o cümlədən 24 kilometrlik  Həsənli–Xırmandalı, Kürdəbaz–Qarğalıq, Seybətin–Səmidxan, Musakücə–Lürən və Qodman–Qəriblər yolunun əsaslı təmiri başa çatdırılmışdır. Habelə 6 yaşayış məntəqəsini birləşdirən ümumi uzunluğu 14 kilometr olan Kolatan–Sığdaş və 6 yaşayış məntəqəsini birləşdirən ümumi uzunluğu 4 kilometr olan Bambaşı–Yeyənkənd yolunun çəkilişi tamamlanmışdır.

İstifadəyə verilmiş istehsal, emal və xidmət obyektləri yeni iş yerlərinin açılmasına öz təsirini göstərmişdir. 2014-cü ildə rayon məşğulluq mərkəzində qeydiyyata alınan 185 nəfərdən 118 nəfəri idarə və müəssisələrdə münasib işlə təmin edilmişdir ki, onlardan 56 nəfəri qadındır. 
 
Regionlarda inkişafa hesablanan proqramların nəticəsi göstərir ki, son illər ölkənin makroiqtisadi göstəricilərində paytaxdan kənarda yerləşən şəhərlərin, rayonların xüsusi çəkisi əhəmiyyətli dərəcədə yüksəlməyə başlayıb. Bunun əsas səbəblərindən biri də həyata keçirilən tədbirlərin istənilən səviyyədə səmərə verməsi üçün əvvəlcədən daha effektiv mexanizmlərin müəyyən edilməsidir.
Ötən il rayon üzrə məhsul istehsalı və göstərilən xidmətlərin həcmi 2013-cü illə müqayisədə 2,8 % artaraq 456,4 milyon manata çatmışdır. Hesabat dövründə adambaşına düşən pul gəliri 2122 manat, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı  271,3  manat olmuşdur. Bu dövrdə sənaye məhsulunun həcmi 1,3 %, kənd təsərrüfatı məhsullarının həcmi 0,4 %, əhaliyə göstərilən xidmətlərin həcmi 2,2 %, orta aylıq əmək haqqı 3,8 % artmışdır.
Qeyri-neft sektorunun inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, Masallı rayonuna qoyulan investisiyaların həcmi son 10 ildə 13,3 % artaraq 35,8 milyon manatı keçmişdir.
2014-cü ildə rayon büdcəsinin gəlirləri 285,32 milyon manata qarşı 286,82 milyon manat və ya 100,5 % icra olunmuşdur.

Sahibkarlığın inkişaf etdirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Buna uyğun olaraq rayonda sahibkarlığın inkişafına daim diqqət və qayğı göstərilir. Sahibkarlığa mane olan lüzumsuz müdaxilələrin qarşısı alınır və yeni biznes layihələrinin həyata keçirilməsində onlara yaxından kömək göstərilir. Hesabat ilində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonumuzdan olan 230 sahibkara ümumilikdə 16,9 milyon manat güzəştli kredit verilmişdir.
 
Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Rafil İsrafil oğlu Hüseynov  müşavirə iştirakçılarına çatdırmışdır ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2015-ci il "Kənd təsərrüfatı ili" elan olunmuşdur. Sərəncamdan irəli gələn məsələlərin həlli və rayonda aqrar sahənin inkişafı ilə bağlı tədbirlər planı hazırlanmış, icrası nəzarətə götürülmüşdür. Tədbirlər planının hazırlanmasında əsas məqsəd bu sahənin inkişafına mane olan problemlərin aradan qaldırılması və yeni inkişaf istiqamətlərinin müəyyən edilməsidir.  
2014-cü ildə Masallıda cəmi əkin sahəsinin həcmi 18.266,8 hektar olmuşdur. Kənd təsərrüfatı məhsulları istehsalının həcmi əvvəlki illə müqayisədə 0,4 %, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 0,3 %, bitkiçilik məhsullarının istehsalı 0,5 % artmışdır.
Rayonda əkilmiş 8.166 hektar buğda sahəsindən 19.307 ton, 3.188 hektar apra sahəsindən 7.566 ton,2.192 hektar tərəvəz sahəsindən 29.553 ton, 1.450 hektar kartof sahəsindən 17.066 ton, 457 hektar bostan əkinindən isə 4.552 ton məhsul istehsal edilmişdir.
2015-ci ilin əvvəlinə rayonda qaramal 73.668 başa, davarlar isə 84.805 başa çatdırılıb. Ötən il süd istehsalı 48.960 tona, ət istehsalı 5.739 tona, yumurta istehsalı 55,9 milyona çatmışdır.
Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında Masallı sahibkarlarının da iştirakı təmin edilmişdir. Yarmarkaya 87,4 ton kartof, 38,7 ton soğan, 17,4 ton xiyar, 26,3 ton badımcan, 7,7 ton kələm, 750 litr qatıq, 520 litr süd, 1,4 ton bibər, 140 kiloqram kərə yağı, 160 kiloqram pendir, 260 kiloqram şor və 60 min yumurta göndərilmişdir.
Masallı respublikanın ən sıx əhali yaşayan və az torpağı olan rayonları sırasındadır. Təhlillər göstərir ki, torpağın az olmasına baxmayaraq mövcud əkin sahələrinin böyük bir hissəsi, 10 min hektara qədəri əkilmir. Problemin həlli ilə bağlı əhali arasında davamlı maarifləndirmə tədbirləri aparılsa da bu istiqamətdə ciddi dönüş yaratmaq mümkün olmamışdır. Bütün bunlar nəzərə alınaraq əkilməyən torpaqların torpaq payçılarından geri alınması məqsədilə tərəfimizdən Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət olunmuşdur. Təklifimiz əlaqədar təşkilatlar tərəfindən müsbət qarşılanmış və bu prosesin bütün ölkədə həyata keçirilməsi üçün mümkün variantlar üzərində məsləhətləşmə aparılır. Bu məsələnin həlli çox vacibdir. Çünki torpaqdan düzgün və səmərəli istifadə olunmaması səbəbindən kənd təsərrüfatı gəlirsiz bir sahəyə çevrilmiş və əhalinin bu sahəyə ildən-ilə marağının azalmasına səbəb olmuşdur. Vəziyyət ölkə iqtisadiyyatının inkişafına mənfi təsir etməklə bərabər işsizlik probleminin tam həll edilməsinə mane olan əsas səbəblərdəndir.
Rayonda daha çox əmək tutumu olan və az sahədən daha çox gəlir götürmək mümkün olan sahələrin, o cümlədən istixana təsərrüfatlarının yaradılması bu problemin həllində əhəmiyyətli rol oynayır. Keçən il Şərəfə kəndi ərazisində 5 hektarlıq yeni müasir istixana təsərrüfatı qurulmuşdur. Əvvəlki illərdə açılan təsərrüfatlarla birlikdə Masallıda 11 hektar istixana təsərrüfatı fəaliyyət göstərir. Masallıda ənənəvi əkinçiliyin – tərəvəzçiliyin inkişaf etdirilməsi yeni əkin texnologiyalarının öyrənilməsindən və istehsal olunan məhsulların sərfəli qiymətə tədarükündən birbaşa asılıdır. Bu məqsədlə Azərsun Holdinq tərəfindən Qızılağac kəndində ilkin olaraq 100 hektar sahədə tərəvəz bitkilərinin əkilməsi üçün hazırlıq işlərinə başlanılmışdır. Biz bu işlərin daha geniş miqyasda həyata keçirilməsində maraqlıyıq. Çünki fermerlərimiz burada tətbiq olunacaq ən müasir əkinçilik texnologiyasını mənimsəmək imkanı qazanacaq ki, bu da çox vacibdir. Bundan əlavə, 100 hektar tərəvəz sahəsində ən azı 200 iş yeri yaranacaq ki, Qızılağac və ətraf kənd sakinlərinin işlə təmin olunmasında mühüm rol oynayacaq.
Çayçılığın inkişaf etdirilməsi məqsədi ilə 100 hektar sahədə ən yeni texnologiyaya əsaslanan plantasiya salınması üçün hazırlıq işlərinə başlanmışdır. Artıq həmin əraziyə 14 kilometr uzunluğunda yolun çəkilişi başa çatdırılmış və 2 hektara yaxın sahədə çay əkini həyata keçirilmişdir. Bu da çox vacib və icrası çətin bir layihədir. Yaxın gələcəkdə bu gəlirli sahənin ən azı 1400 hektara çatdırılmasına imkan vardır. Bu qədər yaşıl çay sahəsinin salınması idxaldan asılılığı azaltmaqla yanaşı, həm də ən azı 7000 iş yerinin yaradılmasına imkan verə bilər.
Faraş tərəvəz, giləmeyvə və sitrus əkinlərinin genişləndirilməsi, rayonda ən azı 5000 ton tərəvəz, 5000 ton sitrus saxlama gücünə malik soyuducu anbarların, topdan və pərakəndə satış-ekspozisiya bazarının, habelə bu məhsulların ilkin emalı üçün müəssisənin tikilməsi zərurətini yaratmışdır. Bizim bu təkliflərimiz ölkə rəhbərliyi tərəfindən də bəyənilmiş və onların həyata keçirilməsi istiqamətində artıq konkret nəticələr əldə olunmuşdur. Masallı şəhərində tədarük mərkəzinin – Yaşıl marketin tikintisi ilə bağlı 3 hektar sahə ayrılmış və yaxın günlərdə bu istiqamətdə tikinti işlərinə başlanılması nəzərdə tutulur. 
2014-cü ildə Viləşçay Su Anbarı İstismar İdarəsi rayon ərazisindəki suvarma kanallarında 150.000 kubmetr həcmində 62 kilometr uzunluğunda lildən təmizləmə işləri aparmışdır. Həmçinin rayon ərazisindən axan çaylarda təmizləmə işləri görülmüş və dambalar möhkəmləndirilmişdir.
Hesabat dövründə Masallı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən 20 hektarda ağac əkilmiş, 10 hektar sahə kollardan təmizlənmişdir.
Baytarlıq idarəsi mal-qarada və digər ev heyvanlarında qarayara, quduzluq və dabaq xəstəliklərinə qarşı, eləcə də ev quşlarında müxtəlif xəstəliklərə qarşı peyvənd işi aparmışdır. Quş qripinin profilaktikası üçün il ərzində ev quşlarından seçmə qaydada 500 ədəd qan nümunələri götürülmüş və müayinə üçün respublika baytarlıq laboratoriyasına göndərilmişdir. Rayonda quş qripi xəstəliyi qeydə alınmamışdır.
 
Hörmətli toplantı iştirakçıları!
Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən 2014-cü ildə proqnoz tapşırıqları büdcədən maliyyələşən təşkilatlar üzrə 5.113,3 min manata qarşı 4.815,1 min manat və ya 94,2 %, qeyri-büdcə təşkilatları və fiziki şəxslər üzrə 1.636,5 min manata qarşı 1.244,4 min manat və ya 76,0 % yerinə yetirilmişdir. Şöbədə 27 min 390 nəfər əmək pensiyaçısı uçotdadır. Hesabat dövründə ümumilikdə 1295 nəfərə əmək pensiyası təyin olunmuşdur.

2014-cü il ərzində Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə 3449 ailə ünvanlı dövlət sosial yardımı almaq üçün müraciət etmiş, onlardan 2808 ailəyə ünvanlı dövlət sosial yardım təyinatı aparılmış, 639 ailənin tələbindən qanuna müvafiq olaraq imtina edilmişdir. Həmçinin il ərzində 7514 nəfər vətəndaşa sosial müavinət təyinatı aparılmış və onlara 6 milyon 908,2 min manat vəsait ödənilmişdir.

Hesabat dövrü ərzində Masallı Elektrik Şəbəkəsi tərəfindən 220 kvt-lıq və 110 kvt-lıq yarımstansiyalarda təmir-bərpa işləri aparılmış, 175 ağac və 150 dəmir-beton dayaq dəyişdirilmiş, 4250 metr SİP kabel çəkilmiş, 202 smart-kart tipli sayğac quraşdırılmışdır.

Son üç ildə rayonumuzda qazlaşdırılma prosesi sürətlə həyata keçirilmiş və ümumilikdə 9712 abonent qazla təmin olunmuşdur. Rayon üzrə ümumi qaz abonentlərinin sayı 28 min 940 nəfərdir. Dövlət Proqramı əsasında rayon mərkəzi  və 22 yaşayış məntəqəsinə birpilləli sistem üzrə yeni qaz xəttinin çəkilməsi ilə əlaqədar I Yeddioymaq, Qədirli və Xallıcalı kəndlərində qaz xətlərinin çəkilişi yekunlaşdırılmış və 781 abonent təbii qazla təmin edilmişdir. Kolatan, Öncəqala, Hüseynhacılı, II Yeddioymaq istiqamətində qaz xəttinin çəkilişi davam etdirilir.
1 yanvar 2015-ci il tarixə rayon üzrə mövcud ATS-lərin montaj tutumu 29.092, istifadə tutumu isə 24.043 abonentə bərabərdir. Hazırda ADSL istifadəçilərinin sayı 3420 nəfərdir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1056 nəfər çoxdur. Bundan əlavə rayonda 7 özəl provayder fəaliyyət göstərir ki, onlardan da istifadə edənlərin sayı 5267 nəfərdir. Rayonun bütün ATS-ləri elektronlaşdığına görə ATS-lər üçün yeni binaların tikintisi və kəndlərin sürətli internet xətti ilə təmin edilməsi günün vacib məsələsi kimi qarşıda durur.
Azərbaycan hökumətinin Dünya Bankı ilə imzaladığı kredit sazişinə əsasən 2012-ci ildə Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən Masallı şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır. Lakin layihənin icrası prosesində davamlı problemlər yaranır. Layihənin icrasına başlanılmasından 3 ilə qədər keçməsinə baxmayaraq ləngimələrin yaranması, bəzi hallarda görülən işlərin keyfiyyətinin aşağı olması və şəhər yollarının bərbad vəziyyətə salınması barədə podratçı təşkilata iradlar bildirilmiş və aidiyyəti təşkilatlarla ciddi müzakirələr aparılmışdır. Bundan sonra da məsələyə ciddi nəzarət ediləcəkdir.
Hamımıza məlumdur ki, rayonun əksər kəndlərində içməli su xətti və ya  su qaynaqları yoxdur. Bu problemin həlli ilə bağlı cənab Prezident İlham Əliyev tərəfindən müvafiq qurumlara tapşırıqlar verilmişdir. Ölkə rəhbərinin nəzarətində olan məsələnin həlli istiqamətində qısa müddətdə müsbət nəticələr əldə olunmuşdur. Belə ki, "Azərsu" ASC "Birləşmiş Sukanal" MMC tərəfindən  ümumilikdə 110 min əhalinin yaşadığı 38 kəndə içməli su xəttinin çəkilişinə başlanılmışdır. Lazımi maliyyə vəsaiti ayrılmasa da hazırki vaxta qədər 20 kilometr xətt çəkilmişdir. Mənbəyini Viləşçay su anbarından alan bu xətt vasitəsilə əhali yüksək keyfiyyətli su ilə təmin ediləcəkdir. İlin sonuna qədər bu kəndlərin bir çoxuna içməli suyun verilməsi gözlənilir. Bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Masallı sakinlərinin ən səmimi minnətdarlığını çatdırmaq istərdik.

Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən ötən il yerinə yetirilən sanitar təmizləmə işlərinin həcmi artırılaraq 274.000 kubmetrdən 300.000 kubmetrə çatdırılıb. Ərazidən gündəlik daşınan bərk tullantıların həcmi 120 kubmetr olmuşdur.  Atılan bərk tullantıların ərazidən daşınması ilə bağlı sahibkarlıq subyektləri və əhali ilə müqavilələr bağlanmışdır.

Şəhərin küçə və prospektlərində yığıla biləcək yağış və qar sularının axıdılması üçün su axarlarının işlək vəziyyətə gətirilməsi və onların vaxtlı-vaxtında təmizlənməsi Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən daim diqqət mərkəzində saxlanılmalıdır.

Masallı şəhər ərazisinin genişləndirilməsi, park və yaşıllıqların artmasıkommunal təsərrüfatı birliyi üzrə fəaliyyətin yenidən qurulmasını zəruri etmişdir. Ona görə də burada islahat aparılaraq struktur dəyişikliyi edilmiş və mövcud tələblərə görə yeni xidmət sahələri yaradılmışdır. Bundan əlavə Yaponiya səfirliyi ilə Masallı rayonu arasında yaranmış səmimi və işgüzar münasibətlər nəticəsində yaxın günlərdə Masallı şəhərində zibil emalı müəssisəsinin tikintisinə başlanılacaq. Bu müəssisənin istifadəyə verilməsi həmin sahədə əsaslı dönüş yaranmasına və mənzil kommunal təsərrüfatı birliyinin il ərzində 100 min manata qədər gəlir əldə etməsinə səbəb olacaq.
  Müvafiq Dövlət Proqramına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb!" devizi altında son illərdə Masallıda 46 yeni məktəb binası tikilmiş və ya əsaslı təmir olunmuşdur. Görülən işlərə baxmayaraq hələ də rayonda 30 yeni məktəbin tikintisinə və təmirinə ehtiyac vardır. Bu məsələ ilə bağlı xüsusi proqram hazırlanmış və Nazirlər Kabinetinə təqdim edilmişdir ki, bu proqramın icrasının yaxın illərdə tamamlanması nəzərdə tutulur.

Yeni təhsil konsepsiyasında peşə təhsili sisteminin inkişafı prioritet istiqamətlərdəndir. Bu mənada rayonda fəaliyyət göstərən yeganə peşə məktəbinin maddi-texniki bazasının yaxşılaşdırılması və fəaliyyətinin genişləndirilməsi həlli vacib məsələlərdəndir.
2014-cü il Masallı təhsili üçün çox əlamətdar bir hadisə ilə yadda qalmışdır. Belə ki, Masallıda dövlət Regional Kollecinin açılması ilə bağlı ölkə rəhbərliyi qarşısında məsələ qaldırılmış və bununla bağlı Sərəncam imzalanmışdır. İlkin mərhələdə 5 ixtisas üzrə təhsil verəcək kollec yeni dərs ilində fəaliyyətə başlamışdır. Bu kollecdə müxtəlif  ixtisaslı kadrların, o cümlədən turizm və kənd təsərrüfatı mütəxəssislərinin hazırlanması planlaşdırılır. Fürsətdən istifadə edib əlamətdar hadisə münasibəti ilə hamınızı təbrik edir və göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezidentimizə bütün masallılar adından bir daha minnətdarlığımızı bildirirəm.
Masallı rayonunda 16 uşaq bağçası fəaliyyət göstərir ki, burada 940 uşaq tərbiyə alır. Müəssisələrin maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə 2014-cü ildə müəyyən tədbirlər həyata keçirilmişdir. Uşaq bağçaları mütəmadi olaraq yataq dəsti, çarpayı və digər inventarla təmin olunmuşdur. Eyni zamanda Kolatan və Bədəlan kəndlərində uşaq bağçasının əsaslı təmiri, Masallı şəhər 5 saylı uşaq bağçasının tikintisi başa çatdırılmışdır. Şəhər 2 saylı uşaq bağçasının tikintisi davam etdirilir.
Bununla bərabər bu sahədə problemlər qalmaqdadır. Belə ki, layihə əsasında tikilmiş 7 uşaq bağçasının əsaslı təmirə, 5 bağçanın yeni binaya ehtiyacı var ki, bunlardan da 2-si qəzalı vəziyyətdədir. Məktəbəqədər uşaqların bağçalara cəlbi cəmi 7 % təşkil edir ki, bu da çox aşağı rəqəmdir. Yaşayış məntəqələrinin əksəriyyətində uşaq bağçalarının olmaması gələcək nəslin təlim-tərbiyəsinə mənfi təsir göstərir. 11000 nəfərdən artıq əhalisi, 1300 nəfərə qədər bağça yaşlı uşağı olmasına baxmayaraq bu gün Boradigah qəsəbəsində uşaq bağçası yoxdur. Ehtiyac olan yaşayış məntəqələrində yeni bağçaların açılması ilə bağlı aidiyyatı təşkilatlara müraciət olunmuşdur.  
2014-cü ildə rayon əhalisinə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək, onun maddi texniki bazasını möhkəmləndirmək üçün bir sıra işlər görülmüşdür.
2014-cü ildə rayonda 2849 uşaq doğulmuşdur. Evdə doğuş son illərdə ən aşağı səviyyədə – 0,5 promil (14 nəfər), uşaq ölümü isə 2,8 promil (8 nəfər) olmuşdur. Bundan əlavə vərəm xəstəliyinə qarşı mübarizə tədbirləri davam etdirilmiş və 3037 uşağa vərəm əleyhinə (BSJ) peyvənd edilmişdir. İl ərzində 78 nəfərdə ilkin vərəm aşkar olunaraq stasionar müalicəyə cəlb edilmişdir.
İmtiyazlı qrupa daxil olan xəstələrin tibbi müayinəsi və müalicəsi diqqət mərkəzindədir. Xüsusilə şəkərli diabeti olan 4494 xəstəyə hər ay dərman preparatlarının verilməsi üçün bütün imkanlardan istifadə edilir. Rayonda 553 vərəmli, 112 xroniki böyrək çatışmazlığı, 765 onkoloji, 14 hemofiliyalı, 70 talassemiya xəstəsi dispanser qeydiyyatındadır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən 2014-cü il fevralın 17-dən mayın 1-dək "Əhalinin tibbi müayinə" kampaniyası respublikada olduğu kimi rayonumuzda da uğurla həyata keçirildi. Fevralın 17-dən aprelin 1-nə kimi rayon mərkəzi xəstəxanasında 18 yaşdan yuxarı 80.512 nəfər tibbi müayinədən keçdi. Bundan 17.506 nəfər müxtəlif yardımçı – diaqnostik, rentgen, ultrasəs, klinik laboratoriya, elektrokardioqrafiya, exokardioqrafiya müayinəsindən keçmiş, 2714 xəstə aşkar edilmişdir. 2538 nəfər ambulator, 186 nəfər stasionar müalicəyə cəlb edilmişdir. 161 xəstə daha ixtisaslı müayinə və müalicədən ötrü Bakı şəhərinə profil üzrə xəstəxanalara, institutlara, onkologiya və oftalmologiya mərkəzlərinə göndərilmişdir. 22 göz xəstəsində əməliyyata ehtiyac olduğundan onlar Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı filialında cərrahi əməliyyat olunmuşlar. Xəstələrdən 427 nəfəri rayon mərkəzi xəstəxanası tərəfindən dərman preparatı ilə təmin edilmişdir. Bu müddət ərzində rayon üzrə müayinə edilən ümumi vətəndaşların sayı 102.628 nəfər olmuşdur.
Hazırda rayonumuzda cənab Prezidentin sərəncamına uyğun olaraq uşaqların icbari dispanserizasiyası aparılır. Dispanserizasiya başlanılan vaxtdan 28.564 uşaq müayinə edilmiş, 1.724 uşaqda xəstəlik aşkar edildiyindən dispanser qeydiyyatına alınmışdır.
Rayon gigiyena və epidemiologiya mərkəzi hesabat ili ərzində mütəmadi olaraq ərazilərdə reydlər keçirmiş və yoluxucu xəstəliklərə qarşı peyvənd aparmışdır. Rayonda istehsal olunan 20 növ yeyinti məhsuluna gigiyenik sertifikat alınmışdır. Hesabat dövrü ərzində keçirilən reydlər zamanı yol verilmiş nöqsanlar aşkarlanaraq 455 akt tərtib edilmiş, sanitar norma və qaydalara əməl etməyən 50 cavabdeh şəxs barəsində inzibati cərimə protokolu tərtib edilmişdir.
Dezinfeksiya stansiyası tərəfindən bağlanmış müqavilələrə uyğun olaraq rayon ərazisində olan obyektlər üzrə 496.787 kubmetr sahədə gəmiricilərə qarşı, 229.266 kubmetr sahədə isə həşəratlara qarşı mübarizə tədbirləri həyata keçirilmişdir. Şəhər zibilxanasında, mərkəzi xəstəxananın ətrafında yığılmış sularda, qaçqın və məcburi köçkünlərin yaşadığı ərazilərdə və bu kimi yerlərdə dezinfeksiya tədbirləri görülmüşdür.
 
Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Rafil İsrafil oğlu Hüseynov demişdir:
- Bildiyiniz kimi, son üç ildə Masallı şəhərində Azərbaycanda ilk dəfə olaraq Beynəlxalq Folklor Festivalı yüksək səviyyədə təşkil olunur. Festivalda iştirak etmək istəyən ölkələrin ildən-ilə artması və miqyasının genişlənməsi onu deməyə əsas verir ki, Masallı bu festivala layiqincə ev sahibliyi edir. Ənənəyə uyğun olaraq iyun  ayının 12-dən 16-a qədər III Masallı Beynəlxalq Folklor Festivalının keçirilməsi rayonumuz üçün tarixi bir hadisə idi. Bu festivalda Azərbaycanla bərabər bir çox ölkələrdən, o cümlədən Türkiyə, Latviya, Litva, İran, Rusiya (Kabarda-Balkar və Dağıstan), Qazaxıstan, Gürcüstan, Ukraynadan folklor kollektivləri iştirak etmişdir. Fürsətdən istifadə edib bu tədbirin təşkilində yaxından iştirak edən hər kəsə təşəkkürümü bildirirəm.
20-23 avqust 2015-ci ildə Masallıda IV Beynəlxalq Folklor Festivalının keçirilməsi nəzərdə tutulur ki, artıq bununla bağlı hazırlıq işlərinə başlanmışdır. Əminliklə ifadə etmək istəyirəm ki, IV Beynəlxalq Folklor Festivalı da uğurla keçiriləcək və ötən illərdə olduğu kimi bu il də Masallı Azərbaycanı şərəflə təmsil edəcək.
Bundan əlavə bu il fevralın 10-da Bakı şəhərində keçirilən Masallı mədəniyyət günlərində rayonumuz bütün imkanları ilə geniş səviyyədə təmsil olundu və özünü uğurla təqdim etdi.
2014-cü il başqa bir əlamətdar hadisə ilə də yadda qalmışdır. Belə ki, Masallı şəhəri ilə Türkiyə Respublikasının Sandıqlı bələdiyyəsi arasında "Qardaşlıq sazişi" imzalanmışdır. Bu münasibətlə hər birinizi təbrik edir və inanırıq ki, belə əlaqələrin yaranması rayonda turizmin inkişafına müsbət təsirini göstərəcəkdir.
Masallı rayonunda fəaliyyət göstərən 31 turizm obyektindən 28-i müvafiq lisenziya ilə təmin edilmişdir ki, bu istirahət mərkəzlərində 1176 turist yeri vardır. Hesabat dövrü ərzində rayonumuza 22.354 turist səyahət etmişdir ki, onlardan 1.334 nəfəri xarici ölkə vətəndaşı olmuşdur.
Rayonda siyasi partiyaların 23 təşkilatı fəaliyyət göstərir (YAP, AXCP, VHP, Müsavat, MMP, Ədalət, BAXCP, BQP, Ümid, KAXCP, DADP, ADİP, AKP və.s ). Bütün partiyaların fəaliyyəti üçün "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bərabər şərait yaradılmış və ofislə təmin olunmuşdur. Yeni Azərbaycan Partiyası digər partiyalardan müqayisə olunmaz dərəcədə güclüdür. Partiyanın 93 ilk təşkilatının 10 minə yaxın üzvü vardır. Digər partiyaların üzvlərinin ümumi sayı 1391 nəfərdir.
Rayon ərazisində 36 QHT fəaliyyət göstərir. Bunlardan əlavə bir neçə təşkilat qeydiyyatdan keçməsə də fəaliyyəti mövcuddur. Qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təhlili göstərir ki, rayonda əlil və veteranların problemlərinin həlli sahəsində 12, uşaq, gənclər və idmanla bağlı 5, qadın problemləri ilə 2, ekologiya sahəsində 2,   təhsil, ziyalılar və jurnalistlərlə iş üzrə 4 , sosial, aqrar, iqtisadi, həmkarlar sahəsində 10 və digər təşkilatlar dövlət qeydiyyatından keçmişdir.
Cənab Prezidentin xeyir-duası ilə 2013-cü ildə istifadəyə verilən Heydər Əliyev Mərkəzi bu gün fəaliyyətini daha da genişləndirib. Mərkəzdə ümummilli lider Heydər Əliyevin siyasi və təşkilati irsinin öyrənilməsi, gənclərin dünyagörüşünün genişləndirilməsi, bilik və bacarığının artırılmasında mühüm əhəmiyyət kəsb edən xalçaçılıq, heykəltaraşlıq, rəssamlıq emalatxanaları, kino-studiya yaradılmaqla müxtəlif xalq sənətkarlığı, dizayn, milli rəqs, xarici dil, kompyuter dərnəkləri, ekoloji sinif, internet kafe, 3D formatlı kinozal, intellektual oyunlar otağı, elektron kitabxana, 300 yerlik tamaşa-konfrans zalı, nikah otağı fəaliyyət göstərir. Bu kursların imkanından istifadə edənlərin sayı 300 nəfərdən çoxdur.

Rayon icra hakimiyyəti müstəqil respublikamızın müdafiə qüdrətinin möhkəmləndirilməsi naminə üzərinə düşən bütün tədbirləri həyata keçirmiş və 2014-cü il ərzində həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan 941 gənc hərbi xidmətə yola salınmışdır.

Rayonda ictimai təhlükəsizliyin və sabitliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi sahəsində də bir çox işlər görülmüşdür. 2014-cü il ərzində rayon ərazisində 326 cinayət hadisəsi qeydə alınmış, cinayətlərin açılması 93,2 faiz olmuşdur.

Hesabat ili bələdiyyə seçkilərinin keçirilməsi ilə də yadda qalmışdır. 2014-cü il dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri nəticəsində bələdiyyəyə bütün təbəqələri təmsil edən yuksək təhsilli insanlar seçilmişdir ki, bu da onların fəaliyyətinə müsbət təsir göstərəcək. Bələdiyyələr öz fəaliyyəti ilə seçildiyi yaşayış məntəqəsinin sosial-iqtisadi inkişafında, abadlıq-quruculuq işlərində və yerli əhəmiyyətli məsələlərin həllində yaxından iştirak etməlidir.

Hesabat dövrü ərzində rayon icra hakimiyyətinə 1912 ərizə-şikayət daxil olmuşdur ki, ondan 1074-ü vətəndaşların, 838 ərizə isə yuxarı təşkilatların payına düşür. Bu dövr ərzində icra hakimiyyətində keçirilən qəbullar zamanı 1536 şikayətçi qəbul edilmişdir. Səyyar qəbullar zamanı 6283 nəfər iştirak etmişdir.

İdarə, müəssisə və təşkilatlarda, şəhər, qəsəbə və kənd icra nümayəndəliklərində vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılması işinin daha da yaxşılaşdırılması sahəsində xeyli iş görülmüş, müraciətlərdə qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Yerlərdə müntəzəm keçirilən səyyar qəbullar ictimaiyyət arasında böyük razılıqla qarşılanır.

"Dövlət Qulluğu Haqqında" qanuna və "Yerli İcra Hakimiyyətləri  haqqında Əsasnamə"yə uyğun olaraq Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatında və ərazi nümayəndəliklərində dövlət qulluğunun vəzifələrinə kadrların seçilib yerləşdirilməsi, ehtiyat kadr bazasının yaradılması və kadrların hazırlanması diqqət mərkəzində olmuşdur. Belə ki, istər rayon icra hakimiyyəti başçısı aparatı və istərsə də yerli ərazi nümayəndəlikləri daha gənc, işgüzar və bacarıqlı kadrlarla möhkəmləndirilmiş, idarəetmənin keyfiyyətcə yüksəldilməsi istiqamətində tədbirlər görülmüşdür. Yaranmış vakansiyalar barədə icra hakimiyyətinin elektron saytında və "Yeni həyat" qəzetində elanlar verilmişdir.
Bir sevindirici məqamı da qeyd etmək istəyirəm. 2014-cü ildə rayonumuzdan 1 nəfər cənab Prezidentin sərəncamı ilə təltif olunmuşdur. Ərkivan qəsəbə 4 saylı tam orta məktəbinin müəllimi Dadaşbala Düniyev "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür. Fürsətdən istifadə edib onu təbrik edir və gələcək fəaliyyətində daha böyük uğurlar arzulayıram.
 
Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Rafil İsrafil oğlu Hüseynov çıxışının sonunda demişdir:

- Görülən işlər, əldə edilən uğurlar nə qədər dəyərli olsa da bizi arxayınlaşdırmır. Çünki 2015-ci ildə bizi daha böyük və çətin işlər gözləyir.
Masallı şəhərində abadlıq işlərinin aparılması, Qurtuluş, Talışxanov, Həzi Aslanov, Digah küçələrinin yenidən qurulması işlərinə və Bayraq meydanının tikintisinə artıq başlanılmışdır. İl ərzində bu işlərin başa çatdırılması nəzərdə tutulur. Bundan əlavə bir çox təhsil və səhiyyə obyektlərinin yenidən tikilməsi qarşıda duran vəzifələrdəndir. O cümlədən, Şatıroba, Çayqıraq, Dəlləkoba və Köhnə Zuvand kənd ümumi orta məktəblərinin tikintisini, habelə mərkəzi xəstəxananın əsaslı təmirini başa çatdırmaq üçün bütün imkanlar səfərbər olunacaqdır.
2015-ci il Masallı şəhərində böyük bir layihənin – Viləş park-bulvar kompleksinin tikintisi ilə əlamətdar olacaq ki, artıq bu möhtəşəm layihənin icrasına başlanılmışdır. Şəhərimizə xüsusi gözəllik verəcək bu layihənin ilin sonuna qədər başa çatdırılması nəzərədə tutulur.
Masallı şəhərinin ən böyük problemi olan su-kanalizasiya sisteminin qurulması işinin  yüksək səviyyədə təşkili və bu sahədə mövcud problemlərin qısa müddətdə aradan qaldırılması qarşımızda duran əsas vəzifələrdəndir. Artıq bununla bağlı lazımi tədbirlər görülüb və düşünürük ki, bu sahədə qısa müddət ərzində müsbət dönüş əldə olunacaqdır.
Rayon ərazisində qazlaşdırmanın başa çatdırılması həlli vacib olan məsələlərdəndir. Yaşayış məntəqələrinin 72 faizi qazla təmin olunub. Lakin cənab Prezidentin tapşırığına əsasən bu rəqəm 95 faizə çatdırılmalıdır. Ona görə də bu sahəyə diqqət artırılmalı və mümkün qədər ən qısa vaxtda yaşayış məntəqələrinin qazla təminatı başa çatdırılmalıdır.
Məlumdur ki, Masallı şəhəri istisna olmaqla rayon ərazisində mövcud olan elektrik xətt təsərrüfatı bərbad vəziyyətdədir və istifadəyə yararsızdır. Xüsusən də qış aylarında tez-tez bu xətlərdə qəza baş verir ki, bu da əhali tərəfindən narazılıqla qarşılanır. Bu problem də həlli vacib məsələlərdəndir və bu istiqamətdə səylərimizi davam etdirməliyik.  
Rayonun 38 kəndində yaşayan 110 minə yaxın əhali bu gün içməli suyun olmamasından əziyyət çəkir. Cənab Prezidentin tapşırığı ilə bu kəndlərimizə içməli su xəttinin çəkilməsi işinə başlanmışdır. 2015-cü ildə bu işlərin böyük bir hissəsinin yüksək səviyyədə başa çatdırılması və əhalinin dünya standartlarına uyğun içməli su ilə təmin edilməsi məqsədilə bütün imkanlar səfərbər olunacaq.

Son illərdə Masallı rayonunda kəndlərarası yolların asfaltlanması istiqamətində xeyli iş görülmüşdür. Bununla bərabər hələ də bəzi yolların, o cümlədən ilk növbədə 11 yaşayış məntəqəsini birləşdirən ümumi uzunluğu 12,3 kilometr olan Şatıroba–Hişkədərə–Miyankü–Kubin, 10 yaşayış məntəqəsini birləşdirən ümumi uzunluğu 12,4 kilometr olan Səmidxan–Xallıcalı–Eminli–Məmmədxanlı istiqamətində yeni yolların çəkilməsinə ehtiyac vardır. İl ərzində bu yolların çəkilişinin başa çatdırılması nəzərdə tutulur.
2015-ci il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Kənd təsərrüfatı ili" elan olunmuşdur. Bununla əlaqədar olaraq Masallıda aqrar sahənin inkişafı ilə bağlı tədbirlərin görülməsi, tərəvəzçiliyin inkişafı, yeni çay plantasiyalarının salınması, istixanaların quraşdırılması, çiyələk, kivi təsərrüfatlarının yaradılması həlli vacib layihələrdir. Əhalinin rifah halının yüksəlməsi, yeni iş yerlərinin açılması rayon iqtisadiyyatının yenidən qurulmasından asılıdır ki, burada əsas yeri aqrar sahənin inkişafı tutur. Daha çox əmək tutumu olan və daha çox gəlir gətirən sahələrin genişləndirilməsi ilə bərabər tədarük mərkəzinin – Yaşıl marketin  yaradılması bu problemin həllində əhəmiyyətli rol oynayacaq.

Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi tədbirləri içərisində turizmin inkişafı da xüsusi yer tutur. Masallının çox geniş turizm potensialı var və bu potensialdan tam istifadə olunmur. Son illərdə görülən tədbirlər, təşkil olunan müxtəlif festival və sərgilər rayona gələn turistlərin artmasına səbəb olsa da bu yetərli deyil. Ona görə də bu sahəyə investisiyaların cəlb olunması, xidmət səviyyəsinin yüksəldilməsi, müasir istirahət mərkəzlərinin və ya otellərin tikintisinin təşviqi məqsədilə kompleks tədbirlərin həyata keçirilməsi 2015-ci ildə bizim üçün əsas vəzifələrdən olacaq. Xüsusilə də Qəriblər və Qodman kəndləri arasında yerləşən ərazidə Turizm şəhərciyinin salınması ən böyük layihələrdəndir. Bu layihənin icrası rayon iqtisadiyyatının formalaşmasında mühüm rol oynayacaq.  Bundan əlavə, tikintisi davam edən bir çox sosial obyektlərin, o cümlədən Masallı Tarix Diyarşünaslıq Muzeyinin, uşaq incəsənət məktəbinin, səhiyyə ocaqları, məktəb binaları və uşaq bağçalarının tikintisini başa çatdırmaq nəzərdə tutulur.

2014-cü ildə Masallı rayonunda ağac əkini kampaniyası geniş vüsət almış və 20 minə qədər müxtəlif ağac və gül kolu əkilmişdir. 2015-ci ildə də bu tədbirlər daha geniş formada davam etdiriləcək və yeni yaşıllıq sahələrinin salınması prosesi ciddi nəzarətdə saxlanacaq.
Bu gün respublikamızda həyata keçirilən əsaslı islahatlar, sosial- iqtisadi tərəqqinin təmin edilməsi məqsədi ilə qəbul olunmuş proqramlar bizim hər birimizdən böyük məsuliyyət, çeviklik, operativlik və əzmkarlıq tələb edir.

Prezident İlham Əliyev cənablarını əmin etmək istəyirik ki, doğma Azərbaycanımızın tərəqqisi, xalqımızın xoşbəxt və firavan gələcəyi naminə gördüyü bütün işlərdə biz masallılar həmişə onunla olacaq, ümummilli lider Heydər Əliyevin parlaq ideyalarını rəhbər tutaraq doğma Vətənimizə böyük məhəbbət və sədaqətlə xidmət edəcəyik.

Tədbirdə çıxış edən Səhiyyə İşçiləri Həmkarlar İttifaqının Masallı rayon şöbəsinin sədri Nazir Rufullayev, Xıl kənd tam orta məktəbinin direktoru Aybəniz Qafarova, Masallı Rayon İcra Hakimiyyəti Başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sabiq Cahangirov, "EL" fermer təsərrüfatının başçısı Etibar Sadıqov, "EMBAWOOD" mebel fabrikinin icraçı direktoru İnşalla Əsgərov, Hişkədərə kənd sakini, ağsaqqal Söhrab Ağayev, Hacıtəpə kənd dini icmasının sədri Nəcəfqulu Quliyev, Ərkivan qəsəbə sakini, əməkdar müəllim Dadaşbala Düniyev və başqaları 2014-cü ildə Masallı rayonunda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan danışmış, mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı təkliflərini bildirmişlər.
Toplantıda Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov, millət vəkilləri Elmira Axundova və Nəriman Əliyev çıxış edərək 2014-cü ildə rayonda görülmüş işləri yüksək qiymətləndirərək 2015-ci ildə görüləcək işlərin uğurlu olacağına inandıqlarını əminliklə ifadə etdilər.
Yığıncağın sonunda rayon sakinləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cənablarına müraciət qəbul edilmişdir.
Qeyd edək ki, tədbirin sonunda Masallı Rrayon İcra Hakimiyyəti Başçısı adından rayonun ictimai siyasi həyatında fəal iştirakına görə bir neçə nəfərə Fəxri fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.































Sizin Reklam Yeriniz