Əlaqə Arxiv
news Image
2015.02.23
12:04
| A A A
Millət vəkilindən övladlarına əcnəbi ad qoyanlara ismarıc: " Əkiz nəvəm oldu, onlara..."

Esmiralda, Mariya, Elizabet, Mariana və sair. Yəqin ki, qapıbir qonşunuzdan, tanışınızdan, uzaq qohumunuzdan kiminsə öz uşağını bu adla çağıranda təəcüblənmisiniz. Əcnəbi xalqları andıran bu adları əvvəllər rus, ingilis, fransız, ispan və sair xalqların nümayəndələri öz övladlarına verirdilərsə, artıq bizdə də əcnəbi adları daşıyan uşaqların sayı kifayət qədərdir. Onlar nə rusdur, nə ingilis, nə də ki, fransız. Azərbaycanlıdırlar, amma milli kimliyimiz, soy-kökümüzlə heç bir əlaqəsi olmayan, yad adları özlərində daşıyan azərbaycanlılar. Qara qaş, qara göz əsl azərbaycanlı qızları olsalar da, adları çəkiləndə insanın gözü qarşısına başqa millətin nümayəndələri gəlir. Xüsusilə qız uşaqlarına əcnəbi adların verilməsi halları demək olar ki, son vaxtlar artıb. Xalqımızda dərin köklərə söykənən, nəsildən-nəsilə ötürülən, hər birinin dərin mənası olan adlarımız niyə artıq bizlərə xoş gəlmir? Sadəcə dəyişilmək Avropaya uyğunlaşmaq istəyimiz yoxsa, hər kəsdən fərqlənmək istəyi bizi bu seçimə vadar edir?

Dilçilik İnstitunun direktor müavini, filologiya elmləri doktoru Məhəbbət  Mirzəliyeva da Movqe.az-a açıqlamasında azərbaycanlıların öz övladlarına başqa xalqlara aid adların verilməsinin düzgün olmadığı fikrindədir. Onun sözlərinə görə, istənilən azərbaycanlının adı çəkiləndə onun sözün əsl mənasında bu xalqın nümayəndəsi, azərbaycanlı olduğu bilinməlidir: "Mən azərbaycanlıların öz övladlarına əcnəbi ad qoymasını düzgün hesab etmirəm". 


M. Mirzəliyeva deyir ki, bunun müxtəlif səbəbləri olur: "Bəzən övladına əcnəbi ad verənlər hansısa sevdikləri xarici kinonun, əsərin qəhrəmanın adını öz uşaqlarına qoyurlar. Amma elələri də var ki, bunu müasirlik hesab etdiyindən, öz övladına əcnəbi adı verir. Ümumilikdə götürdükdə, Azərbaycanda ailələrdə yenidoğulan uşaqlara ad verərkən nəsildə olan nənə babaların adlarına üstünlük verilir. Bu həmin insanları yaşatmaq anlamına gəlir. Amma bəziləri də var ki, nəinki uşağa nənəsinin babasının, ümumiyyətlə öz xalqına xas olan adı vermir. Mənim fikrimcə öz xalqını sevən insan uşağına yad ad qoya bilməz. Bəlkə də, əcnəbi adı verməyi müasirlik, öz adlarımızı qoymağı geridəqalmışlıq kimi qiymətləndirirlər. Ama səhv edirlər. Çünki, Azərbaycanın çox dəyərli  məşhur yazıçıları var ki, həmin adları uşağa vermək daha məsləhətli olardı".


Millət vəkili Çingiz Qənizadə də Movqe.az-a açıqlamasında öz övladına əcnəbi ad qoyanları qınadığını bildirib: "Mənim iki övladım var, onlardan birinə Firuzə, digərinə Elgiz adı vermişəm. Əkiz nəvəm oldu onlardan birinin adını Müşfiq, birinin də adını Cavid qoydum. Bizim uşaqlarımıza verdiyimiz adlarda millilik əks olunmalıdır. Elə adlar var ki, onları yaşatmalıyıq. Mənim fikrimcə bu məsələdə valideynlərin milli ruhunun olması vacibdir. Milli ruhu olan insan heç vaxt öz uşağına əcnəbi ad verməz. Kənar köklərə söykənən adlarla adlandırmaz".  


Ç. Qənizadənin sözlərinə görə, bəzən gənclər öz övladlarına ad seçərkən müasir səslənməsini istəyirlər: "Amma düşünmürlər ki, uşağa əcnəbi vermək heç də müasirlik əlaməti hesab edilə bilməz. Bu ad nə uşağa, nə də onun özünə heç nə vermir. Halbuki elə qəhrəmanlarımız elə dünya şöhrəli ədiblərimiz var ki, onların adlarını uşağa vermək daha məqsədəuyğundur".


Millət vəkili bəzən yaşlı nəsilin gənc ailələrə uşağa ad seçimində təsir etmək imkanlarının olmadığını deyir: "Əvvəllər ailələrdə uşağa ad qoymaq nənəyə, babaya həvalə olunurdu. Amma son vaxtlar yaşlı nəsilin uşağa müasir dövrlə səsləşməyən ad verəcəyindən ehtiyat edən müasir gənclər uşağın adını özləri seçirlər. Bəzən bu seçimdə yanılır, müasirlik hesab edərək başqa xalqların qoyduqları adları verirlər. Amma bunun gərəksiz seçilmək həvəsindən başqa bir şey olmadığını fərqinə belə varmırlar.Mən çox istəyərdim ki, gənc ailələr övladlarına ad seçərkən bu lazımsız şöhrətpərəstlik, seçilmək hisslərini kənara qoyub öz milli adlarımızdan istifadə etsinlər".


Xatırladaq ki, millət vəkili Nizami Cəfərov da  bu məsələyə toxunaraq qarışığı olmayan azərbaycanlı ailələrə övladlarına Valeri, Vladimr, Yuri kimi əcnəbi adlar qoymağın əleyhinə olduğunu söyləmişdi: "Ümumiyyətlə elə adlar var ki, onların qoyulmağına heç bir etiraz yoxdur.  Elə adlar var ki, onların qoyulması qadağandır. (məsələn, Hitler, Stalin, Andranik və s.) Elə adlar var ki, onların qoyulması məsləhət bilinmir. (məsələn, Valeri, Venera, Natalia və s.) a

Sizin Reklam Yeriniz