Əlaqə Arxiv
news Image
2015.02.27
09:30
| A A A
Süni qiymət artımına gedənlər cinayət məsuliyyətinə cəlb olunacaq?!
Eldar Qocayev: “Bu işi gizli karterə girmiş şirkətlər görərlərsə, onlara qarşı ittiham irəli sürmək olar”

Müvafiq dövlət qurumları tərəfindən edilən xəbərdarlıqlara rəğmən, bəzi işbazlar manatın ucuzlaşmasından istifadə edərək müəyyən satış məhsullarının qiymətini artırmağa çalışırlar. Maraqlısı budur ki, bəzən belə bahalaşma yerli məhsulların qiymətində də özünü göstərir. Süni qiymət artımının qarşısının alınmasında administrativ üsulların genişləndirilməsi isə vacib sayılır. Bu xüsusda hətta ən sərt təklif irəli sürənlər də var. Belə ki, süni qiymət artmına qarşı Rusiyada olduğu kimi cinayət cəzasının tətbiq edilməsi təklif edilir.

İqtisadi məsələlər üzrə hüquqşünas Eldar Qocayev "Mövqe"yə açıqlamasında bildirdi ki, süni qiymət artımına görə, qanunverciliyə əsasən, iki halda ittiham irəli sürmək mümkündür: "Bunlardan birincisi, süni qiymət artımına gedən şirkət və ya müəssisənin bazarda monopolist mövqeyə malik olması halıdır. İkincisi halda bu işi gizli karterə girmiş şirkətlər görərlərsə, onlara qarşı ittiham irəli sürmək olar. Bazarda kiçik paya malik olan şirkətlərə və ya dükana, mağazaya qarşı cinayət işi qaldırmaq olmaz. Bu prosesləri Mülki Məcəlləcə, "Sahibkarlıq fəaliyyəti haqında" qanun, "Antiinhisar fəaliyyəti haqqında" qanunlar tənzimləyir. Kiçik müəssisələrin belə addım atması heç haqsız rəqabət də deyil. Yəni, sahibkar öz malını xilas edir, istədiyi qiyməti qoya bilər. Ona bu, irad tutula bilməz. Çünki, onun da kifayət qədər arqumentləri olacaq. Yəni, ittiham irəli sürülərsə, sahibkarın bazar azadlığı pozulmuş olur. Yalnız dövlət reyesterində olan inhisarçı şirkətlərə qarşı bu addımı atmaq mümkündür. Amma onların da çıxış yolu var. Əgər bahalaşdırmanı əsaslandıra bilərlərsə, onları da ittiham etmək çətin olacaq. Yox, əgər o, bahalaşmanı əsaslandıra bilməzsə, ona qarşı inzibati, mülki, cinayət ittihamları qaldırıla bilər. Monopolist şirkətlər yeni xammala keçməklə, yeni texnika gətirməklə, yeni kadr götürməklə qiymətləri qaldırmasını əsaslandıra bilər. Çünki, bunların hamısı maya dəyərinə gəlir. Bunları sənədlərlə sübut etməlidir. Ondan sonra ona qarşı qanunla ittiham irəli sürmək olar.

Kiçik paya malik olan şirkətə, mağazaya qarşı isə ümumiyyətlə, bu ittihamla çıxış etmək mümkün deyil. Çünki, onların bazarda payı çox kiçikdir. Azərbaycanın ərazisi kiçik olduğundan əmtəə coğrafi sərhədləri ölkə sərhədləri ilə üst-üstə düşür".

Hüquqşünas bildirdi ki, bazarda payı 35%-dən yuxarı olan müəssisələr inhisarçı şirkət hesab olunur: "Payı bundan aşağı olan müəssisələrə qarşı ittiham irəli sürmək qanunla qadağandır. Çünki, onların qiymətləri qaldırması özlərinə ziyan etmiş olacaq. Bu, onun öz siyasətidir. İstəsə, hətta malı dövriyyədən çıxarda bilər. Müəyyən müddətdən sonra dövriyyə buraxmaq hüququ var. Çünki, sahibkarlığın tərkibində risk məsələləsi bütün dünyada tətbiq edilir. Azərabycanda da artıq iki ildir ki, qanunvercilikdə risk amili daxil edilib. Sahibkar öz riskinə hərəkət edərək gəlir əldə edən şəxsdir. Ona görə də o, necə istəyirsə, hərəkət etmək hüququna malikdir. Monopolist şirkətlərin məhsulu isə strateji əhəmiyyət daşımağa başlayır. O mənada ki, onlar nəsə etsələr, bazarda qıtlıq yarana bilər".

İqtisadçının sözlərinə görə, bir də o halda belə ittiham irəli sürmək olar ki, xırda paya olan bir neçə şirkət birləşərək karter yaratsınlar: "Buna gizli karter sövdələşmələri deyilir. Bu, Cinayət Məcəlləsinin 199-cu maddəsi ilə ittham olunur. Süni qıtlıq, qiymət artımı yaratmaq məqsədi ilə gizli akrter sövdələşməsi sayılır. Yəni, digərlərinin bazara girməsinin qarşısını alırlar. Ən əsası isə qiymətlərin süni şəkildə qaldırılmasıdır. Bu, karterə daxil olan əsas məsələdir. Bunu sübut etmək isə çox çətindir. Xüsusi əməliyyat axtarış, iqtisadi analiz tələb edən məsələdir. Hələlik qanunvrcilikdə bu istiqamətdə dəyişikliyin olması nəzərdə tutulmur".

Sizin Reklam Yeriniz