2014-cü ildə Azərbaycanda mənzil bazarında qiymətlər 10.1% artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) ötən ilin yekunları üzrə pul siyasəti icmalında deyilir. İcmalda qeyd edilir ki, təkrar və ilkin mənzil bazarında qiymət artımı müvafiq olaraq 10.1% və 9.1% təşkil edib. Təkrar mənzil bazarında ən yüksək qiymət artımı aşağı keyfiyyətli mənzillərdə (14.6%), ilkin mənzil bazarında isə yaxşı layihələndirilmiş mənzillərdə (12%) müşahidə olunub. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, ötən il ölkədə mənzilə olan tələbat elə də yüksək olmayıb. Məhz bu fonda qiymətlərin artımı maraq doğurur.
"MBA" Konsaltinq və Qiymətləndirmə şirkətinin rəhbəri Nüsrət İbrahimov "Mövqe"yə bildirdi ki, bazarda təklif azaldıqca qiymətlər artır: "2011-ci ildən etibarən, Azərbaycanda tikinti bumu nisbətən səngiyib. Ancaq ötən il əhalinin gəlirlərinin artdığını deyə bilərik. Eyni zamanda ölkədə aparılan tikinti layihələri, Rusiya və Ukraynada baş verən hadisələr və şəhərin mərkəzindəki kompensasiya ilə sökülən ərazilər də mənzillərin qiymətini artıran amillərdəndir. Ancaq ötən il qiymət artımı əvvəlki illərdən fərqli olaraq şəhərin mərkəzində yox, əsasən Bakıətrafında kəskin şəkildə nəzərə çarpdı. Həmin ərazilərdə daşınmaz əmlakla yanaşı, torpaq sahələrinin də qiyməti artdı. Buna səbəb, şəhərdə aparılan söküntü işləridir".
Daşınmaz əmlak üzrə digər ekspert Emil Cəfərov isə düşünür ki, ötən il qiymətlərin artması ölkənin iqtisadi inkişafı ilə tələbin artmasından irəli gələn amildir: "Hətta daşınmaz əmlak bazarında gedən bahalaşmanın növbəti 5-7 il ərzində davam edəcəyi gözlənilir. Mənzil bazarında qiymət artımı paytaxtın ətraf ərazilərində daha çox hiss olunur. Ancaq bununla yanaşı, hədsiz qiymət artımı xüsusən şəhərdə tikilən yeni binaların payına düşüb. Bunun isə iqtisadi əsası yoxdur. Bəzi iş adamları süni şəkildə qiymət artımına getdilər. Həmçinin, ipoteka kreditləşməsində aparılan islahatlar, bu istiqamətdə aparılan müzakirələr və süni spekuliyasiya amillərinin təsirindən də qiymət artımları baş verdi. Nəzərə alaq ki, tikilən evlər sahibkarlar tərəfindən aparıldığından onlar mənzili baha qiymətə sata bilirlər. Bu, bütün dünya təcrübəsində belədir. Onu da unutmayaq ki, bu gün şəhərdə kifayət qədər binalar tikilsə də, çoxunda yaşayan yoxdur. Bunu qiymətlərin həddindən artıq olması ilə əlaqələndirmək olar".
Mənzil bazarında bahalaşmaya təsir edən daha bir məqam isə aşınmaz əmlakın alğı-satqısından əlavə dəyər vergisinin (ƏDV) tutulmasıdır. Xatırladaq ki, daşınmaz əmlakın alğı-satqısından ƏDV-nin tutulması əvvəllər də müvafiq qanunvericilikdə var idi, sadəcə, bunun uçotu aparılmırdı. Bu ildən isə bütün alğı-satqılar notarial qaydada rəsmiləşdirilərək Vergilər Nazirliyinə təqdim olunur. Artıq Vergilər Nazirliyində məlumat bazası var. Bununla da daşınmaz əmlakın alğı-satqısından ƏDV-nin tutulmasına başlanılıb.