Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən qəbul imtahanlarında toplanmış ballara əsasən aşağı, orta və yüksək bal intervalları daxilində oğlan və qız abituriyentlərin sayının paylanması araşdırılıb. Movqe.az-ın xəbərinə görə, bunu TQDK sədri Məleykə Abbaszadə deyib. Komissiya sədri bildirib ki, təhlillər nəticəsində aşağı və orta bal (0-500) intervallarında oğlan abituriyentlərin sayının qızların sayından çox olduğu aşkarlanıb. Onun sözlərinə görə, balları 0-500 intervalına düşən abituriyentlərin 52.7% oğlanlardır: "Yüksək (500-700) bal intervalında isə vəziyyət əksinədir. Burada qız abituriyentlər üstünlük təşkil edir. Balları bu intervalda yerləşən abituriyentlərin 46.7 faizi oğlanlar (500-600 bal intervalında 45.2%, 600-700 bal intervalında 50.0%), 53.3 faizi isə qızlardır (500-600 bal intervalında 54.8%, 600-700 bal intervalında 50.0%)".
Qeyd olunub ki, 0-500 bal intervalında bal toplayan abituriyentlər seçməsində oğlan və qız abituriyentlərin saylarının nisbəti, onların tam seçməsində mövcud olan nisbətinə uyğundur.
TQDK sədri bildirib ki, daha kiçik bal intervalları (0-100, 100-200, 200-300, 300-500, 500-600, 600-700) daxilində oğlan və qız abituriyent seçmələri üzrə ayrılıqda aparılmış araşdırmalar göstərir ki, yalnız ən aşağı (0-100) bal intervalında oğlan abituriyentlərin nisbi çəkisi daha yüksəkdir. Onun sözlərinə görə, qəbul imtahanlarında iştirak edən oğlanların 50.6, qızların isə yalnız 36.5 faizi 100-dən az bal toplayıb: "Qalan bütün bal intervallarında qızlar (nisbi) sayca üstünlüyə malik olub. Aşağı bal topladıqları üçün 30942 oğlan və 24094 qız müsabiqədən kənarda qalıb. Qəbul imtahanlarında iştirak edən qızların yalnız 45.40, oğlanların isə 36.22 faizi müsabiqədə iştirak etmək hüququ qazanıb".