Əlaqə Arxiv
news Image
2015.03.05
09:30
| A A A
Yarımçıq binalardan gələn təhlükə
Ramil Osmanlı: “Tam məskunlaşmayan binaların fiziki aşınmaya məruz qalması qaçılmazdır” Nüsrət İbrahimov: “Sahəsindən asılı olaraq, yaşayış binaları orta hesabla 3 il ərzində Dövlət Qəbul Komissiyasına təhvil verilmirsə, hərraca çıxarılmalıdır”

Təxmini rəqəmlərə görə, bu gün Bakıda 2500-ə qədər yeni tikilən bina var. Günü-gündən də onların sayında artımın olduğunu deyə bilərik. Göz oxşayan bu binalar paytaxta estetik gözəllik verməklə yanaşı, sakinlərin ev probleminin həll olunmasında da mühüm rol oynayır. Ancaq bu təriflərdə bir az ehtiyatlı olmaq da lazımdır. Şəhərin gözəlliyinə uymayan, mənzil təminatında rolu olmayan, ən əsası isə təhlükələri ilə insanları daim narahatçılıqda saxlayan yarımçıq tikililər də az deyil. Bu gün paytaxtın müəyyən ərazilərində tikintisi yarımçıq qalan binalara rast gəlmək mümkündür. Bəziləri illərdir ki, bu vəziyyətdə qalıb. Mütəxəssislər isə ən optimal variant kimi yarımçıq qalmış binaların sahiblərinə tikintini başa vurmaq üçün müəyyən vaxt limiti verilməsini təklif edirlər. Yəni, onlar qoyulan limit müddətində tikintini başa çatdırmalıdırlar. Qoyulan limit başa çatdıqdan sonra bina tikilməsə, tikilinin hərraca çıxarılması məqbul sayılır.

Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlının sözlərinə görə, tikintisi yarımçıq qalmış binalar həm daxildən, həm də xarici təsirlərdən aşınmaya məruz qalır: "Ümumiyyətlə, yarımçıq tikilini 2-3 il ərzində istifadəyə verilməlidir. Çünki, sonradan həmin bina öz-özünə aşınmaya məruz qalaraq dağılır. Normativ qaydalarda göstərilir ki, tikinti 18-22 ay arasında başa çatmalıdır. Bu gün Bakıdakı yeni binalardakı mənzillərin hamısı satılmayıb. Tam məskunlaşmayan binaların fiziki aşınmaya məruz qalması qaçılmazdır. Tikilinin fiziki aşınmasını ləngitmək üçün onlarda sabit temperatur olmalıdır. Temperatur tez-tez dəyişirsə, binanın istismar müddəti 3-4 dəfə qısalır. Yəni, binada mərkəzləşdirilmiş istilik sistemi olmadıqda, onun ömrü iki dəfə azalır. Ancaq yarımçıq tikililərdən mərkəzləşmiş istilik sistemindən söhbət gedə bilməz. Binanın tikintisi uzanırsa, onun alıcı üçün cəlbediciliyi də itirir. Binaların yarımçıq qalmaması üçün müvafiq tədbirlərin görülməsi vacibdir. Amma yarımçıq binalarla bağlı olaraq administrativ idarəetmə formaları düzgün deyil. Məsələnin həlli qarşılıqlı faydalı razılaşma əsasında baş verməlidir. Məsələn, yarımçıq binaların tikilib başa çatdırılması işi bələdiyyələrə həvalə oluna bilər. Dünya praktikasında da tikinti üçün konkret limit qoyulması, bu limitə əməl olunmadığı halda onun kimlərə həvalə edilməsilə bağlı model var. Onlar da binadakı mənzilləri satmaqla qarşı tərəfin pulunu ödəyir. Azərbaycanda da yarımçıq binaların məhz bələdiyyələr tərəfindən alınması daha məqsədəuyğun olardı. Düzdür, bu gün bələdiyyələrin iqtisadi durumu bu işə imkan vermir. Ancaq bu istiqamətdə dövlət tərəfindən bələdiyyələrə subsidiyalar verilməlidir. Hətta onlara uzunmüddətli, az faizli kreditlər də verilə bilər. Bundan başqa, inşa müddəti limitinə uyğun olaraq tikintini başa çatdırmayan binaların hərraca çıxarılması da mümkündür. Çünki müəyyən edilmiş limit vaxtında inşası başa çatmayan tikililərin dövlət tərəfindən müsadirə edilməsi qanunvericiliyə ziddir".

"MBA LTD" şirkətinin rəhbəri Nüsrət İbrahimov bildirir ki, normal vəziyyətdə binanın aşınması il ərzində 1% təşkil edir: "Ancaq yarımçıq qalan tikililərdə aşınma faizi 2-3 dəfəyə qədər çoxalır. Tikintisi yarımçıq qalan binaları aşınmasına aktiv təsir edən bütün amillərdən uzaqlaşdırmaq lazımdır. Hazırda bəzi tikinti şirkətləri tikintini başa çatdıra bilməyəndə binanın konservasiyasını aparmırlar. Bu da binanın istismar müddətini 2 dəfəyə qədər azalır. Yəni, binaların konservasiyası aparılmalıdır".

Nüsrət İbrahimov da tikintisi davam etdirilə bilməyən binaların hərraca çıxarılaraq başqa investorlara satılmasını təklif edir: "Sahəsindən asılı olaraq, yaşayış binaları orta hesabla 3 il ərzində Dövlət Qəbul Komissiyasına təhvil verilmirsə, hərraca çıxarılmalıdır. Hərrac nəticəsində binanı alan tərəfə yenidən normativ verilməlidir. Bu cür praktika qonşu Rusiya da daxil olmaqla, bir sıra ölkələrdə var. Bu, ölkəmizdə yarımçıq tikililərin sayının azalmasına gətirib çıxarar".

Sizin Reklam Yeriniz