Azərbaycanda maliyyə əməliyyatlarının aparılmasına imkan verən plastik kartların sayı sürətlə artır. Bunun əvəzində isə həmin kartlar vasitəsilə həyata keçrilən nağdsız ödənişlərin həcmində artım səviyyəsi çox cüzidir. Halbuki, hökumət qeyri-nağd ödənişlərin miqdarının artmasını prioritet məqsədlərdən biri kimi qarşıya qoyub. Lakin real vəziyyət bu sahədə vəziyyətin hələ qeyri-qənaətbəxş olduğunu göstərir.
Məlumat üçün bildirək ki, ötən ayın əvvəlinə Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 6 milyon 18 min ədədə çatıb. Yanvar ayında ötən ilin dekabr ayı ilə müqayisədə ödəniş kartlarının sayı 0,9% və ya 53 min ədəd artıb. Həmin ayda kredit kartlarının sayı 20 min ədəd, sosial kartlar 15 min ədəd, digər kartlar 24 min artıb, əmək haqqı kartları isə 6 min ədəd azalıb. Yanvar ayında debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi 899 milyon manat təşkil edib. Aparılan əməliyyatların 754 milyon manatı və ya 91% ölkə daxilində nağd pulun çıxardılmasını özündə ehtiva edib. Əməliyyatların 57 milyon manatını və ya 6,7%-ni nağdsız ödənişlər təşkil edib.
Vətəndaşların aldıqları kredit kartlarını bir çoxu da nağd vəsaitin çıxarılması üçün istifadə edilir. Lakin nağdsız ödənişlərin həyata keçrilməsində də bu kartları, xüsusən taksit kartlarının çəkisi artıb. Lakin yekun rəqəmlərin təhlili göstərir ki, nağdsız ödənişlərin həcmi olduqca aşağıdır. Halbuki, nağdsız ödəniş üçün xeyli işlər görülüb. Məsələn, ölkə daxilində bir çox ödənişləri internet üzərindən həyata keçirmək mümkündür. Həmçinin, pos-terminalların sayı kifayət qədərdir. Yeri gəlmişkən qeyd edək ki, Bakı 2015 I Avropa Oyunlarınadək pos-terminalların sayı 95 minə artırılacaq. Xatırladaq ki, 2013-cü ildə Azərbaycanda təqribən 40 min pos-terminal fəaliyyət göstərirdisə, 2014-cü ilin sonuna onların sayı 82 minədək artıb. Bu ilin ilk yarısnadək isə onların sayını 95 minə çatdırmaqdır. Lakin bütün bunların müqabilində nağdsız əməliyyatların miqdarı yüksək deyil.
Bu səbəbdən artıq qeyd olunan istiqamətdə zəruri addımların atılması vacib sayılır. Məsələn, nağdsız hesablaşmalardan istifadəni genişləndirmək üçün prosesin sitimullaşdırılması vacib sayılır. Vətəndaşların nağdsız hesablaşmalardan istifadəsinin sitimullaşdırılması üçün bonus sisteminin tətbiqi bu fonda əsas variantlardan hesab edilir. Bu sistem Türkiyə daxil olmaqla, bir sıra qonşu ölkələrdə var. Qeyd edilən sistemin üstünlüyü ondan ibarətdir ki, vətəndaş plastik kartdan istifadə edərək ödədiyi vəsaitin bir hissəsini geri ala bilir. Adətən bu 5-7 faiz intervalında dəyişir. Bu, o deməkdir ki, əgər vətəndaş rüb ərzində min manatlıq alış-veriş edibsə, alış-veriş zamanı plastik kartdan istifadə edibsə, rüb başa çatdıqdan sonra vətəndaşın ödədiyi min manatın 5-7 faizi, yəni 50-70 manatı avtomotik olaraq yenidən vətəndaşın plastik kartına yüklənir. Göstərilən miqdarda faizin geri alınması vətəndaşda nağdsız hesablaşmanın istifadəsi ilə bağlı stimul yaradır.
Ekspertlər hesab edir ki, ölkədə nağdsız hesablaşmaların inkişafı banklar və kart sahibləri tərəfindən paralel şəkildə həyata keçməlidir. O da məlumdur ki, bir sıra ölkələrdə nağdsız ödənişlərin həcmini artırmaq üçün istifadə olunan üsullardan biri nağd ödənişlərə müəyyən miqdarda limit qoyulmasıdır. Məsələn, Fransadafiziki şəxslərin 3 min avrodan yuxarı bütün ödənişləri yalnız nağdsız formada aparılmalıdır. İsveçdə nağd pulun dövriyyədən tamamilə çıxarılması ilə bağlı müzakirələr aparılır. Bolqarıstanda nağd qaydada aparılan ödənişlərin maksimal məbləği 3,3 min ABŞ dollarına bərabərdir. Bu qəbildən olan təcrübələrin ölkəmizdə də tətbiqi zəruri sayılır.
Nağdsız hesablaşmalar zamanı vergidən yayınmaq mümkün deyil. Ekspertlər bildirir ki, ölkəmizdə min manatdan yuxarı ödənişlərə limit qoymaq olar. Bu zaman satılan malın məbləği min manatdan artıqdırsa, həmin malın nağd satışı qadağan edilməsi həyata keçməlidir. . Bu, artıq məcbur edəcək ki, qmyməti min manatdan yuxarı olan məhsullar nağd alınıb-satılmasın. Bu, tətbiq edilsə, büdcəyə də alış-verişdən daxil olan vəsaitin həcmi artacaq.