Millət vəkili Musa Quliyev isə həbsdə olan jurnalistləri, siyasətçilərin və hüquq müdafiəçilərini nəzərə almamağa çağırıb. Musa Quliyev də, ombudsmanın hesabatını dəstəkləyib, müvəkkilə təşəkkürünü bildirib: " Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində dinamik işlər gedir, dövlət və hökumət bu istiqamətdə lazımı tədbirləri görür. Hesab edirəm ki, insan hüquq və azadlıqlarının qorunması iki tərəfli işdir. Bir hüquq mühafizə orqanları, digəri vətəndaş. Təcrübə göstərir ki, öz hüquqlarını bilən şəxsin hüquqlarını pozmaq mümkün olmur. Ancaq hesabatda həbs edilən hüquq müdafiəçilərinuin, siyasi fəaliyyəti olan insanların və mətbuatda işləmiş, sonradan həbs edilən şəxslərin adları xüsusilə qeyd edilib. Təbii ki, bu şəxslər törətdiyi konkret cinayətə görə, həbs edilib. Hesab edirəm ki, ya onların adları xüsusilə qeyd edilməməlidir, ya da bütün müraciət edən şəxsləri sadlanmalıdır".
BAXCP sədri Qüdrət Həsənquliyev isə dövlət qurumlarını qiymətlərə müdaxilə etməməyə çağırıb. BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə çıxışı zamanı ölkə qadınlarını, xanım deputatları təbrik edib. Millət vəkili daha sonra təklif edib ki, ombudsman öz imkanlarından istifadə edərək Avropa Yay Olimpiya Oyunlarının tanıdılması işində aktiv olsun: "Biz bilirik ki, erməni diasporu, Azərbaycanı sevməyən qüvvələr var. Onlar beynəlxalq hüquq müdafiə təşkilatlarını maliyyələşdirirlər. Dünyada insan hüquqları sahəsində ictimai rəyi beynəlxalq hüquq müdafiə təşkilatları yaradır. Odur ki, Elmira Suleymanova da imkanlarından və nüfuzundan istifadə edərək bəzi şəxslərin azadlığa çıxmasına nail olsun və bu beynəlxalq idman yarışına kölgə salmaq istəyənlərə imkan verilməsin".
Deputat daha sonra deyib ki, bazar iqtisadiyyatı şəraitində qiymət tələb və rəklif əsasında formalaşır. O, dövlət qurumlarını bu məsələyə müdaxilə etməməyə çağırıb: "Bizə çoxlu sayda müraciətlər daxil olub. İstərdim ki, bu məsələyə ombudsmanın diqqətini çəkim".
Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı Ombudsmanın hesabatını dəstəkləyib. Deyib ki, son dövrlər bir qrup beynəlxalq təşkilatlar Azərbaycan dövləti haqqında olmazın şərini aparır: "Eurovision ərəfəsində də, belə kampaniya gedirdi. Onlar erməni mənşəli şəxsləri, qrant verib sonra şapka aldığı insanları, Azərbaycanın dövlət və hərbi sirlərini ermənilərə satan şəxsləri dəstəkləyir. Buradan bir qrup şəxsdə onlara material ötürür. Bunlar AXCP sədri Əli Kərimli, onun ətrafı, erməni mənbəsindən alaraq saxladığı QHT-lərdir. Hesab edirəm ki, millət vəkilləri, ombudsman öz xətləri ilə bu məsələdə mövqeyini ortaya qoysun. Belə bir möhtəşəm tədbir bizim ölkəmizdə keçirilir. Hörmətli Mehriban xanım ölkələri bir-bir gəzərək təqdimatlar keçirir. Fikrimcə, bu işdə hər kəs imkanı daxilində dəstəyini göstərməlidir".
YAP-çı deputat daha sonra qeyd edib ki, İsveçrə səfirliyində bir adamı 6 aydır ki, gizlədirlər: "Bu adam milyonlarla qrant alıb, 240 min manat vergidən qaçıb. Mən təklif edirəm ki, Ombudsman İsveçrə səfirliyinə müraciət etsin. Qoy bu səfirlik 3 gündə məcburi köçkünü və ya müəllimə yemək versin. Hələ bir dəfə eşitməmişik ki, bu qurumlar həkimi, müəllimi müdafiə etsin".