Yeni binalardan ev alanların bir çoxu mənzillərini özəlləşdirməkdə problemlə üzləşir. Məlumatlaar görə, yeni tikilən çoxmənzilli binalarda yaşayan insanların 60-70 faizi öz adlarına order olsa belə, mənzillərini özəlləşdirə bilmirlər. Məsələ bundadır ki, yeni tikilən binalarda mənzil satılarkən orderin alıcının adına keçirilməsi mümkün olmadığı üçün, mənzillər adətən notarial qaydada satılır. Bəzi mənzil tikinti kooperativləri "kupça"ların verilməsində maraqlı görünmürlər.
"MBA Konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimov diqqəti on açəkir ki, çıxarışın olmaması vətəndaşlar üçün ilk növbədə vərəsəlik problemi yaradır. Məsələn, normalda vətəndaş əmlakını banka qoyub kredit götürə, bununla öz biznes fəaliyyətini qura bilər ki, çıxarış olmadıqda bu hüquqdan da məhrum olur. "Kupça"ların verilməməsi onunla bağlıdır ki, bu binalar müvafiq dövlət qurumları tərəfindən təhvil alınmayın.Tikinti şirkətləri də binaları təhvil verməkdə maraqlı deyillər.
Əmlak Ekspert Mərkəzinin eksperti Rövşən Talıbzadənin fikrincə, çıxarış məsələsinin uzanması ilk növbədə binaların müvafiq dövlət qurumları tərəfindən təhvil alınmaması ilə bağlıdır: "Yeni tikililərlə bağlı ən böyük problemlərdən biri vətəndaşlarla alqı-satqı müqavilələrinin notarial qaydada təsdiq olunmaması və onun dövlət reyestrinə düşməməsidir. Belə bir əqdin bağlanmaması bir çox problemlərə yol açır. Vətəndaş əmlakının öz mülkiyyətində olmasından lazımı qədər istifadə edə bilmir. Yəni həmin müqavilə əsasında vətəndaş mənzilini girov qoya, ipoteka kimi götürə bilmir. Bu müqavilələr sadəcə, satıcı ilə alıcı arasında bağlanan bir əqddir. Halbuki, mülkiyyəti təsdiq edən sənəd Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən çıxarışlardır. Həmin çıxarışların verilməsi üçün binanın istismara qəbul aktı olmalıdır. Dövlət qurumları tərəfindən yeni tikili istismara qəbul edilməlidir ki, sonradan binanın özünə vahid çıxarış forması verilsin və vətəndaş da həmin çıxarış əsasında hər biri öz payına uyğun çıxarışlar əldə etsin. Təəssüf ki, bu günə qədər həmin problemlər həll olunmamış qalır. Binanın istismara qəbul götürülməməsinin də bir çox səbəbləri var. Binanın bütün texniki xüsusiyyətləri standartlara cavab verməlidir ki, onu aydiyyatı üzrə dövlət qurumları təhvil götürsün. Lakin bəzi hallarda binanın hansısa bir çatışmamazlıq üzündən istismara götürülməsi uzanır və yaxud ümumiyyətlə götürülmür. Bu zaman vətəndaşlar sadəcə, əllərindəki müqavilə ilə kifayətlənməli olurlar. İkinci bir tərəfdən, yeni tikililərə çıxarış verilməməsi onunla bağlıdır ki, ümumiyyətlə istismara qəbul bina tam başa çatandan sonra olmalıdır. Amma bu günləri yeni tikililərdə artıq mənzili katlavandan satmağa başlayırlar. Bu zaman bina tikilib başa çatandan sonra onun çıxarışının olması tam naməlumdur. Dünya praktikasında belə prosesə dövlət qurumları nəzarət edir. Vətəndaş da alqı-satqı müqaviləsi bağlayanda bilir ki, tezliklə bina qəbula götürüləcək və o da mülkiyyət hüququnu əldə edəcək. Ölkəmizdə də belə bir prosesin olması vacibdir".
Millət vəkili Fazil Mustafa d abi müddət əvvəl parlamentdə çıxış zamanı bu məsələyə xüsusi diqqət çəkimşdi: "Azərbaycanda yeni tikilən çoxmənzilli binalarda yaşayan insanların 60-70 faizi öz adlarına order olsa belə, mənzillərini özəlləşdirə bilməyiblər". Onun sözlərinə görə, bu o deməkdir ki, həmin insanların mülkiyyət hüquqları tam formalaşmayıb: "Həmin insanların mənzillərini özəlləşdirmək hüququ yoxdur. Bu məsələ artıq həll edilməlidir. Vətəndaşın günahı deyil ki, bina 10 illərlə Bakı Şəhər İcra Hakimiyyəti və yaxud digər müvafiq qurumlar tərəfindən təhvil alınmayacaq? Buna vətəndaş nə etsin?".