Əlaqə Arxiv
news Image
2015.03.30
08:00
| A A A
Fərdi mənzillərə böyük tələb yaranır
Rövşən Talıbzadə: “İstənilən halda fərdi yaşayış evi tikmək bina evi almaqdan daha ucuz başa gəlir” Nüsrət İbrahimov: “Bu tendensiya yaxın bir-iki ildə davam edəcək”

Son zamanlar bina evlərinin daha sürətlə bahalaşması tendensiyası müşahidə olunur. Proqnozlara görə, anoloji durum özünü cari ilin sonuna kimi göstərəcək. Adətən, çoxmərtəbəli binalarda qiymətlər yüksələndə, əhali daha ucuz ev almağa meyl edir ki, bu zaman da ilk sırada fərdi yaşayış evləri gəlir. Belədə, fərdi yaşayış evlərinin tikintisi artır.

Əmlak Ekspert Mərkəzinin eksperti Rövşən Talıbzadə də fərdi yaşayış evlərinin tikintisinin daha çox sərfəli olduğunu bildirdi: "Evlərin qiymət artımından söhbət düşəndə, bu, istər yaşayış binalarında, istər torpaq bazarında, istərsə də fərdi yaşayış evlərində öz əksini tapır. Bütün seqmentlər bir-birilə bağlı olduğuna görə, qiymət artımları onların hamısına təsir edir. Bu gün bina evlərinqə qiymət artımı müşahidə olunsa da, torpaq bazarında da bu tendensiya özünü göstərir. Eyni zamanda, idxal məhsulu olan tikinti materialları bazarında da daha çox qiymət bahalaşması müşahidə edilir. Bu vəziyyət özünü yerli istehsal sahəsində də göstərir. Təbii ki, bu artımların hamısı nəticədə evin maya dəyərinin bahalaşmasına gətirib çıxarır. Amma istənilən halda fərdi yaşayış evi tikmək bina evi almaqdan daha ucuz başa gəlir. Torpağı nəzərə almasaq, fərdi yaşayış evinin tikintisini kvadratmetrə görə 200 manat və təmiri də 200 manat olmaqla 400 manata ərsəyə gətirmək mümkündür. Mənzillərin qiymətində isə kvadratmetri 400 manata başa gələn evlər yoxdur. Bina evlərində kvadratmetr 1000 manatdan yuxarıdır. Bunu nəzərə alanda əlbəttə, fərdi yaşayış evi tikmək daha çox sərf edir. Buna tələbat da həmişə olduğu kimi çoxalıb. Sadəcə olaraq, torpaq bazarında qıtlıq yaranıb. Çünki, torpaq tükənən sərvətdir və ona həmişə tələbat var. Ona görə də torpağın da qiyməti artır. Hər halda fərdi yaşayış evi tikintisinə üstünlük verən vətəndaş nəticədə udur. Şəhər mərkəzində sıxlığın olması, qiymətlərin kəskin bahalaşması əhalinin daha çox fərdi yaşayış evlərinə köçməsini şərtləndirir. Son zamanlar əksər insanlar bina evlərini satıb, fərdi yaşayış evləri tikməyə daha çox üstünlük verir. Çünki, bu zaman ən azından geniş sahə əldə etmək imkanı olur".

"MBA Konsaltinq" şirkətinin rəhbəri Nüsrət İbrahimovun fikrincə də, mənzil bazarında qiymətlərin kifayət qədər yüksək olması fərdi evlərin tikintisinə marağı sözsüz ki, artırmalıdır: "Son iki ildə bina evlərinin qiyməti bahalaşıb. Belədə bəzi potensial alıcılar üçün belə evlər əlçatmaz olub. Ona görə də 2014-cü ilin əvvəlindən torpaq bazarına üz tutanların sayı çoxalıb. Bu gün ucuz torpaq bazarında tələb mənzil bazarından daha çoxdur. Fevral ayında torpaq bazarında 5 faizə yaxın qiymət artımı baş verib. Mart ayında da belə qiymət bahalaşması gözlənilir. Bu da ondan irəli gəlir ki, mənzil bazarında qiymətlər kifayət qədər yüksək olaraq, potensial alıcı üçün əlçatmaz olub. Ona görə də onlar torpaq bazarına daha çox üstünlük verir. Yəqin ki, bu tendensiya yaxın bir-iki ildə davam edəcək".

Sizin Reklam Yeriniz