Bu gün Azərbaycan iqtisadiyyatında özünü göstərən problemlərdən
biri yerli kommersiya banklarının paytaxtla müqayisədə regionlara
daha böyük xəsisliklə kredit vermələridir. Halbuki regionların
inkişafı məqsədilə dövlət tərəfindən məqsədyönlü tədbirlər görülür,
müvafiq proqramlar qəbul edilir, böyük həcmdə investisiyalar
yatırılır, lazımi infrastruktur yaradılır.
Ancaq regionlarda yaşayan iş adamları öz bizneslərini
genişləndirmək məqsədilə kredit üçün banklara üz tutduqda min bir
çətinliklə üzləşirlər. Sahibkarlara Kömək Milli Fondu istisna
olmaqla regionlarda iş adamları digər mənbələrdən sərfəli şərtlərlə
kredit almaqda hələ də böyük çətinliklər yaşayırlar.
Bu gün Bakıda maliyyə xidmətlərinin, demək olar ki, bütün
növlərindən istifadə edildiyi halda, kənd və rayonlarda bəzi
xidmətdən ümumiyyətlə xəbərsizdirlər.
İpoteka kreditləri, mobil bankinq, internet bankinq, şirkətlərin
səhmlərinə pul qoymaq - kənd əhalisi hələ də bunlardan istifadədə
böyük çətinliklər yaşayır. Ekspertlərin fikrincə, kənd yerlərində
yaşayanların bu məsələdə payının az olması arzuolunan deyil.
Regional inkişaf, eyni zamanda kənd yerlərində biznesin
stimullaşdırılması baxımından mikrokreditlərin az hissəsinin kənd
sakinlərinə düşməsi həmin yerlərin inkişafına müəyyən maneələr
yaradır.
Digər tərəfdən kənd yerlərində yaşayanların orta aylıq əməkhaqları
yüksək deyil. Bu səbəbdən də onlar əksər hallarda mikrokredit almaq
imkanından məhrumdur. Başqa bir tərəfdən, kənd sakinlərinin
mikrokreditlərlə bağlı məlumatları olduqca səthidir. Bu gün
kəndlərdə rəsmi kredit deyil, sələm adlanan qeyri-rəsmi kredit
növündən daha çox istifadə olunur.
Təəssüflə qeyd etməliyik ki, ölkədə fəaliyyət göstərən 44 bankın
cəmi 2-si region bankıdır. Bankomatların 60%-i, POS-terminalların
90%-dən çoxu paytaxtda quraşdırılıb. Əhalidən cəlb edilmiş
əmanətlərin 95%-ə qədəri Abşeron regionunun payına düşür.
Regionlarda bankların filiallarının sayının artmasına rəğmən hələ
də bütün kredit qoyuluşunun 85%-dən çoxu yalnız Bakı şəhərinin
payına düşür. Abşeron da nəzərə alınmaqla Bakı-Abşeron ərazisində
bütün kredit qoyuluşlarının 90%-i istifadə edilir. Kreditlərin
cəmisi 10%-i ölkənin digər regionları arasında paylanır. Əgər
nəzərə alsaq ki, Gəncə, Şirvan, Şamaxı, Lənkəran, Mingəçevir kimi
şəhərlərdə olan kreditlər də bunun tərkibindədir, onda kreditlərin
belə təmərküzləşmə səviyyəsinin ölkənin regionlarının inkişafına
ciddi dəstək verə bilmədiyi üzə çıxır. Bu həm də bankların
regionları kreditləşdirməkdə maraqlı olmadığını əks etdirir.
Üstəgəl, regionlarda verilən kreditlər üçün girov tələb olunduqda
həmin girovun, yəni evin Bakı şəhərində olması vacibdir.
Hazırda Azərbaycan bankları problemli kreditlərdən ehtiyatlanaraq,
girovla bağlı tələblərini sərtləşdirməkdə davam edir ki, bu da ölkə
fermerlərini daha çətin duruma salır. Banklar yenə də girov üçün
Bakı şəhərində əmlak tələb etdiyinə görə, Azərbaycan fermerlərinin
böyük hissəsi ölkədə verilən güzəştli kreditlərdən faydalana
bilmir. Hələlik isə kreditin qaytarılması üçün məsuliyyət,
bilavasitə, bankların üzərində olduğuna görə, onlar da özlərini
sığortalamaq üçün mümkün qədər qiymətli girov tələb edirlər.
Maliyyə böhranından sonra isə bankların girov tələbləri daha da
sərtləşib.
Qeyd edək ki, qaydalara görə, girovun dəyəri kreditin məbləğindən
azı 1 dəfə yarım çox olmalıdır. Amma böhranı nəzərə alan banklar
bundan da qiymətli girov istəyir. Həmçinin banklar Bakı şəhərində
girov tələb olunmasını təbii sayır. Banklarda bildirirlər ki,
əslində girov ona görə götürülür ki, kredit qaytarılmayanda onu
satmaq mümkün olsun. Rayondakı əmlakı satmaq isə çox çətindir.
Bununla belə, banklar etiraf edir ki, rayon və kəndlərin özündə ən
yaxşı girov qeyri-yaşayış sahəsi, yəni mağaza və obyektdir. Onu
adamın əlindən almaq da, satmaq da asandır. İkinci yeri torpaq
sahələri tutur. Evlərdən fərqli olaraq, torpaqlara, xüsusilə əkin
sahələrinə maraq böyükdür. Amma iri kreditlərin alınması zamanı bu
girovlar da kifayət etmir. Ekspertlər isə bildirir ki, hökumət
girov şərtlərini yüngülləşdirməlidir. Hətta qeyd olunur ki, girov
təminatının bir hissəsini dövlət öz üzərinə götürməlidir.
Onu da qeyd edək ki, indi banklar girov üçün təklif olunan əmlaka
əvvəlki kimi həvəslə can atmır. Elə bu səbəbdən ekspertlərə görə
hökumət kənd yerlərinə kredit verən təşkilatlara müəyyən güzəştlər
tətbiq etməli, onları kənd yerlərində yaşayanlarla işləməyə
stimullaşdırmalıdır.