Əlaqə Arxiv
news Image
2012.08.17
08:35
| A A A
Qızılın yeni bahalaşma dövrü gəlir
Sarı metalın qiymətinin artması ölkəmizə də təsirsiz ötüşməyəcək

Son aylarda dünya birjalarında qızıla marağın yenidən artmaqda olduğu müşahidə olunur. Ekspertlər isə bunu yaxın tezlikdə qızılın əhəmiyyətli dərəcədə bahalaşmasına gətirib çıxaracağını vurğulayırlar. Hələlik isə tanınmış investorlar qızıla daha çox yatırım etməyə başlayıblar. Məsələn, investor-milyarder Corc Soros qiymətli metal bazarında qiymətlərin kəskin aşağı düşməsindən istifadə edərək, qızıla etdiyi yatırımları artırıb.

"Bloomberg" agentliyinin bildirdiyinə görə, 2008-ci ildən bəri qızılın rüblük qiymətinin aşağı düşməsində maksimal nəticə qeydə alınıb. Öz "qızılı" investisiyalarını hec-fond meneceri Con Paulson da genişləndirib.

Son zamanlar ərzində isə Avropada baş qaldırmış borc böhranının fonunda qiymətli metalın dəyəri yenidən yüksəlib. Avqustun 15-də bu regionda qızılın bir unsiyası 1603 dollara alınıb-satılır. Ötən il isə qızılın qiyməti müəyyən bir məqamda bir unsiyaya görə1889 dollara çataraq rekord vurmuşdu. Bunun tezliklə təkranlanması isə istisna deyil. Qeyd edək ki, Azərbaycan da qızıl ehtiyatının toplanmasına getdikcə xüsusi diqqət yetirir. Məsələn, məlumdur ki, Azərbaycan Dövlət Neft Fondu (ARDNF) yeni investisiya alətlərinə vəsait yatırılması proqramı nəticəsində qarşıdakı iki il ərzində 30 ton qızıl alacaq.

Qızıl 2 il ərzində hər həftə artırılacaq. Artıq bu il fevralın 1-dən etibarən qızılın alınmasına başlanıb. Həftədə 25 qızıl külçə və ya 10 min unsiya qızıl alınır. İyul ayının 1-nə qədər 6847 kq və ya 220 146 unsiya qızıl alınaraq investisiya portfelinə daxil edilib.

Qızılın müvəqqəti saxlanma yeri kimi bu sahədəki təcrübələri və saxlanma xərcləri nəzərə alınaraq "JP Morgan" bankının London anbarı seçilib. İlin sonunadək əlavə 240 min unsiya və ya 7,5 ton qızılın alınması nəzərdə tutulur. Eyni zamanda fondun bu günədək alınmış qızıl ehtiyatlarından əlavə gəlirlilik əldə edilməsi məqsədilə həmin ehtiyatların bir hissəsi hazırda beynəlxalq maliyyə bazarlarında fəaliyyət göstərən nüfuzlu banklarda qısamüddətli depozitlərdə yerləşdirilib.

Qarşıdakı dövr ərzində isə qızılın durmadan bahalaşması isə şübhəsiz ki, Azərbaycan iqtisadiyyatına da təsir göstərəcək. Ölkəmizin resurslarının və valyuta ehtiyatlarının bir hissəsinin avroda, bir hissəsinin dollarda saxlanması fonunda qızılın bahalaşmasının bu ehtiyatlara müəyyən təsirləri olacaq. Yəni həmin ehtiyatların qızıl ifadəsində dəyəri azalacaq. Digər tərəfdən, qiymətinin tənzimlənməsi müşkül məsələ olan qızılın getdikcə bahalaşması bütün sahələrə, məhsulların və malların qiymətlərinə öz təsirini göstərir və bu proses davamlı hal ala bilər.

İqtisadçı-ekspertlər söyləyir ki, dünya bazarında qızılın qiymətinin qalxmaqda davam etməsinin Azərbaycana təsiri ən azı ona görə baş verəcək ki, Azərbaycan dünya iqtisadiyyatının bir parçasına çevrilib. Yəni elə inteqrasiya prosesləri gedib ki, bu məqamda Azərbaycanı tək-tənha təsəvvür etmək mümkün deyil. Ona görə də ölkədə qızılın qiymətinin dünya bazar qiymətinə gec-tez uyğunlaşması qaçılmaz sayılır. Bundan başqa, qızılın bahalaşması istehlakçıların vəziyyətinə mənfi təsir göstərir, eyni zamanda istehsalçıların və satıcıların gəlirlərinin artmasına gətirib çıxarır.

O da xüsusi olaraq qeyd olunmalıdır ki, Azərbaycanda qızıl keçmişdən etibarlı sərmayə sayılsa da, son illər əhali və sahibkarlar pullarını daha çox daşınmaz əmlaka qoyur. Bu da daşınmaz əmlakın hər zaman qiymətli olması ilə əsaslandırılır. Lakin o da faktdır ki, qızılın bahalaşma prosesi də davam etməkdədir. Hazırda ölkənin satış mərkəzlərində əsas etibarilə Türkiyə, Dubay və Rusiyadan gətirilən qızıllar satılır. İqtisadçı ekspertlər deyir ki, Azərbaycanda qızılın qiymətinin artmasına həm dünyadakı bahalaşmanın, həm də yerli amillərin öz təsiri var. Hələlik isə ölkəmiz əsasən xaricdən qızıl məmulatları alır. Rusiyadan, ərəb ölkələrindən, Türkiyədən qızıl məmulatları alınıb-satılır. Bu da qiymətin artımına təsir edir.

Bahalaşma prosesini, dollarla yanaşı, avro da sürətləndirir. Avronun məzənnəsinin düşməsi Yunanıstanda baş verən iqtisadi böhran, eləcə də bu böhranın Yunanıstandan Avropa İttifaqı və ya avro bölgəsi digər ölkələrə keçməsilə bağlıdır. Təbii ki, Yunanıstanda iqtisadi iflasla yaşananlar avrozonanın digər ölkələrində də bu narahatlığın yaşana biləcəyilə bağlı müəyyən narahatlıqlara gətirib çıxarıb. Bu da investorların avroya olan inam və marağının azalmasına səbəb olub.
Sizin Reklam Yeriniz