Əlaqə Arxiv
news Image
2012.08.29
08:50
| A A A
Yas mərasimi üzərində qurulan alver
Bu cür halların qarşısının alınması üçün ən vacib addımlardan biri toy və yas mərasimləri ilə bağlı qanun layihəsinin qəbulu vacib sayılır

Yas sərasimlərində özünü göstərən çatışmazlıqlar barədə bu vaxta qədər çox deyilib, çox yazılıb. Lakin təəssüf ki, qeyd olunan sahə üzrə hələ də müsbətə doğru ciddi irəliləyiş yoxdur. Əvvəlki kimi qəbir yerlərindən tutmuş verilən ehsana qədər olan mərasim kifayət qədər baha başa gəlir. Halbuki əhaliyə Vətəndaşlıq Xidməti Tresti bu günlərdə bəyan edib ki, paytaxt qəbiristanlıqlarında qəbir yerlərinin qiyməti eynidir.

Qəbiristanlıqlara verilən təlimata əsasən, 24 - 14 - 14 ölçüsündə olan qəbir yeri 49 manat, eyni ölçüdə qəbrin qazılması, mişar daşları ilə tikilməsi, dəfn olunma, materialların qiyməti istisna olmaqla 63 manat, 26- 12 - 12 m ölçülərində olan qəbir yerin qiyməti isə 79 manatdır. Yasamal Dağ Üstü Qəbiristanlığın müdiri Hafiz Müslümov trestin açıqladığı qiymətlərin ancaq qəbirlərin qazılması və qəbirin hörülməsinə aid olduğunu deyib.

Lakin araşdrıdmalar göstərir ki, ilk öncə ölünün yuyulması və kəfənlənməsi üçün 300 manatdan yuxarı xərc tələb olunur. Bundan sonra dəfn edilmək üçün kənd və qəsəbə qəbirstanlıqlarında yer 400 manatdan başlanır. Lakin məlumatlara görə, Yasamal qəbiristanlığı kimi yerlərdə bu qiymət bir az da bahalaşır. Bundan başqa, yas çadırının bir günlük kirayəsi üçün ən azı 300 manat ödəmək lazımdır. İndi şəhərdəki kirayə çadır təklif edən ofislərdə VİP-çadırlar da peyda olub ki, onların qiymətləri 1000 manatdan da bahadır. Çadırların qiyməti avadanlığın sayından, xarici görünüşündən asılı olaraq bir gün üçün 300 manatdan başlayaraq 2-4 min manata qədərdir. Orta vəziyyətdə olan çadırın bir günü isə 600 manatdır. Bu cür məntəqələrdə əlavə ödəmə ilə çadırlarda səsgücləndirici və mikrofon, molla üçün xüsusi taxt sifariş vermək də mümkündür. VİP çadırlarda isə kondisioner, çilçıraq, soba da quraşdırılır. Bu cür məntəqələr yas mərasimlərini yola vermək üçün çayçı, aşpaz, ofisiant da təklif edirlər. Belə ki, bir günlük ofisiant üçün 15-30 manata, aşpaz üçün minimum 50 manat ödəmək lazım gəlir.

Qəbir daşlarının qiyməti isə ölçülərinə görə fərqlənir. Ucuz qəbir daşları 600 manatdan başlayır. Ən bahalı qəbir daşları 1200 manatdan başlayır.

Qeyd edək ki, analoji məsələlər qonşu ölkələrdə də var. Ancaq Azərbaycanla müqayisədə qiymətlər xeyli dərəcədə fərqlidir. Məsələn, Türkiyədə məzar yerləri satılsa da, qiymətlər fərqlidir. Ölkənin ən bahalı şəhəri İstanbulda ən baha məzarlıq Aşiyan, Zincirliköy, Karacaahmet, Çengelköy və Ulusdur. Bu məzarlıqlarda İstanbulun və Türkiyənin ən zəngin ailələrinin qəbirləri mövcuddur. Burada qiymətlər 9 min türk lirəsindən başlayaraq 18 minə qədər yüksəlir. Azərbaycan manatı ilə 4500 manatdan 9 min manata qədər. Ancaq ümumi olaraq Türkiyədə ortalama bir məzar yerinin qiyməti 90 lirədən (45 manat) 3 min lirəyə (1500 manat) qədər artır. Qonşu ölkədə qəbirin qazılması, meyitin yuyulub dəfn olunması işlərini İstanbul bələdiyyəsinin müvafiq qurumu həyata keçirir. Bütün bunlar pulsuzdur. Hətta ölən şəxs Türkiyənin başqa bir bölgəsində dəfn olunmalıdırsa yenə də hökumət bunu pulsuz təşkil edir. Əgər meyitin dəfn olunacağı bölgədə imam (molla) yoxdursa, meyit namazını qılmaq üçün meyit maşını ilə birgə bir imam da göndərilir. Əgər ölənin kimsəsi yoxdursa və yaxud kasıbdırlarsa, qəbir yerinin alınması xərclərini bələdiyyə ödəyir.

Qonşu İranda da qəbir yerləri pulludur. Amma burada da istisnalar var. Məsələn, İranda 500 min tümən (260 dollar) 270 min tümən (145 dollar), 150 min tümən (80 dollar) qiymətlərində məzar yerləri var. Ancaq xüsusi baha yerləri olan məzarlıqlar da var. Məsələn, Tehran yaxınlığında yerləşən İran-İraq müharibəsi şahidlərinin dəfn olunduğu Behişte-Zəhra (Zəhra cənnəti) məzarlığı ölkədə ən bahalı qəbir yerlərinin olduğu yerdir. Burada qiymətlər 350 min tüməndən - 15 milyon tümənədək (180 dollar - 7700 dollar) dəyişir. Daha bir bahalıq məzar yerləri ziyarətgahlar əraizisində olur. Bu cür yerlərdə dəfn olunmaq arzusunda olanlar çox olduğundan bura xüsusi qiymətlər qoyulub.

Lakin qeyd edək ki, şəriətdə qəbir evini satmaq haramdır. Nə qədər iddia olunsa ki, Azərbaycanda qəbir evini satmaq halları mövcud deyil, reallıqda hər şey əksinədir. Ekspertlərə görə, istər toy və istərsə də yas mərasimlərinin keçirilməsi ilə bağlı məsələnin vətəndaşların öz ixtiyarına buraxılması bir çox problemlərə yol açıb. Bu mərasimlərdə əksər vətəndaşlar tərəfindən həddindən artıq ifrata varılır. Bu cür halların qarşısının alınması üçün ən vacib addımlardan biri toy və yas mərasimləri ilə bağlı qanun layihəsinin qəbulu olardı. Bu gün Azərbaycanda mövcud olan nə toy, nə də yas mərasimlərinin heç biri Azərbaycanın nə milli, nə də dini dəyərlərinə uyğun deyil. Bu fonda ekspertlər maarifləndirmə xarakterli tədbirlərin keçirilməsini vacib sayır.
Sizin Reklam Yeriniz