Əlaqə Arxiv
news Image
2012.09.05
08:17
| A A A
Avro mifik tanrıların ümidinə qalıb
Vahid Avropa valyutasının dəyərdən düşməsi Azərbaycana təsir göstərməkdə davam edir

Getdikcə dərinləşməkdə olan avro böhranı bu dəfə başqa bir prizmadan diqqəti özünə cəlb etməyə başlayır. Söhbət yeni dizaynda avroların buraxılmasından gedir. Özü də bu dizayn avronun hələ uzun müddət dövriyyədə olmasını nümayiş etdirmək məqsədlərindən birini də güdür. "Bloomberg" agentliyinin verdiyi məlumatlara əsasən, yeni avro banknotlarının üzərində ilahə Avropanın təsviri görünəcək.

Qeyd edək ki, qədim yunan mifologiyasında Avropa finikiyalı çar Aqenorun qızı və kənd təsərrüfatı ilahəsidir. Avropa həm də Olimp çarı Zevsin ilham mənbəyi olub, o hətta öz ehtirasını dəf etmək üçün ilahəni oğurlayıb.

Qitə ilahənin şərəfinə belə adlandırılıb, məhz onun rəsmi yeni çıxan avro kupyuralarının üstündə keçmiş memarlıq tərzini əks etdirən şəkilləri əvəz edəcək.

Ekspertlər iddia edir ki, bina təsvirləri əvəzinə su nişanının üzərində üz cizgilərinin təsviri valyutanı saxta pullardan qorumağa imkan verəcək, çünki bu saxta pul hazırlamaq istəyənin işini kifayət qədər çətinləşdirəcək. Bundan əlavə əskinazların rəng tərtibatı da dəyişəcək. Həmçinin son illər ərzində Avrozonanın coğrafiyasında baş vermiş bütün dəyişikliklər də yeni kupyuralarda öz əksini tapacaq.

Avropa Mərkəzi Bankının rəyinə əsasən, valyutanın dizaynında qədim yunan mifologiyasından istifadə Yunanıstanın Avrozonanı tərk etməsi ilə bağlı deyilən bütün qara fikirləri bütün qara fikirləri beyinlərdən uzaqlaşdırmalıdır. Avropanın əsas sütunlarını və tarixini əks etdirən və milli sərhədlər çərçivəsindən kənara çıxan nümunəyə müraciət etməklə AMB (Avropa Mərkəzi Bankı) avronun birlik valyutası olduğunu təcəssüm etdirmək istəyir. Noyabr ayında nominal dəyəri beş avro olacaq ilk banknot nümunəsinin dizaynının cəmiyyətə təqdim ediləcəyi gözlənilir. "Bloomberg" mənbələri qeyd edir ki, yeni pulların dövriyyəyə 2013-cü ilin may ayında çıxacağı ehtimal olunur.

İlahə Avropanın siması artıq bir dəfə nominal dəyəri 2 avro olan qəpiklərdə istifadə olunub. Yenilənmiş pulları 2012-ci ildə emissiya etmək planlaşdırılırdı, amma borc böhranına görə bu proses təxirə salındı. Onu da qeyd etmək lazımdır ki, 2002-ci ildən bəri avroların zahiri görünüşü heç bir dəyişikliyə uğramayıb. Lakin indi vəziyyət dəyişir. O da faktdır ki, indi də avrozona ölkələri çətin durumdadır. Yunanıstan, Portuqaliya, İrlandiya, İspaniya, hətta İtaliya kimi nəhəng ölkələrin iqtisadi durumu xeyli aşağı düşüb. Nəticədə həmin dövlətlərdə işsizlərin sayı çoxalıb. Böhranın olmasının nəticəsidir ki, avrozona dövlətlərində səhmlərin və müəssisələrin qiymətləri də aşağı enib. Böhrandan çıxmağa çalışan ölkə hökumətləri dövlət xərclərini və insanların gəlirlərini azaltmaq yolu tutub ki, bu da vətəndaşlar arasında kəskin narazılıqla qarşılanır. Ekspertlər hesab edir ki, avrozonada baş verən böhran birmənalı şəkildə dünya iqtisadiyyatında yeni bir mərhələnin yaranmasına gətirib çıxaracaq. Böhran dalğası genişlənir. Avrozonanın dünyanın aparıcı iqtisadiyyatına malik məkanlardan biri olduğunu nəzərə alsaq, heç şübhəsiz buradakı vəziyyət "iks" vəziyyətinə təsir göstərməkdədir. Lakin son illər baş verən qlobal maliyyə böhranlarının ABŞ-dan öz başlanğıcını götürdüyünü də diqqətdən qaçırmamalıyıq. Ötən əsrin 20-ci ilinin sonunda baş verən böhran da həmçinin əsasını Amerikada qoymuşdu. Sonradan isə buradan dünya iqtisadiyyatına yayıldı. Bu baxımdan avrozonada özünü göstərən böhran dünyanın digər məkanlarına da, o cümlədən təbii ki, Azərbaycana da təsir edəcək. Azərbaycan öz valyuta rezervlərinin 30 faizə qədərini avro ilə saxlayırsa, bu zonada böhranın davam etməsi və avronun məzənnəsinin aşağı düşməsi bütün hallarda bizim ölkənin iqtisadiyyatına da təsir edəcək. Avropa ilə ixrac və idxal potensialımız olduqca böyükdür. Bu gün Azərbaycanın ticarət dövriyyəsinin 65 faizi Avropa Birliyinin payına düşür. Bu da kifayət qədər böyük rəqəmdir. Ona görə də avrozonada baş verənlər sözsüz Azərbaycan iqtisadiyyatına təsir göstərəcək və göstərməkdədir.

Araşdırmalar göstərir ki, avronun dəyərdən düşməsinin daha çox mənfi təsirləri mövcuddur. Əvvəla bu, Avropadan Azərbaycana gələn turistlərin ölkəmizdə daha az pul xərcləməsinə səbəb olur. Turistlərin böyük əksəriyyəti Avropa Birliyinə daxil olan ölkələrdən gəldiyi üçün ehtimal etmək olar ki, ödəniş vasitəsi kimi avrodan daha çox istifadə olunur. Belə olan halda, avronun ucuzlaşması sərfəli sayılmır. Məsələn, avropalı turist 100 avronu 3 ay əvvəl 104 manata satırdısa, bu gün artıq 98 manata satır. Bu isə onun ölkəmizdə daha az pul xərcləməsinə səbəb olur. Digər tərəfdən isə avropalı turistlərə satılan mallar və təqdim edilən xidmətlərin qarşılığında ölkəyə daha az vəsait daxil olur. Bundan başqa, Avropa Birliyində fəaliyyət göstərən investisiya şirkətləri Azərbaycan şirkətləri ilə beynəlxalq səviyyəli müqavilələr bağlayıb. Bu müqavilələrin əksəriyyəti də avro ilə hesablanıb. Avronun belə kəskin şəkildə düşməsi həmin layihələrin yenidən dəyərləndirilməsinə və onların da bahalaşmasına gətirib çıxara bilər.
Sizin Reklam Yeriniz