Əlaqə Arxiv
news Image
2015.06.02
10:22
| A A A
Müştərilərini aldadan tikinti şirkətləri
Əliməmməd Nuriyev: “Bəzi hallarda müqavilə elə tərtib edilir ki, bütün öhdəliklər alıcının üzərinə düşür” Əkrəm Həsənov: “Bina tikilməmişdən əvvəl orada pay alan şəxsə mənzil sertifikatı verilməlidir”

Tikinti şirkətlərinin fəaliyyətində olan bir sıra boşluqlardan  daim söz açılır. Onlardan biri də tikintinin vaxtında başa çatdırılmamasıdır.  Bu gün demək olar ki, əksər yeni çoxmənzilli binalar sözügedən taleyi yaşayır. Ancaq buna rəğmən, binada mənzil sahibi olmaq istəyən şəxslərin çoxundan əvvəlcədən pul alınır. Bəs, bu halda mənzili vaxtında əldə edə bilməyən sakin nə etməlidir? 

Hüquqşünas Əliməmməd Nuriyev bildirir ki, bunlar öhdəlik hüquqlarına aid olan məsələlərdir: "Adətən, müqavilədə alıcının və satıcının hüquqları göstərilir. Ancaq bizdə müqavilə öhdəliyi əksər hallarda icra olunmur. Öhdəliklərin icra olunmamasının əsas səbəbi odur ki, həmin müqavilələr çox zaman qeydiyyatdan keçmir. Daşınmaz əmlakın alqı-satqı müqaviləsi bütün hallarda notarial orqanlarda, həmçinin daşınmaz əmlakın reyestr xidmətində qeydiyyatdan keçməlidir. Belə olanda o, hüquqi sənədə çevrilir. O zaman bütün iradlar məhkəməyə təqdim oluna bilər. Amma adətən, alıcı ilə satıcı problemləri razılaşma əsasında həll etməyə çalışır. Çünki, müqavilə şərtlərində göstərilir ki, əgər mübahisələr varsa, razılaşma əsasında həll olunmalıdır. Əgər belə olmursa, məhkəməyə müraciət edilə bilər. Amma ölkəmizdə müştərilər tərəfindən məhkəmələrə üz tutanlar azdır. Məhkəmələrdə isə bunu çox hallarda dələduzluq kimi tövsif edirlər. Yəni, etibardan sui-istifadə etməklə müştərilərin aldadılması baş verir. Ancaq tikinti şirkəti inşaatı vaxtında başa çatdırmayıbsa, alıcı məhkəməyə müraciət etməlidir. O zaman tikinti şirkəti işində məsuliyyətli olar. Bundan başqa, işin vaxtında başa çatması ilə yanaşı, onun keyfiyyətli olması da önəmli şərtdir. Ən əsası, müqavilənin məzmununa diqqət yetirilməlidir. Bəzi hallarda müqavilə elə tərtib edilir ki, bütün öhdəliklər alıcının üzərinə düşür. Eyni zamanda qanunvericilikdə də müəyyən boşluqlar mövcuddur. Məsələn, "müqavilə azadlığı" adlanan anlayış var. Yəni, müqavilə öhdəliyi azaddır. Adətən də, şirkət bu amildən istifadə edir".

İqtisadi məsələlər üzrə hüquqşünas Əkrəm Həsənov mənzil-tikinti kooperativlərinin (MTK) əsl mahiyyəti ondan ibarətdir ki, həmin binada mənzil almaq istəyənlər birləşib, birgə bina tikirlər: "Yəni, demək olmaz ki, binanın hansısa tikinti şirkəti tikir. Ora pul qoyulub kooperativ təşkil olunur və birgə tikilir. Ancaq bina vaxtından gec tikilirsə, pulun kooperativdən geri tələb edilməsi düzgün deyil. Əslində, bunun adı kooperativdir. Reallıqda onlar kooperativ kimi fəaliyyət göstərmirlər. Əslində, bir-iki şirkət təsis edirlər. Guya ora üzvlər qəbul edirlər".

Ekspertin fikrincə, boşluq qanunvercilikdədir: "İkincisi, qanunvercilik icazə verməlidir ki, çoxmənzilli binalar yalnız kooperativlər tərəfindən deyil, başqa şirkətlər tərəfindən də tikilə bilinsin. Bu halda binanın tikənlər pulu götürdüyü insanlar qarşısında məsuliyyəti olar. Vaxtında tikməsələr, pulu verən şəxslər pullarını tələb edə bilsinlər. Ən nəhayət, tikilən çoxmənzilli binalar tikilib tam başa çatmayınca, heç yerdə qeydiyyata alınmır. Əslində, bina tikilməmişdən əvvəl orada pay alan şəxsə mənzil sertifikatı verilməlidir. Həmin sertifikat qiyməli kağızlar üzrə dövlət komitəsi tərəfindən qeydiyyata alınmalıdır. Bu halda artıq həmin mənzili ikinci şəxsə satmaq mümkün olmayacaq".

Sizin Reklam Yeriniz