Əlaqə Arxiv
news Image
2015.06.09
12:40
| A A A
Nəsimi Paşayev: "Sınaq zamanı yeni qatarlarda heç bir texniki nasazlıq aşkarlanmayıb"

Bu gündən  "Bakı Metropoliteni" QSC yeni metro qatarları xəttə buraxıbBu barədə  Movqe.az-a " Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib. N. Paşayevin sözlərinə görə,  qatarlar sınaqdan keçirildikdən sonra istismara buraxılıb. N. Paşayev sınaq zamanı yeni qatarlarda heç bir texniki nasazlığın aşkarlanmadığını, qatarlar istismara tam yararalı olduğu üçün hazırda metro sərnişinlərinin istifadəsində olduğunu bildirib. N. Paşayevin sözlərinə görə, yeni qatarlarda kondisioner sistemi olmaqla yanaşı, sərnişinlərin qatarlararası rahat hərəkəti üçün də imkan var: "İlk növbədə deyim ki, qatar sərnişinlərin komfort şəkildə gediş-gəlişi üçün tam standartlara uyğundur. Köhnə vaqonların sərnişintutma qabiliyyəti 308 sərnişin olduğu halda, yeni nəsil vaqonlarda bu göstərici 330 sərnişindir. Əvvəlki vaqonlarda pəncərə sistemləri sadə birlaylı olduğu halda, indiki vaqonlar ikilaylı paket tiplidir ki, bu da salonda sərnişinlər üçün daha yüksək komfort şərait yaradır. Yeni alınan qatarlar texniki innovasiyalar baxımından 4-cü nəslə mənsubdur. Bu nəsil qatarların idarəedilməsi mikroprosessor əsasında həyata keçirilir. Əvvəlki nəsil qatarlardan fərqli olaraq yeni qatarların dartı mühərrikləri dəyişən cərəyanla (380V-la) işləyir. Əgər əvvəlki nəsil qatarların mühərriklərinin gücü 114 kwt idisə, bu qatarların mühərriklərinin gücü 170 kwt təşkil edir. Köhnə vaqonların çəkisinə gəlincə, bu göstərici baş vaqon üçün 38 ton, aralıq vaqon üçün 36 ton təşkil edirdisə, yeni nəsil vaqonlarda baş vaqonun çəkisi 34 ton, aralıq vaqonun çəkisi isə 29 tondur. Yeni nəsil vaqonların banı paslanmayan dəmirdəndir. Qeyd etdiyim kimi, bu  qatarlarda əvvəlkilərdən fərqli olaraq vaqonlararası birbaşa keçid imkanı mövcuddur. Vaqonlarda üç rejimdə - soyutma, havalandırma və isitmə rejimlərində çalışan klima sistem quraşdırılıb".

Onun sözlərinə görə, yeni qatarlar hazırda Həzi Aslanov - İçəri Şəhər xəttində normal qrafik üzrə hər biri öz marşrutunda işləyir.  N. Paşayev vaqonun salonunda "hərəkətli sətir" sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları quraşdırıldığını da bildirib.  Onun sözlərinə görə, metropolitenin qatar parkının yenilənməsi məqsədilə dəmir yolu infrastrukturunda dünyada aparıcı mövqe tutan, böyük nüfuza malik və "Metrovaqonmaş" Səhmdar Cəmiyyətinin səhmlərinin 25 faizinin sahibi olan Fransanın "Alstom" şirkəti ilə ötən il memorandum imzalanıb. Həmin memorandumun şərtlərinə uyğun olaraq, bu şirkətlə "Bakı Metropoliteni" QSC arasında bağlanan müqaviləyə əsasən, 5 vaqondan ibarət üç qatarın alınması nəzərdə tutulub.

 

Sizin Reklam Yeriniz